RU

Dünyaca məşhur alim: "Bu yaşda insanlar reallıqdan çox, xatirələrdə yaşayır"

Bu gün Azərbaycanın dünyaca məşhur alimi Rafiq Əliyevin 83 yaşı tamam olur. O, 1998-ci ildən indiyə kimi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Corciya Dövlət Universitetinin (Atlanta, ABŞ) MBA proqram direktoru, 2001-dən indiyə kimi isə bu universitetlərin BBA proqram direktorudur.Rafiq Əliyevin Azərbaycan və bir sıra xarici ölkələrdə informatika və idarəetmə sahəsində elmi-tədqiqat işlərinin təşkilində böyük rolu olub. Azərbaycanda, Rusiyada, Almaniyada və İranda 130-dan çox elmlər namizədi, 25 elmlər doktoru hazırlayıb. Tələbələri hazırda təkcə Azərbaycanın elm mərkəzlərində deyil, digər ölkələrdə də (ABŞ, Almaniya, Türkiyə, Rusiya, İran və s.) fəaliyyət göstərirlər. Onun bilavasitə rəhbərliyi və iştirakı ilə Avropanın bir sıra ölkələrində, Özbəkistanın Daşkənd şəhərində, Türkiyənin Antalya şəhərində beynəlxalq elmi konfranslar keçirilir. R. Əliyev informatika və idarəetmə, süni intellekt, qeyri-səlis məntiq və "Soft Kompyuting"ə həsr olunmuş 70-ə yaxın kitabın, 350-dən çox elmi məqalənin müəllifidir. Tanınmış alim doğum günündə Moderator.az-ın suallarını cavablandırdı.  - Rafiq müəllim, yeni yaşınızı təbrik edirik! - Hər il olduğu kimi, özəl günlərimizi Moderator.az saytı ilə bölüşürük. Bu sayt mənim üçün doğmadır.  - Rafiq Əliyevin yeni yaşından gözləntiləri nələrdir?  - İnsan yaşa dolduqca qəribə bir hissə qapılır. Bilirsiniz, yaş məsələsi bir az qəliz məsələdir.  Mən öz müəllimimi - Lütfizadəni doğum günlərində təbrik edəndə deyərdi ki, bilmirəm sevinim, yoxsa kədərlənim. Çünki ömür binasından bir  kərpic də düşdü, amma hər yaşın özünün bir üstünlüyü də var. - Nədir o üstünlüklər? - İnsan yaşa dolduqca tanrı onu sınağa çəkir. Bu mənada ki, görəsən, əqidəsini dəyişməyəcək ki, sınmayacaq ki? Bu baxımdan, belə əqidəsizlik mənə qismət olmadı. Ömrümün heç bir çağında nə əqidəmə qarşı çıxdım, nə sındım, nə də əyildim. - Yeni yaşınızda sizdən nələr gözləyək? - İnşallah ömür vəfa etsə, yeni nəzəriyyə üzərində çalışıram, Allah qismət etsə, onu təqdim edəcəm. Bu, bir növ qeyri-səlis məntiqin genişləndirlməsi olacaq. - Rafiq müəllim, həyata keçməyən arzularınız varmı? - O qədər... - Birini deyə bilərsiniz? -  Arzular çoxdur. Onlardan ən önəmlisi Azərbaycanın imzasını dünyada imzalar içində görməkdir.  - İnsan yaşa dolduqca doğulduğu torpaqda yaşamağa can atır. Siz necə? - Mənim yaşıma çatanda görəcəksiniz ki, bu yaşda insanlar reallıqdan çox, xatirələrdə yaşayırlar. Mən Ağdama  getdikdə xatirələrim zədələndi. O xəyallarımdakı Ağdamı görə bilcəmmi bilmirəm, inanmıram. Orada ikili hiss yaşadım. Birinci ən gözəli idi. Çünki uzun ayrılıqdan sonra torpağımda idim. 30 ildir həsrətlə gözlədiyim torpağıma, qibləgahım hesab etdiyim Ağdamıma qovuşdum. Amma… İkinci hissim məni çox məyus etdi. Hər insanın elə bir yaş dövrü  olur ki, ancaq xatirələrlə yaşayırsan. Yaşamaqla kifayətlənmirsən, yaşadırsan. Bax mən Ağdamı yaşatmışdım. Amma gördüklərimdən sonra o xatirələrim zədə aldı. Mənim xatirələrimdəki indi gördüyüm o Ağdam deyildi. Ola bilər ki, hazırda modern üslubda yenidənqurma işləri aparılsın, lap elə Nyu-York olsun, amma mənim xatirimdəki Ağdam heç vaxt olmayacaq. Mən oxuduğum məktəb mənim bir nömrəli məktəbimdir.  Tam mübaliğəsiz deyirəm ki, Azərbaycanda 3-4 sayılıb-seçilən məktəb varıydısa, onun biri də 1 saylı məktəb - Abbas bəyin məktəbi idi. Bütün göstəricilərinə görə…  ...50-ci illərdə  insanlarda dürüstlük vardı. Cəmiyyətdə olan əxlaq indiki qədər aşılanmamışdı. Biz məktəbdən nahara gələrdik. Qayıdardıq ki, müəllimlər bizdən tez gəliblər məktəbə. Dərnəklər varıydı. Müəllimlər bizimlə qalıb təmənnasız olaraq əlavə məşğul olardılar. İnsanlarda gələcəyə inam və sayğı varıydı. Bizim məktəbi Xudu Məmmədov, Ədilə Namazova, Cahid Quliyev, Cəmil Quliyev, Teymur Hacıyev, Şakir Kərimov kimi şəxsiyyətlər bitirmişdi… Məktəbin 100 illiyi ilə bağlı keçirilən tədbirdə kimləri görmədim... Təəsüf ki, o insanların bir çoxu indi dünyada deyillər…

Избранный
12
1
turanpress.com

2Источники