“Liverpul”un sabiq müdafiəçisi Deyan Lovren hücumçu Məhəmməd Salahın gələcəyi ilə bağlı fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, Lovren, “Liverpul”la hazırki sözləşməsi cari mövsümün sonuna qədər olan misirli forvardın klubdan kifayət qədər dəyər görmədiyini bildirib:
“Salahla vaxtaşırı əlaqə saxlayırıq. Çox şeyi bildiyim üçün dediklərimə diqqət etməliyəm. Mən dəqiq rəqəmləri bilmirəm, amma Salah nə istəsə də, düşünürəm ki, o, meydandakı işi ilə buna layiqdir. Bəziləri onun artıq 33 yaşında olduğunu söyləyəcək, amma yaşına baxmayın. Ronaldo hələ 40 yaşında oynayır. Ümid edirəm ki, Salahla bağlı məsələ həll olunacaq. Amma indi o, müqaviləni yeniləməkdənsə, ayrılmağa daha yaxındır. Bir dəfə onunla danışdım və belə qənaətə gəldim ki, klub ona kifayət qədər hörmət etmir. Son 5-6 ildə belə statistikaya malik futbolçu olmayıb. Salahın yerində Messi və ya Ronaldo olsaydı, hər gün onun müqaviləsi ilə bağlı söhbətlər eşidərdik”.