Son illərdə kibertəhlükələrin miqyası sürətlə genişlənir və dövlət qurumları, özəl sektor və fərdi istifadəçilər üçün ciddi risklər yaradır. Haker qrupları müxtəlif texnologiyalardan istifadə edərək məlumat oğurluğu, sistemlərin sıradan çıxarılması və maliyyə fırıldaqları kimi hücumlar həyata keçirir.
Azərbaycanda da kibertəhdidlərin artdığı müşahidə olunur. Bu ilin yanvar ayında dövlət qurumlarına qarşı 142 kiberhücum indikatoru müəyyən edilib.
Ümumiyyətlə, 142 kibehücum indikatoru necə rəqəmdir və bu məlumatları hakerlər nə üçün istifadə edə bilərlər?
İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Araz Mustafa Valyuta.az-a bildirib ki, ümumilikdə bu rəqəm ciddi göstəricidir, lakin bütün dövlət qurumlarına aid olduğu üçün hər bir quruma düşən ortalama kiberhücum sayı nisbətən azdır:
“Son bir ildə kiberhücumların artımı yalnız Azərbaycanda deyil, bütün dünyada müşahidə olunur. Bu tendensiyanın əsas səbəbləri arasında informasiya texnologiyalarının sürətli inkişafı, internetin genişlənməsi, informasiya mübadiləsinin artması, eləcə də süni intellekt və avtomatlaşdırılmış hücum texnikalarının təkmilləşdirilməsi yer alır. Bundan əlavə, geosiyasi vəziyyət, kibermüharibə və bəzi dövlətlər və siyasi qruplar tərəfindən dəstəklənən haker qruplarının aktivliyi də kiberhücumların artmasına təsir göstərir”.
“Əməkdaşların kibertəhlükəsizlik biliklərinə xüsusi önəm verilməlidir”
Araz Mustafa qeyd edib ki, kiberhücumların çoxalması həm dövlət, həm də özəl sektor üçün ciddi risklər yaradır:
“Bu təhlükələrin qarşısını almaq üçün müəssisələr kibertəhlükəsizlik strategiyasını hazırlamalı, İT infrastrukturunun risklərini mütəmadi olaraq qiymətləndirməli və əməkdaşların kibertəhlükəsizlik biliklərinə xüsusi önəm verməlidir. Bu yanaşma informasiya resurslarının qorunması və sistemlərin dayanıqlılığının təmin edilməsi baxımından vacibdir”.
“Kiberhücumlar əsasən fərdlərin şəxsi məlumatları...”
Araz Mustafanın sözlərinə görə, Azərbaycanda elektron hökumət və rəqəmsallaşma sahəsində mühüm addımlar atılıb:
“Dövlət xidmətlərinin elektronlaşdırılması idarəetmənin səmərəliliyini artırır, xidmətlərin çeşidini genişləndirir, şəffaflığı təmin edir və vətəndaşlara daha sürətli xidmətlər göstərir. Lakin rəqəmsallaşmanın geniş tətbiqi eyni zamanda kibertəhlükələrin sayının artmasına gətirib çıxarır. Kiberhücumlar əsasən fərdlərin şəxsi məlumatlarının, xüsusilə də maliyyə məlumatlarının ələ keçirilməsinə yönəlir. Hakerlər vətəndaşların şəxsiyyət vəsiqəsi məlumatlarını, telefon nömrələrini və digər identifikasiya vasitələrini əldə edərək müxtəlif maliyyə fırıldaqları həyata keçirə bilərlər.
Bundan əlavə, energetika, nəqliyyat, səhiyyə və təhsil sektorlarında fəaliyyət göstərən qurumlar da kiberhücumların hədəfinə çevrilir. Hücumların məqsədi strateji obyektlərdən məxfi dövlət məlumatlarının əldə edilməsi, elektron xidmətlərin dayandırılması və nəticədə qurumların reputasiyasına zərbə vurulması ola bilər”.
“Rəqəmsal transformasiyanın riskləri böyük olsa da...”
Xüsusilə, İkinci Qarabağ müharibəsi dövründə Azərbaycana qarşı müxtəlif kiberhücumların təşkil olunduğunu deyən Araz Mustafa bildirib ki, bu, müasir müharibələrin təkcə fiziki deyil, eyni zamanda kiberfəzada da aparıldığını göstərir:
“Lakin Azərbaycanın kibertəhlükəsizlik sahəsində həyata keçirdiyi qabaqlayıcı tədbirlər və peşəkar mütəxəssislərin fəaliyyəti nəticəsində bu hücumlar uğursuzluğa düçar olub. Dövlət kibertəhlükəsizliyə daim xüsusi diqqət ayırır. Prezident İlham Əliyevin 28 avqust 2023-cü il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası" təsdiq edilib.
Bu strategiya çərçivəsində həyata keçirilən tədbirlər dövlət qurumlarının kibertəhlükəsizlik sahəsində gücləndirilməsinə, yeni təhdidlərə qarşı mübarizəyə və vətəndaşların məlumatlarının qorunmasına yönəlib”.
“Hazırda bütün dünya rəqəmsal transformasiya mərhələsindədir. Bu prosesin yaratdığı risklər kifayət qədər böyük olsa da, rəqəmsallaşmadan imtina etmək daha ciddi fəsadlara səbəb ola bilər. Buna görə də müasir dövrdə hər bir qurum və müəssisə kibertəhlükələrə hazır olmalı, qabaqlayıcı tədbirlər görməli və müasir texnologiyalara əsaslanan güclü kibertəhlükəsizlik sistemləri tətbiq etməlidir”, - deyə o, vurğulayıb.
Maya Hüseynova