"Araz-Naxçıvan" Premyer Liqanın 22-ci turunda öz meydanında "Kəpəz"lə 0:0 hesablı heç-heçə edib.
Sportinfo.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Ağır oyun alındı. Hər iki komanda mübarizə apardı. Çoxlu epizodlara girdik. Sadəcə dəyərləndirə bilmədik. Yolumuza davam edirik. Çalışıb daha da artığını etməliyik ki, qarşıdakı matçlarda istədiyimiz nəticələrə gəlib çataq.
- Ramon Maçadonun yoxluğu oyununuza nə dərəcədə təsir etdi? Ayyub Allaş meydana daxil olana qədər sanki hücumda effektivlik görünmürdü...
- Desəm ki, təsir etmir, yalan danışmış olaram. Maçado önəmli oyunçumuz olduğundan hücumlar daha çox onun üzərində qurulur. Optimist olmalıyıq. Hər futbolçu onu layiqincə əvəzləməyə hazırdır. Ayyuba gəldikdə, 2 gündür bizə qoşulub. Ona da vaxt lazımdır.
- Komandada olan futbolçu sayı həm kubokda, həm də Premyer Liqada istənilən məqsədə çatmaq mənasında rotasiyalar etmək üçün əlverişlidir, yoxsa bunun üçün daha geniş heyət lazım idi?
- Hər iki cəbhədə oynamağa çalışacağıq. Futbolçularıma güvənirəm, inanıram. Bu futbolçularla da istədiyimiz nəticəni əldə edərik.