RU

Ölkəmizin yatırım imkanları artır

Azərbaycan İnvestisiya Şirkəti 4 ildə layihələrə 1,7 milyard manat yönəldib

İqtisadiyyat Nazirliyinin məlumatına görə, son 5 ildə Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) dayanıqlı iqtisadi artıma və xarici investisiyaların cəlb olunmasına xüsusi diqqət yetirərək əsas fəaliyyət istiqamətlərini inamla və uğurla inkişaf etdirib.

AİŞ bu dövrdə müasir korporativ standartların və qabaqcıl idarəetmə təcrübələrinin tətbiqi sayəsində əməkdaşlıq etdiyi bir sıra müəssisələrin fəaliyyətini sağlamlaşdıra və səmərəliyini artıra bilib. Xarici tərəfdaşlarla əməkdaşlıq şirkətin strategiyasının ayrılmaz hissəsinə çevrilib, bu isə beynəlxalq arenada quruma etimadın güclənməsinə səbəb olub.

Əsası 2006-cı ildə qoyulan AİŞ-in son 4 illik fəaliyyətində iqtisadiyyatın əsas sektorlarının transformasiyası və dayanıqlı inkişafa xidmət edən layihələrin həyata keçirilməsi ilə bağlı bir sıra mühüm uğurlar qeydə alınıb. Həmin müddətdə vəsaitlərin yatırıldığı layihələrin ümumi dəyəri 1,7 milyard manata yüksəlib. Bu məbləğin 292 milyon manatı bilavasitə şirkət tərəfindən təsdiqlənmiş investisiya vəsaiti olub. Bundan başqa 476 milyon manat məbləğində birbaşa xarici investisiyanın cəlbi gerçəkləşdirilib.

Xüsusən cəlb edilən vəsaitlərin nisbətini qeyd etmək yerinə düşər: AİŞ-in yatırdığı hər 1 manata görə beynəlxalq və yerli investorlardan, həmçinin maliyyə institutlarından 6,5 manat cəlb olunub. Birbaşa xarici investisiyalar çərçivəsində isə bu nisbət AİŞ-in yatırdığı hər 1 manata 1,62 manat təşkil edib. Bu multiplikator effekti şirkətin investisiya tərəfdaşı kimi yüksək səmərəliliyini nümayiş etdirib.

Cəlb edilmiş investisiyalar 23 layihənin həyata keçirilməsinə, o cümlədən 19 yeni istehsal müəssisəsinin tikintisinə yönəldilib. Bu təşəbbüslər ölkənin istehsal imkanlarını gücləndirməklə yanaşı, növbəti bir neçə il ərzində 2300-ə yaxın iş yerinin yaradılmasına imkan verəcək. AİŞ rəqabətqabiliyyətli və əlavə dəyər yaradan, xüsusilə də ixrac və idxalın əvəzlənməsinə yönəlmiş layihələrdə iştirak edir. Hazırda adıçəkilən şirkət qida və əczaçılıq sənayesi, eləcə də tikinti materialları və geyim sahələrində strateji məhsulların fəal istehsalını həyata keçirməklə iqtisadiyyatın, biznesin və əhalinin həyati önəm daşıyan məhsullarla təmin edilməsini şərtləndirir.

Azərbaycanın səhiyyə infrastrukturunu gücləndirməklə yanaşı, bu gün həm də ölkə daxilində ən üstün beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli tibbi ləvazımatların və dərman preparatların istehsalına imkan yaradan əczaçılıq layihələrinə investisiyaların ayrılmasına xüsusi diqqət yetirilir. Bu tərəfdaşlığa nümunə kimi “Diamed” şirkətlər qrupu ilə əməkdaşlıq çərçivəsində müəssisələrin istifadəyə verilməsi layihələrini qeyd etmək olar. Müəssisələrdən biri birdəfəlik şprislərin, digəri isə natrium xlorid, ringer laktat və qlükoza kimi həyati əhəmiyyət daşıyan venadaxili infuziya məhlullarının istehsalı üzrə ixtisaslaşıb.

Sadalananlardan əlavə sözügedən şirkətin Azərbaycanın digər regionlarının da iqtisadi inkişafı üçün həyata keçirdiyi mühüm layihələri qeyd etmək önəmlidir. Balakən rayonunda “Balkhoorma” və “Balacans Agro Food” zavodlarında quru meyvələr istehsal olunur. Həmin layihələr yerli istehsalçılara dəstək verir, istehsal olunan məhsullar isə regionun, o cümlədən bütünlükdə ölkənin ixrac potensialının artırılmasına kömək edir.

Ağdam rayonunun Şahbulaq kəndində daş karxanasını, eləcə də Xocalıda bərpa edilmiş sement zavodu da əsas layihələr sırasında yer alır. Bu müəssisələrdə buraxılan tikinti daşı və sement işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa işlərində istifadə edilir. AİŞ, həmçinin Ağdam Sənaye Parkında müxtəlif sənaye sahələrində çalışan işçilər üçün maksimum təhlükəsizlik və rahatlığı təmin edən işçi ayaqqabı istehsal edən “Bafco” fabrikinə də sərmayə yatırıb.

Yevlaxda illik 22 milyon ədəd damazlıq yumurta istehsal gücünə malik zavodun birinci fazasının tikintisi başa çatıb. Bu layihə yüksək keyfiyyətli və münasib qiymətə damazlıq yumurtaların istehsalı ilə ölkənin idxaldan asılılığının azaldılması və ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır.

Hazırda Azərbaycanda iqtisadiyyatın strateji sahələrinin inkişafına yönəlmiş bir neçə layihənin tikintisi yekun mərhələdədir. Ölkəmizdə geniş çeşiddə dərman preparatları istehsal edən zavodun tikintisi bu baxımdan diqqət çəkir. Burada Türkiyənin ən böyük dərman şirkətlərindən olan “GEN İlaç ve Sağlık Ürünleri A.Ş.” ilə birlikdə tezliklə ölkə əhalisinin sağlamlığı və rifahı üçün strateji əhəmiyyət kəsb edən, ampullar və həblər daxil olmaqla, 70 adda dərman preparatının istehsalı nəzərdə tutulur. Bununla yanaşı, İmişli rayonunda pivəlik arpa emalı zavodunun da tikintisi yekunlaşmaq üzrədir. Yeni müəssisə ölkəmizin bu sahədə mövqeyini gücləndirmək məqsədi daşıyır.

AİŞ işğaldan azad edilmiş ərazilərdə “yaşıl”, o cümlədən ölkənin regionlarının inkişafına yönəlmiş layihələrin həyata keçirilməsinə də investisiya qoyuluşunu getdikcə artırır. Qurum hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən dörd layihənin inkişaf etdirilməsinə və dirçəldilməsinə dəstək çərçivəsində şirkət 44,8 milyon manat investisiya yatırır.

AİŞ-in portfelində Türkiyənin “Demirören Holding”i ilə birgə həyata keçirilən beş kiçik su elektrik stansiyasının bərpası layihəsinin də xüsusi önəmi var. Həmin layihə su elektrik stansiyaların regionu təmiz enerji ilə təmin edərək ənənəvi enerji təchizatı mənbələrindən asılılığı azaltması ilə AİŞ-in davamlı inkişafa sadiqliyini əks etdirir. Bundan əlavə, AİŞ-in Cəbrayıl rayonunda 240 meqavat gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasının tikintisi layihəsində iştirakı enerji infrastrukturunun inkişafı məqsədilə atılan mühüm addım kimi dəyərləndirilməlidir. Xatırladaq ki, bu, “SOCAR Green” və BP şirkətləri ilə birgə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən ən böyük “yaşıl” enerji layihələrindən biri olacaq.

İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən ekoloji təşəbbüslərdən əlavə, AİŞ ölkənin digər regionalarında da “yaşıl” layihələrin inkişaf etdirilməsində xüsusu fəallığı ilə seçilir. Bu layihələrdən biri də İtaliyanın “Technip Energies” şirkəti ilə birgə Sumqayıtda innovativ həll yollarının tətbiqi ilə plastik tullantıların emalı zavodunun tikintisidir. Zavod qabaqcıl termokimyəvi texnologiyadan istifadə yolu ilə plastik tullantıları emal edərək müxtəlif sənaye sahələri üçün qiymətli resurs olan piroliz yağına çevirəcək. Bütövlükdə isə, AİŞ-in “yaşıl” layihələrə ayırdığı investisiyaların ümumi həcmi 74 milyon manat təşkil edib ki, bu da şirkətin ətraf mühitin qorunması məqsədilə müasir həllərin tətbiqinə olan sadiqliyini göstərir.

Eyni zamanda, yaxın vaxtlarda Qəbələ rayonunda gürcüstanlı tərəfdaşlarla birlikdə spirtsiz və yüngül spirtli içkilərin istehsalı zavodunun tikintisi nəzərdə tutulur. Bu da ölkəmizin qida sənayesinin inkişafında mühüm addım olacaq. Hazırda Gəncədə “Azərbazalt” MMC ilə birgə bazaltın çıxarılması və ondan bazalt tozu və qranullarının istehsalı layihəsi həyata keçirilir. Sözügedən xammala tikinti sənayesində və digər sahələrdə yüksək tələbatın olması bu layihəni ölkə sənayesinin inkişafı üçün strateji əhəmiyyətli edir.

Macarıstanın “HELL Energy” şirkəti ilə birlikdə həyata keçirilən “Quality Pack Caspian” layihəsi də son illər ölkəmizdə reallaşdırılan ən böyük və mühüm layihələrdən biri hesab olunur. Xatırladaq ki, sözügedən layihə Cənubi Qafqazda alüminium içki qutuları istehsal edən ilk müəssisə olacaq. Ələt Azad İqtisadi Zonasında yerləşəcək həmin zavodun isə illik istehsal gücü 700 milyon ədəd alüminium qutu təşkil edəcək. Layihə yerli bazarın tələbatını tam ödəməklə ixrac potensialının inkişafına da imkan yaradacaq.

2024-cü ildə COP29 konfransında uğurla iştirak edərək bir sıra ekoloji layihələr üzrə sazişlər bağlaması AİŞ-in əhəmiyyətli nailiyyətlərindən hesab olunur. Həmin təşəbbüslər arasında plastik və şüşə qabların toplanması, karbontutma texnologiyalarının inkişafı və stasionar batareyaların istehsalı layihələrini qeyd etmək olar. Bu sazişlər AİŞ-in qlobal ekoloji əməkdaşlıqlarda fəal iştiraka hazır olduğunu bir daha təsdiq edir.

Gələcəkdə AİŞ xarici tərəfdaşlarla birlikdə iqtisadiyyatın strateji əhəmiyyətli sektorlarının gücləndirilməsi və innovativ həllərin tətbiqi ilə bir sıra mühüm layihələr həyata keçirməyi planlaşdırır. Avstriyanın “Fibron Pipe” şirkəti ilə əməkdaşlıq çərçivəsində kompozit və paslanmayan polad boruların istehsalına başlanılacaq. Layihənin reallaşdırılması bazarın yüksək keyfiyyətli məhsullarla təmin olunmasına imkan yaradacaq. Eyni zamanda, Avstriyanın “Grabher Group” şirkəti ilə birlikdə tibb və gigiyena kimi önəmli sahələrdə istifadə üçün beynəlxalq standartlara cavab verən qabaqcıl materiallara çıxışı təmin edəcək innovativ “ağıllı” tekstil məhsullarının istehsalı layihəsinin həyata keçirilməsi planlaşdırılır.

Bundan əlavə, AİŞ-in Çinin “BYD Auto Industry Co. Ltd.” şirkəti və “Electrify Azerbaijan” MMC ilə birgə əməkdaşlıq çərçivəsində Sumqayıt Kimya Sənaye Parkında elektrik avtobusların yığımı üzrə zavod inşa olunacaq. Bu isə ölkəmizdə ekoloji cəhətdən təmiz nəqliyyatın və maşınqayırmanın inkişafına mühüm töhfə verəcək. AİŞ Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə birlikdə təmiz enerji istehsalı üçün məişət tullantılarının təkrar emalı layihəsinin həyata keçirilməsini planlaşdırır. Ümumilikdə, 15 ölkə ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr beynəlxalq əlaqələri genişləndirməklə yanaşı, ölkə iqtisadiyyatını gücləndirəcək qarşılıqlı faydalı tərəfdaşlıq üçün yeni imkanlar yaradır.

Yeri gəlmişkən, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Ülvi Mansurov çıxışlarının birində rəhbərlik etdiyi qurumun missiyasının təkcə kapital cəlb etmək deyil, həm də gələcək nəsillərə xidmət göstərəcək dayanıqlı infrastruktur yaratmaqdan ibarət olduğunu vurğulayıb. O deyib ki, AİŞ-in layihələri Azərbaycanın perspektiv investisiyalar üçün regional mərkəzə çevrilməyə hazır olduğunu bir daha sübut edir.

 

Избранный
8
xalqqazeti.az

1Источники