İlham Əhmədov, dosent
ETN E. Əmrullayevin sonuncu brifinqindən təəssuratlar
"Sistemin faktiki vəziyyətini bilənlər təcrübəli, əslində isə necə olmalı olduğunu bilənlər ağıllı, bu dəyişikliyi həyata keçirməyin yollarını bilənlər isə müdriklərdir." (Deni Didro)
Deni Didronun sistem haqqındakı fikrini təhsilimizə tətbiq etsək:
təhsilimizin faktiki vəziyyətini bilənlər çoxdur (yəni, təcrübəlilər) təhsilin əslində necə olmalı olduğunu bilənlər azdır (yəni, ağıllılar), təhsildə dəyişikliyi həyata keçirməyin yollarını bilənlər isə yoxdur (yəni müdriklər).
"Həqiqi müdriklik, nəyi bilmədiyini dərk etməkdən başlayır." – Sokrat
Təhsili böhrandan çıxarmaq üçün müdriklik lazımdır. Yəni, uzunmüddətli böhranda olan və günbəgün tənəzzül edən təhsil sistemini normal duruma gətirmək üçün müdrik təhsil islahatlarına ehtiyac var.
Bunun üçün uzunmüddətli strategiya və dərin islahat proqramları lazlmdır. Belə proqramlar isə elmi tədqiqatlar əsasında yarana bilərdi. Təəssüf ki, bizdə belə deyil.
Təhsil islahatlarında müdriklik nədir?
Təhsildə müdriklik elmi düzgün tətbiq etmək bacarığıdır.
Təhsil islahatında müdriklik, sadəcə dəyişiklik deyil, bu dəyişikliklərin uzunmüddətli təsirlərini dərk edərək, onları cəmiyyətin real ehtiyaclarına uyğun şəkildə həyata keçirməkdir.
Müdrik təhsil islahatlarıı üçün vacib 10 prinsip:
1. Gələcəyə yönəlmək – Müdrik islahat yalnız bu günü deyil, gələcək nəsillərin ehtiyaclarını da nəzərə almalıdır. Qlobal dəyişikliklərə, texnologiyaya və əmək bazarına uyğun çevik və dayanıqlı model qurulmalıdır.
2. Milli dəyərlərlə qlobal standartların balansı – Təhsil sistemi həm milli kimliyi qorumağı, həm də beynəlxalq arenada rəqabətədavamlı olmağı təmin etməlidir.
3. Tənqidi düşüncə və yaradıcılığın təşviqi– Müdrik islahat yalnız faktların öyrədilməsinə yox, şagirdlərin, tələbələrin tənqidi və yaradıcı düşünmə bacarıqlarının inkişafına yönəlməlidir.
Müdrik islahat özü də hər cür tənqidə, müzakirələrə, diskussiyalara, təşəbbüslərə, fərqli və alternativ təkliflərə açıq olmalıdır. Müdriklik nəinki dostlardan, elə düşmənlərdən də öyrənməkdir.
4. Müəllimlərin inkişafına investisiya qoymaq – Yaxşı təhsil üçün əsas şərtlərdən biri güclü müəllim kadrlarıdır. Təhsildə əsas sima müəllimdir, islahat müəllimlərə güvənməlidir. Müdrik islahat müəllimlərin maddi və mənəvi motivasiyasını, onların daim inkişaf etməsi üçün şərait yaradılmasını təmin etməlidir. Müdrik təhsil islahatları maliyyəni müəllimlərin hazırlanmasına, təkmilləşdirilməsinə, fasiləsiz təhsilinə yönəltməlidir, onların imtahan və sertifikasiya edilməsinə yox.
5. Bütün təbəqələr üçün əlçatanlıq– Müdrik islahat hər kəs üçün keyfiyyətli təhsil imkanları yaradır və sosial ədaləti qoruyur. Heç bir uşaq maddi və ya sosial maneələrə görə təhsildən kənarda qalmamalıdır.
6. Reallığa uyğun və tətbiq oluna bilən qərarlar olmalıdır – Kağız üzərində yaxşı görünən, amma praktikada işləməyən islahatlar uğursuzluğa məhkumdur. Müdrik islahat reallıqları nəzərə almalı və tətbiq oluna biləcək mexanizmlər yaratmalıdır.
7. Davamlılıq və siyasi neytrallıq– Təhsil siyasəti qısa müddətli siyasi maraqlardan uzaq, uzunmüddətli strategiyalar üzərində qurulmalıdır. Hər yeni nazir gəldikdə islahatları sıfırdan başlamaq yerinə, ardıcıllıq və davamlılıq təmin edilməlidir.
8. Təhsil islahatları elmə, sistemli tədqiqatlara, innovasiyalara, dünyanın inkişaf trendlərinə əsaslanmalı, zamanı qabaqlamalıdır.
Müdrik təhsil islahatı hər an islahat proqramında korreksiyalar etməyə hazır olmalı, xüsusən də, dünyanın indiki sürətli inkişaf mərhələsində.
9. Təhsil islahatlarının ön sırasında təcrübəsiz menecerlər az, dünya təhsil islahatları təcrübəsini yaxşı bilən alimlər çox olmalıdır.
10. Müdrik təhsil islahatını peşəkarlardan ibarət komanda, normal və şəffaf maliyyələşmə əsasında aparmalıdır.
Müdrik təhsil islahatı əlavə olaraq aşağıdakı məsələləri də əhatə etməlidir.
Texnoloji adaptasiya və rəqəmsal bacarıqlar. XXI əsr təhsili üçün texnologiya mühüm rol oynayır. Təhsil sistemində rəqəmsal bacarıqların artırılması, süni intellektin tətbiqi, interaktiv və fərdi təhsil metodlarının inkişafı vacibdir.
Universitet-tədqiqat əlaqələri– İslahatlar aparılarkən akademik institutlar və elmi tədqiqatlarla sıx əlaqələr qurulmalıdır ki, qərarlar təcrübə və dəlillərə əsaslansın.
Praktiki biliklərə yönəlmək– Təhsil yalnız nəzəri bilik verməməli, eyni zamanda praktiki bacarıqları da formalaşdırmalıdır. İş dünyası ilə təhsil müəssisələri arasında əlaqə gücləndirilməlidir.
İdarəçilikdə şəffaflıq və hesabatlılıq. Təhsil sistemində islahatların uğurlu olması üçün şəffaflıq və ictimaiyyətin bu prosesdə iştirakını təmin edən mexanizmlər yaradılmalıdır.
Bu prinsipləri həyata keçirmək üçün bizdə real siyasi və akademik iradə varmı?
Əgər təhsil islahatlarında müdriklik yoxdursa, təkcə dəyişiklik etmək kifayət deyil, çünki bu dəyişikliklər qısa müddətli təsir göstərəcək və nəticədə sistemin böhranı daha da dərinləşəcək.
Sizin fikrinizcə, bu prinsiplərdən hansı daha aktualdır? Hazırkı təhsil islahatlarında ən böyük problem nədir?
Təhsil islahatları prosesində sizcə daha hansı prinsiplərə və hansı problemləri həll etməyə ehtiyac var?
Demokratikmusavat.com