RU

"Rusiya özünü çıxılmaz duruma salır"

“Son vaxtlarda, xüsusən də AZAL təyyarəsinin vurulması hadisəsindən sonra Rusiya tərəfindən Azərbaycana qarşı heç bir arqumentə əsaslanmayan iddialar səsləndirilir. Rusiya tərəfinin səsləndirdiyi bu absurd iddialar daha çox “öz gözündə tiri görməyib, başqasının gözündə tük axtarırlar” və yaxud da “adımı sənə qoyum, səni də yana-yana qoyum”  zərb məsəlini xatırladır. İstintaq araşdırmaları da sübut etdi ki, AZAL təyyarəsinə qarşı hücumu Rusiya tərəfi törədib. Rusiya tərəfi törətdiyi cinayətə görə, Azərbaycan və hadisələrin qurbanlarının ailələrindən üzr istəmək əvəzinə, hər vəchlə məsuliyyətdən boyun qaçırmağa çalışır”.

Bunu Paralel.az -a açıqlamasında deputat Kamran Bayramov deyib

Deputat bildirib ki, xüsusən də rusiyalı deputat Nikolay Valuyevin Azərbaycan və xalqımıza qarşı işlətdiyi təhqiramiz ifadələr, o cümlədən ölkəmizə qarşı təhdid xarakterli fikirləri tamamilə qəbuledilməzdir. “Valuyev kimilərin belə açıqlaması iki ölkə arasında baş verən gərginliyin aradan qaldırılmasına deyil, əksinə, daha da dərinləşməsinə “yanan odun üzərinə benzin tökməyə” bənzəyir. Bu insanlar bilməlidirlər ki, bu cür hədyan çıxışları ilə təmsil etdikləri ölkənin beynəlxalq imicinə zərbə vurmuş olurlar. Ukrayna müharibəsi səbəbindən onsuz da Rusiya beynəlxalq aləmdə küncə sıxılmış durumadadır. Rusiyanın dünyanın çox az sayda ölkələri ilə normal münasibətləri mövcuddur ki, onlardan biri də Azərbaycandır. Azərbaycan şimal qonşusu ilə normal münasibətlərin qurulmasında maraqlı olsa da, təəssüflə qeyd etmək lazımdır ki, Rusiyadakı bəzi qüvvələrin və insanların məsuliyyətsiz, təxribatçı fəaliyyəti nəticəsində ikitərəfli münasibətlərə ciddi xələl gəlir. Bu isə öz növbəsində sanksiyalar və beynəlxalq təzyiqi altında olan Rusiyanı daha pis çıxılmaz duruma salır”, - deputat qeyd edib.

O əlavə edib ki, Rusiya tərəfi bu yanlış yoldan nə qədər tez dönsə, bir o qədər onların xeyrinə olar. “Əks təqdirdə bundan daha çox itirən tərəf Rusiya özü olacaq”, - o qeyd edib.

Bakıdakı “Rus evi”nin fəaliyyətinin dayandırılması ilə bağlı məsələdən danışan deputat bildirib ki, bununla bağlı Azərbaycan tərəfinin rəsmi mövqeyi var və əlavə şərhə ehtiyac yoxdur. “Qanunsuz fəaliyyət göstərdiyi üçün Azərbaycan tərəfi “Rus evi”nin bağlanmasını təklifini irəli sürüb. Məsələ ilə bağlı “Rossotrudniçestvo” Agentliyinin rəhbəri Yevgeni Primakov deyib ki, hüquqi şəxs kimi "Rus Evi"ni qeydiyyatdan keçirmək üçün Azərbaycan qanunvericiliyində tənzimləyici mexanizm yoxdur. Belə olan halda Rusiya tərəfinin Azərbaycana qarşı hər hansı iddiasının əsası yoxdur”, - o qeyd edib.

Mürtəza
Paralel.az

Избранный
9
5
paralel.az

6Источники