RU

Arif Əsədov: "Yerli məşqçilərə güvənmək vacibdir, amma onlar da etimadı doğrultmalıdırlar"

Millinin sabiq çalışdırıcısı Canni De Byazinin gedişindən sonra müvəqqəti olaraq yığmaya rəhbərlik edən və oynatdığı futbolla ictimaiyyətin rəğbətini qazanan Arif Əsədov U-21-in baş məşqçi postuna əsas namizədlərdən biri sayılır. Gənclər arasında dünya və Avropa çempionu ilə əlaqə saxlayıb gündəmdə olan suallara aydınlıq gətirməyə çalışdıq. 

Onun Fanat.Az-a müsahibəsi belə alındı:  

- Arif müəllim, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının 2025-2027-ci il Avropa çempionatının püşkü atılıb. Millimizin də daxil olduğu qrupda Portuqaliya, Çexiya, Şotlandiya, Bolqarıstan və Cəbəllüttariq yığmaları yer alıblar. Rəqibləri və yanslarımızı necə dəyərləndirirsiniz?
- Millimiz beşinci səbətdə yer almışdı. Bu da onu göstərir ki, rəqiblərin çoxunun üst səbətlərdən olacağı öncədən bəlli idi. Zəif yığmaları gözləməyə dəyməzdi. Hətta sonuncu səbətdən Cəbəllüttariqin əvəzinə daha güclü komanda düşə bilərdi. Qrupa nəzər yetirsək, Portuqaliyanı çıxsaq, daha balanslı qrup alınıb. Heç kimdən çəkinmədən hazırlaşmaq və layiqli çıxış etmək lazımdır. 

- Təqvim də artıq bilinir. 
- İlk dörd turda ardıcıl oyunların ilk qarşılaşmaları səfərdə keçiriləcək. Bu da o deməkdir ki, qrupda yaxşı nəticə göstərmək naminə strateji planlaşdırma vacib rol oynayacaq, dördgündənbir baş tutacaq görüşlərdə ev oyunlarına daha çox üstünlük verilməlidir. 4 tura 6 xal qazanıla bilər. Ardınca səfərdə Cəbəllüttariq yığması ilə oyun olacaq. 5 tura qarşıya 7-9 xal hədəfi qoyulmalıdır. Uğurlu start olarsa, millidə, futbolçularda üzənəinam hissi artar, növbəti oyunlara psixoloji daha rahat hazırlaşmaq olar. Ciddi hazırlaşmaq üçün sentyabra kimi yetərincə vaxt var.

- Yetərincə inamlı danışdınız. Nəzərə alaq ki, yığmalarımız çox zəif çıxışla yadda qalırlar...
- Həmkarlarımın işini müzakirə etmək istəmirəm. Zəif çıxışların obyektiv, subyektiv səbəbləri var. Uğursuzluqdan nəticə çıxarıb gələcəyi düşünmək lazımdır.

- Futbolçu potensialı var? Unutmayaq ki, legioner limitinin ləğvi qərarından sonra yerli, əsasən də gənc futbolçulara daha ağır olacaq. 
- Futbolçu potensialı yox deyil. Çətinlikləri göz önünə alıb çəkinmədən nələrsə edilməlidir. Bunun üçün U-21 və aşağı yaş qrupu üzrə yığmalar üçün mütəmadi təlim-məşq toplanışları, xaricdə güclü həmyaşıdları ilə yoxlama oyunları təşkil olunmalı, sistemli iş görülməlidir. Ümumiyyətlə, aşağı yaş qrupları üzrə yığmalar eyni sistemlə çalışmalıdırlar. Belədə, futbolçular üçün də rahat olur və yaş artdıqca onlardan nə istənildiyi bilinir. Yığmalar əlaqəli olmalı, məşqçilər fərqli oyun modellərinə üstünlük verməməli, eyni xətt üzrə çalışılmalıdırlar.

- Bugünlərdə "CBC Sport" telekanalında qonaq olarkən AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev aşağı yaş qrupları üzrə millilərdə yerli məşqçilərə üstünlük veriləcəyini qətiyyətlə bildirdi.
- Üstünlüyün kimlərə verilməsindən asılı olmayaraq, AFFA-nın bu addımı alqışlanasıdır. Yerli məşqçilərə güvənmək vacibdir, onlar da etimadı doğrultmalıdırlar. 

- Yeri gəlmişkən, U-21-ə əsas namizədlərdən biri kimi sizin adınız hallanır. Milli komandada çalışmısınız və son qələbə də Qazaxıstan üzərində qazanılıb. Belə təklif olarsa, münasibətiniz necə olar?
- Mənim milli komandaya müvəqqəti rəhbərlik etdiyim oyunlar və yada saldığınız son Qazaxıstan üzərində qələbə barədə hazırda millinin baş məşqçisi olan Fernandu Santuşun da fikirləri müsbətdir. Santuş deyib ki, Arif Əsədovun əməyindən köməkçi kimi istifadə edilməməlidir, onu baş məşqçi kimi görürəm. Millidən ayrılmağımın səbəbi bu olub və fəaliyyətimə verdiyi dəyərə görə portuqaliyalı mütəxəssisə minnətdarlığımı bildirirəm. Sualınıza gəlincə, limit aradan götürüləndən sonra əsas istiqamət U-21-ə yönəldilməlidir. Bu yaş qrupu əsas milli yolunda son keçid mərhələsidir. 21 yaşlı futbolçular elə hazırlıq mərhələsi keçməli, qruplarda layiqli çıxış etməlidirlər ki, əsas milliyə hazır vəziyyətdə gəlsinlər. Dəvət olunacağı, etimad göstəriləcəyi halda, bu missiyanı öz üzərimə götürməyə hazıram. 

 - "Neftçi"də baş məşqçi çalışdığınız dönəmlərdə də gənc futbolçulara üstünlük vermisiniz, əvəzedici və əsas komanda ilə çempionluq qazanmısınız. Eynilə futbolçu kimi də bütün yaş qruplarını keçmisiniz, gənclər arasında dünya və Avropa çempionusunuz. Qeyd etdiniz ki, yaş qrupları üzrə yığmalar eyni xətt üzrə çalışmalıdırlar. Bunu bir qədər açıqlayardınız...
- Gənclərə vaxtında şans verilməyəndə, düzgün seçimlər edilməyəndə, istedadlı futbolçular özlərinə inamı itirirlər. 17-20 yaş aralığı futbolçuların gələcəyi üçün çox həssas, böyük futbola keçid dönəmidir və xüsusi diqqət tələb edir. Biz zamanında bunları keçmişik və bizə göstərilən etimadın, fədakarlığın sayəsində dünya miqyasında heç kimdən çəkinməmişik. Ancaq qələbələri düşünmüşük və sistemli şəkildə görülən işlər hesabına futbolçu olaraq nailiyyətlər  qazanmışıq. Sonrakı illərdə məşqçi olaraq gənc futbolçulara keçdiyim yolu aşılamışam. Aşağı yaş qrupları üzrə milliləri xaotik yox, eyni futbol fəlsəfəsi ilə çalışmalı, daimi əlaqədə olmalıdırlar. Yeni strategiyada seçmə mərhələdə çıxış edən millilərimizlə yanaşı, digər yaş qrupları üzrə yığmaların da fəaliyyəti nəzərdə tutulub. Əvvəlki illərdə də belə hallar olub. Yeni mərhələdə bütün bunlar vahid sistem altında birləşməlidir. Belə olarsa, futbolçular da "artırar", nəticələr də özünü çox gözlətməz.

Nihat

Избранный
11
fanat.az

1Источники