RU

Azərbaycan Universitetində “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər planı hazırlanır

Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamına əsasən 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması ilə bağlı Azərbaycan Universitetində tədbir keçirilib. Tədbirdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində universitetdə keçiriləcək tədbirlər müzakirə olunub.

Bu barədə TƏHSİL.BİZ -ə Azərbaycan Universitetindən bildirilib.

Universitetin rektoru filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva qeyd edib ki, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi Azərbaycanın bütün ərazilərində tam bərqərar olub. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli Sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilib. 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümünü qeyd edəcəyik.

Rektor çıxışında bildirib ki, il ərzində Azərbaycan Universiteti də həyata keçirəcəyi tədbirlərlə “Konstitusiya və Suverenlik İli”nə öz töhfələrini verəcək: “Universitetimizdə həyata keçiriləcək müxtəlifyönümlü tədbirlərin həm xalqımızın birliyinin möhkəmlənməsində, həm də şahidi və iştirakçısı olduğumuz böyük tarixi bir proses haqqında tədqiqatların aparılması və təbliğində böyük rol oynayacağına inanıram”, - deyə rektor əlavə edib.

Ardınca elmi işlər üzrə prorektor, riyaziyyat elmləri doktoru Yusif Qasımov və rektorun müşaviri tarix üzrə fəlsəfə doktoru, dosent Nüşabə Quliyevanın tədbirlər planına dair məruzələri dinlənilib.

Daha sonra rektor struktur bölmə rəhbərlərinin mövzu ilə bağlı təkliflərini dinləyib.

Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.

Избранный
12
3
tehsil.biz

6Источники