RU

Nyu-York hökumətə məxsus cihazlarda DeepSeek-i qadağan edib

Bakı, TurkicWorld

ABŞ-ın Nyu-York ştatında təhlükəsizlik məqsədi ilə Çin mərkəzli DeepSeek şirkətinin süni intellekt modelinin dövlətə məxsus cihazlarda istifadəsi qadağan edilib.

TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, Nyu-York qubernatoru Keti Hochul yazılı açıqlamasında, əyalət hökuməti işçilərinin DeepSeek tətbiqini dövlət qurumlarının cihaz və şəbəkələrində yükləməsinin qadağan edildiyini bildirib.

Hochul açıqlamasında, DeepSeek-in "istifadəçi məlumatlarını saxladığı və texnoloji sirləri əldə edə biləcəyi" ilə bağlı narahatlıqları vurğulayaraq, "Mənim prioritetim ictimai təhlükəsizlikdir. Nyu-York sakinlərini həm xarici, həm də daxili təhdidlərdən qorumaq üçün işlərimizi davam etdiririk" ifadəsini işlətib.

Keçən həftə Nümayəndələr Palatasından Demokrat Josh Gottheimer və Respublikaçı Darin LaHudun, hökumətə məxsus cihazlarda DeepSeek-in istifadəsini qadağan edən qanun layihəsi hazırladıqları bildirilib.

Qeyd edək ki, Çindəki High-Flyer Capital Management fondu tərəfindən dəstəklənən DeepSeek, yanvarın 20-də aşağı qiymətə və az sayda çipdən istifadə edərək hazırladığı yeni açıq mənbəli DeepSeek-R1 modelini təqdim edib. Bu model, ABŞ-da fəaliyyət göstərən ChatGPT kimi digər süni intellekt modellərini geridə qoyaraq tətbiq mağazalarında ən çox yüklənən süni intellekt proqramına çevrilib.

Избранный
5
turkic.world

1Источники