Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyənin “Bandırmaspor” klubundan ayrılıb.
Arena.az xəbər verir ki, azərbaycanlı futbolçu bundan sonra TFF 1-ci Liqanın digər təmsilçisi “Çorum”da çıxış edəcək.
Bu barədə onun yeni klubunun sosial şəbəkə hesablarında məlumat verilib. 29 yaşlı dayaq yarımmüdafiəçisi “Çorum”la 1,5 illik (2026-cı ilin 30 iyununadək) müqavilə imzalayıb.
Xatırladaq ki, Coşqun Diniyev ötən mövsümü Türkiyə Birinci Liqasının digər təmsilçisi “Ümraniyəspor”da keçirib. 28 yaşlı azərbaycanlı futbolçu 2024-cü ilin yayında “Bandırmaspor”la 1 illik (2025-ci ilin 30 iyununa qədər) müqaviləyə imza atmışdı. O, bu komandanın heyətində 20 oyun keçirib və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Ümumilikdə 1249 dəqiqə meydanda olan futbolçu bu müddətdə 1 qırmızı vərəqə də alıb.
Qeyd edək ki, hazırda “Bandırmaspor” 37 xalla Birinci Liqanın yarış cədvəlində 5-ci pillədə qərarlaşıb. “Çorum” isə 35 xalla 7-ci sıradadır. “Bandırmaspor” bir neçə gün öncə səfərdə “Çorum”la qarşılaşmış və 0:4 hesabıyla uduzmuşdu. Həmin matçda Diniyev də iştirak etmiş və 90 dəqiqə meydanda olmuşdu.
Coşqun Diniyev daha öncə ölkəmizdə “Qarabağ”, “Zirə”, “Sabah”, “İnter” (indiki “Şamaxı”) kimi klublarda da forma geyinib. O, Azərbaycan milli komandasının da heyətində 28 oyun keçirib.