RU

Əfv komissiyasının iclasları başlayır. Ciddi nəticə gözlənirmi?

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclaslarının yenidən bərpa ediləcəyi və növbəti əfv sərəncamının imzlanacağı gözlənir.

Sonuncu belə sərəncam ötən il mayın 25-də, Müstəqillik Günü (28 may) ərəfəsində imzalanmışdı. Sərəncam 154 nəfərə şamil edilmişdi. Onlardan 63 nəfər azadlıqdan məhrumetmə cəzasından azad edilmiş, 52 şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmışdı. Qalanları isə, əsasən, elektron qolbaqdan azad edilib və ya belə cəzanın azaldılmasını əhatə edirdi.

Hüquq müdafiəçilər isə bildirmişdi ki, onların siyasi məhbus kimi tanıdıqları şəxslərin heç birinin adı həmin sərəncama düşməyib.

Son illərdə əfv sərəncamlarında kiçik sayda siyasi məhbus sayılan şəxslər azad edilib.

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev "Turan"a bildirib ki, fevralın 12-də onların iclasları başlayır. Onun sözlərinə görə, komissiya daxil olan müraciətlərə baxacaq, lakin əfv sərəncamının nə vaxt imzalanacağı bəlli deyil: "Bu, cənab prezidentin səlahiyyətindədir. Nə qədər iclas keçiriləcək, nə qədər müraciət var, bununla bağlı heç bir məlumata malik deyiləm. Əgər Əfv Komissiyasının iclasları başlayırsa, bu il ərzində əfv sərəncamı gözlənilə bilər".

Hüquq müdafiəçisi Asif Yusifli isə AzadlıqRadiosuna deyib ki, əslində əfv sərəncamları kosmetik xarakter daşıyır: "Hətta əvvəlki illərdə üç-beş siyasi məhbus buraxıb digərlərini həbsdə saxlayıblar".

O, hazırda həbslərin davam etməsinə diqqət çəkir: "Bir neçə gün bundan əvvəl jurnalistlər Şəmşad Ağa və Şahnaz Bəylərqızı həbs olunub. Bundan əvvəl də MeydanTV ilə əməkdaşlıq edən jurnalistlər həbs edilmişdi. Proses elə gedir ki, hökumətin buraxmaq istədiyinə ümidlər yoxdur".

A.Yusiflinin fikrincə, əfv sərəncamı siyasi məhbus kimi tanınan az sayda şəxsləri əhatə edə bilər: "Buraxsalar da, çoxdan tutulmuş və həbs müddətinin bitməsinə az qalmış üç-beş nəfərin adlarını əfv sərəncamına salacaqlar. Hakimiyyətin addımları göstərir ki, əfv sərəncamı ciddi sayda siyasi məhbuslara şamil edilməyəcək".

Ümumilikdə 2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20 civarında jurnalist qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Amma onların hamısı ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər. Sonradan onlardan bir çoxunun ittihamı ağırlaşdırılıb.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 330 civarında çox siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir. Onların deməsinə görə, həmin siyahılarda yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Amma beynəlxalq insan haqları qurumları hökuməti haqsız tutulanları azad etməyə çağırır.

 

Избранный
21
turan.az

1Источники