RU

İrəvan 4 min itkin azərbaycanlı haqda məlumatları inadla gizlədir- son görüş də nəticəsiz qaldı...

Image

Azərbaycan-Ermənistan dövlət sərhədində Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Ermənistanın Əsir düşmüş, saxlanılmış və itkin (yeri məlum olmayan) şəxslər üzrə idarələrarası komissiyasının nümayəndələri arasında görüş keçirilib. 

Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Bildirilib ki, görüşdə itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsinə dair fikir mübadiləsi aparılıb və komissiyalar arasında ikitərəfli əsasda müzakirələrin davam etdirilməsi barədə razılıq əldə olunub.

Burda yalnız komissiyalar arasında ikitərəfli əsasda müzakirələrin davam etdirilməsi barədə razılığa gəlinib, Ermənistan yenə də Azərbaycan tərəfə əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarımızın taleyi ilə bağlı heç bir məlumat verməyib. 

Yeri gəlmişkən, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 01.08.2024-cü il tarixinə olan məlumatlara əsasən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3 min 968 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb, onlardan 3 min 962 nəfəri Birinci Qarabağ müharibəsində, 6 nəfəri isə Vətən müharibəsində itkin düşüb. 3 min 968 nəfərdən 3 min 202 nəfəri hərbçi, 766 nəfəri mülki şəxslərdir. Mülki şəxslərdən 69 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 283 nəfəri qadın, 334 nəfəri ahıl yaşlı şəxs olub.

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 872 nəfər, o cümlədən 29 uşaq, 98 qadın və 112 ahıl yaşlı şəxs əsir-girov götürülüb. Ermənistan bu şəxslərin saxlanılması faktını beynəlxalq təşkilatlardan gizlədərək onların sonrakı taleyi barədə məlumat verməkdən müxtəlif bəhanələrlə boyun qaçırır.

Əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı indiyə qədər Azərbaycanla Ermənistan arasında nələr baş verdiyi, qarşı tərəfin pozuculuq davranışı sərgilədiyi məlumdur. Faktiki olaraq, Azərbaycan dövləti ən müxtəlif səviyyələrdə əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarımızın taleyinə aydınlıq gətirilməsi üçün Ermənistana müraciət edib, Ermənistan bu müraciətlərə yayındırıcı münasibət göstərib. Biz bunu idarələrarası komissiya üzvlərinin son görüşündən də aydın gördük və görüşün nəticəsiz başa çatması bir daha sübut etdi ki, Ermənistan tərəfi Azərbaycana informasiya vermək istəmir, müxtəlif bəhanələrlə bundan yayınır. Belə olmasaydı, Ermənistan rəhbərliyi öz vədinə əməl edər və Azərbaycan vətəndaşlarının nəməlum taleyinə aydınlıq gətirər, onların nə qədərinin öldürüldüyünü, nə qədərinin hələ də əsir, girov kimi saxlanıldığını etiraf edərdi. 

Xatırlatmaq istəyirik ki, 2022-ci ilin fevral ayının 4-də Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Makronun, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən dördtərəfli görüşdə məhz əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı məlumat mübadiləsi barədə razılığa gəlinmişdi. 

Həmin görüşdə Prezident İlham Əliyev Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinin, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi barədə məsələ qaldırmışdı.  

Prezident vurğulayırdı ki, Birinci Qarabağ müharibəsi zamanı 71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla ümumilikdə 3890 Azərbaycan vətəndaşının itkin düşüb. 

Dördtərəfli görüşdən 3 il keçməsinə baxmayaraq, hələ də Ermənistan tərəfi bu istiqamətdə hər hansı bir addım atmayıb, əksinə, pozuculuq fəaliyyətini daha da gücləndirib. 

Torpaqlarımız işğaldan azad olunandan sonra tikinti-bərpa işləri aparılarkən ərazilərimizdən kütləvi məzarlıqlar aşkarlanmağa başladı. Keçən ilin avqust ayına olan məlumatlara görə, Ermənistan işğalından azad olunmuş ərazilərdə aparılmış qazıntılar zamanı 18 kütləvi məzarlıq aşkarlanıb və həmin məzarlıqlardan 169 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları müəyyən olunaraq istintaq orqanlarının nümayəndələrinin iştirakı ilə ekshumasiya edilib. Həmin meyit qalıqlarının eyniləşdirilməsi prosesində onlardan 59 nəfərinin Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid olduğu müəyyənləşib.

2023-cü ilə aid rəsmi məlumata görə isə, azad edilmiş ərazilərdə aşkarlanmış kütləvi məzarlıqlardan 500-ə yaxın insan qalığı tapılıb. İndiyə qədər Xocavənd rayonunun Edilli kəndindən, Xocalı rayonu ərazisindəki Fərrux yüksəkliyindən, Xocalıdan, Şuşadan, daha neçə başqa yerlərdən kütləvi məzarlıqların aşkar edilməsi onu göstərir ki, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarımızın xeyli bir hissəsi xüsusi amnsızlıqla qətlə yetirilib, əl-ayaqları bağlı şəkildə kütləvi olaraq basdırılıblar. Məsələ burasındadır ki, faktlar ortada olduğu halda Ermənistan buna heç bir reaksiya vermək və etdiyi cinayətləri etiraf etmək istəmir. 

Beynəlxalq aləm də Ermənistana çağırış etmir ki,  2022-ci ildə dördtərəfli (Azərbaycan, Ermənistan, Fransa və Avropa Birliyi rəhbərlərinin görüşü) videoformatda keçirilən görüşündə ilk dəfə əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla bağlı məlumat mübadiləsinin həyata keçirilməsinə razılıq veribsən, vədinə əməl etməlisən.  

Bəli, Ermənistan həmin görüşdə söz verdi, razılaşdı ki, əsir və itkin düşmüş, girov götürülmüş insanların taleyi ilə bağlı məlumat mübadiləsi aparılsın. Amma Paşinyanın vədi söz olaraq qaldı. Ermənistanın bu məsələdə tutduğu mövqe onu deməyə əsas verir ki, bu ölkə əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı məsələrə biganə yanaşır, onun bu görüşlərdə iştirakı yalnız gözə kül üfürməyə xidmət edir. Belə görüntü yaratmaq istəyirlər ki, onlar guya bu məsələdə maraqlıdırlar, bu istiqamətdə məlumat mübadiləsi aparmaq istəyirlər, hətta qurumlararası komissiyaların görüşündə də iştirak edirlər. Amma göründüyü kimi, bunlar hamısı baş qatmaqdan, Ermənistanın özünü və dünyanı aldatması cəhdindən başqa bir şey deyil. Bu da gizlin deyil ki, Ermənistan Azərbaycanla bu məsələdə məlumat mübadiləsi apararsa özünün bütün cinayətlərini ortaya qoymuş olacaq. Paşinyan hökuməti hələ özündə bu gücü, iradəni tapa bilmir ki, gerçəyi ortaya qoysun, Birinci Qarabağ müharibəsində əsir və itkin düşən, girov götürülən azərbaycanlıların taleyi barədə Azərbaycana məlumatları təqdim etsin. 

Görüşlərin nəticəsiz başa çatmasının məsuliyyəti birbaşa Ermənistanın üzərinə düşür.  Ermənistanın informasiya verməkdən yayınmasa və pozuculuq siyasətini davam etdirməsə biz barəsində məlumat olmayan vətəndaşlarımız haqda  informasiyalar ala biləcəyik. Hələ ki, Ermənistan məsuliyyətdən yayınır, dördtərəfli görüşdə əldə olunan razılığa əməl etməkdən boyun qaçırır... Bütün bunlara baxmayaraq, Azərbaycan tərəfi bu istiqamətdə səylərini davam etdirir, vətəndaşlarının nəməlum qalan taleyini aydınlaşdırmaq üçün lazımi addımları atır.

İradə SARIYEVA 





Избранный
37
baki-xeber.com

1Источники