RU

Xıdır Nəbi mərasiminin tarixçəsi - Aytən Əhmədovanın yazısı

Azərbaycan mədəniyyətini, milli adət-ənənələrini əks etdirən bir çox bayramlar və mərasimlər vardır. Xalqımızın qədim tarixə malik olan və el arasında geniş yayılmış mərasimlərindən biri də Xıdır Nəbi (Xıdır İlyas) (yeni həyatın, yaşıllığın simvolu) adlanan mərasimdir.

Hər il fevral ayının 9-u, 10-u, bəzi regiyonlarda  isə 14-ü, 15-i (Xızır İlyasın doğulduğu gün) Xıdır Nəbi bayramı xüsusi adət-ənənələr və təntənəli şəkildə qeyd edilir. Mərasim həm də fevralın 1-dən 20-sinə kimi olan kiçik çilləyə təsadüf edir.

 

Qədimdən xalq təqvimində qış fəsli iki əsas mərhələyə - 40 gün sürən böyük çilləyə (22 dekabr - 31 yanvar) və kiçik çilləyə (1 fevral - 20 fevral) bölünüb, sonrakı  30 gün isə boz ay adlanmışdır. Fevralın 1-də qış fəslinin ən soyuq günləri, qar-çovğunlu dövrü olan kiçik çillə başlayır.

 

Qədim xalq mərasimlərindən biri olan Xıdır Nəbi (Xızır İlyas) bayramı da çillə günlərinə təsadüf edir.  Xıdır Nəbi adətən təbiətin oyanması, otların cücərməsi, axar suyun təmizlənməsi və sairə təbii proseslərlə müşayiət edilir.Tədqiqatlarda Xıdır Nəbi bir şəxsiyyət olaraq “su, külək və havanın himayəçisi” kimi təqdim olunur. Ümumiyyətlə, bu mifik obrazla bağlı mübahisəli məsələlər çoxdur. Onun adının  Xızır, Xızır İlyas, Xıdır Nəbi, Xıdır baba və Xıdır Zində olması haqda fikirlər müxtəlifdir. Xızırla bağlı bir neçə rəvayət vardır:

 Rəvayətə görə,  “Xızır peyğəmbər bir qabda dirilik suyu götürüb insanlara gətirirmiş. Çox yorulduğundan yolda bir ağacın kölgəsində yatır. Həmin ağac da çinar ağacı imiş. Birdən qab aşır, su tökülür çinarın dibindəki çuxura. Suyun bir hissəsini bir qarğalar gəlib içir. Qalanınıda çinarın kökləri çəkir. Ona görə də deyirlər ki, qarğalar üç yüz il yaşayırlar, çinar ağacı da uzunömürlüdür”. 

Digər bir rəvayətdə isə deyilir ki, “Qaranlıq dünyada bir bulaq axır, onun suyunu içən heç vaxt ölmür. Xızır o dirilik suyundan içdiyi üçün həmişə diridir və yaşayır. Onu görmək üçün gərək lap yaxşı adam olasan, heç kəsi incitməyəsən. Xızırı kim görsə, ondan nə istəsə, yerinə yetirər”.
 Ümumiyyətlə xalqda inam var ki, Xızır peyğəmbər darda qalanların, çətinliyə düşənlərin, xəstələrin hamisinə çevrilməklə ən çətin anda onların köməyinə çatmışdır. Buna görə də qışın ən çətin dövründə Xızır peyğəmbərin şərəfinə Xıdır Nəbi mərasimini təşkil etmək, onu köməyə çağırmaq qışın çətinliyindən, soyuğundan xilas olmaq anlamına gəlir.
Bu bayram demək olar ki, bütün türk xalqlarında qeyd olunur. Daha çox Xıdırelləz, Hıdırelləz bayramı adı ilə tanınır. Hıdırelləz böyük çoxluqla Anadolu və Balkan türkləri arasında qeyd edilməkdədir.Kiçik çillənin çıxması münasibətilə keçirilən bu bayram Azərbaycan ərazisində, əsasən, Naxçıvan, Tovuz, Qazax, Gəncə və s. bölgələrdə müxtəlif adlarla (Xıdır İlyas, Xıdır Zində) keçirilir. Azərbaycanın qərb zonasında yerləşən Gəncə şəhərində bu mərasim özünəməxsus xüsusiyyətləri ilə seçilir. Bu mərasimə bir neçə gün əvvəl başlanılır. Evlərdə təmizlik aparılır və səməninin cücərdilməsi ilə mərasimə start verilir. Gəncə şəhərində bu mərasimin adına bəzən “Səməni oxunması” da deyilir. Qeyd etmək lazımdır ki, Gəncə ərazisində “Oxunma” adı altında başqa bir mərasimdə keçirilir. “Oxunma” İslam dini ilə bağlı olaraq müxtəlif aylarda (Məhərrəm və Ramazan aylarında) dini ayinlərlə müşayət olunaraq təşkil olunur. Bundan fərqli olaraq “Səməni oxunması” Xızır İlyas bayramı ilə əlaqədar keçirilən mərasimdir. Gəncə ərazisində bu mərasim fevral ayının ilk on günlüyündə keçirilir . Mərasimi qohum-əqraba və qonşular  bir yerə toplaşaraq, təşkil edirlər. Süfrələr açılır və üzərinə müxtəlif  şirniyyatlar və yeməklər düzülür. Mərasimin aparıcı təamı səməni halvasıdır. Səməni halvasının hazırlanması üçün ən az 15 gün əvvəl başlanılmalıdır. Halvanın hazırlanması üçün aşağıdakı ərzaqlar lazımdır:
Buğda, ikinci növ un( kəpəkli), səkər tozu, bir qədər qoz və fındıq ləpəsi. (Zövqə görə az miqdarda yağdan istifadə oluna bilər).
Halvanı bişirmək üçün yüksək keyfiyyətli buğda tələb olunur. Buğda təmizlənir, yuyulur və ilıq suya qoyulur. Suya qoyulmuş buğda dəfələrlə yuyulmalıdır. Bir-iki gün belə yuyulduqdan sonra buğdanın şişdiyini müşahidə edirik, bundan sonra buğda bir də yuyulur və yaş torbanın içinə qoyulur. Burda da buğdanın yuyulması və nəmlənməsi davam etdirilir. Buğdanın keyfiyyətindən asılı olaraq bu proses 3-10 gün arasında davam edə bilər. Buğda şişdikdən sonra onu boşqablara yığıb, üzərinə isladılmış tənzif sərilərək, cücərməyə qoyulur.Səməni  3-5 sm cücərib qalxdıqdan sonra , bunları böyük bir ləyənə yığaraq təkrar yuyulur və ət maşınında çəkilir. Klassik variantda, yəni keçmişdə aydın məsələdir ki, onları ət maşınında çəkməyiblər, taxtadan olan tabaqlarda buğdanı əzib südünü çıxarıb istifadə edərmişlər. İndi rahatlıq üçün ət maşınıda çəkilir. Ət maşınında çəkilmiş kütləni tənzif vasitəsilə sıxıb suyunu alırlar. Məhz bu kütlə səməni halvasının bişirilməsində istifadə edilir. Əldə olunmuş kütlənin içərisinə ikinci növ un çalınır və bir qədər şəkər tozu əlavə olunur. Səməni halvasının bişməsi üçün minimum  bir sutka yarım vaxt lazımdır. Ocağın üzərinə qoyulduqdan sonra dayanmadan qarışdırılmalıdır. Bunun üçün də bütün qohum- tanış halvanı bişirmək, yəni qarışdırmaq  üçün gəlirlər. Bişdikdən sonra üzərinə bir qədər fındıq və ya qoz ləpəsi əlavə edərək qazanın ağzı örtülür. Qədim inanca görə halvanı qarışdırarkən niyyət tutursan və  bu niyyət hasil olduqdan sonra mərasim təşkil olunan evə buğda və ya düyü gətirirsən. Gəncə şəhərində təşkil olunan Xızır bayramı  mərasimində biz də iştirak etdik:

 

 

Gəncə Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru,Aytən Əhmədova

Oxu24.com saytı üçün 
 

Избранный
10
oxu24.com

1Источники