RU

Cənubi Koreya kəşfiyyatı: Minlərlə şimali koreyalı Rusiyada işləməyə göndərilib

Pekin, 10 fevral, AZƏRTAC

Cənubi Koreya kəşfiyyatı ötən il minlərlə şimali koreyalı işçinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olaraq Rusiyada işləməyə göndərilməsinə dair məlumatlara sahib olduğunu açıqlayıb.

AZƏRTAC Cənubi Koreya mediasına istinadla xəbər verir ki, Milli Kəşfiyyat Xidməti şimali koreyalı fəhlələrin ucuz işçi qüvvəsi kimi Rusiyanın müxtəlif regionlarında əsasən tikinti sahələrində çalışdıqlarını bildirib. Qurum iddia edir ki, şimali koreyalı fəhlələrin Rusiyada əmək fəaliyyətinə cəlb olunması Ukrayna müharibəsi ilə bağlı ölkədə müşahidə olunan işçi qüvvəsi çatışmazlığı ilə bağlıdır.

Milli Kəşfiyyat Xidməti hesab edir ki, koreyalı fəhlələr tələbə vizası ilə Rusiyaya keçib.

Qeyd edək ki, BMT-nin Təhlükəsizlik Şurası Şimali Koreyanın nüvə-raket proqramı ilə əlaqədar qəbul etdiyi qətnamələrə əsasən bu ölkənin vətəndaşları xaricdə əmək fəaliyyətinə cəlb oluna bilməz. Bəzi media orqanları Rusiyanın statistika qurumuna istinadla məlumat yayıb ki, 2024-cü ildə Şimali Koreyanın 13 min 221 vətəndaşı Rusiyaya gedib. Bu rəqəm əvvəlki illə müqayisədə 12 dəfə çoxdur. Rəsmi məlumata əsasən həmin adamların 8 minə yaxını təhsil məqsədilə Rusiyaya gedib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Избранный
10
1
azertag.az

2Источники