RU

Yaxın Şərq yenə alovlanır: ABŞ və İsrail nə etmək istəyir?

Yaxın Şərqdə gərginlik yenidən artır. İsrailin müdafiə naziri İsrael Kats HƏMAS-ın fevralın 15-nə planlaşdırılan girovların azad edilməsini təxirə salmaq qərarına cavab olaraq İsrail Müdafiə Qüvvələrinə “ən yüksək hazırlıq” vəziyyətinə keçməyi əmr edib. Bu addım, bölgədə hərbi əməliyyatların yenidən alovlanması ehtimalını artırır.

HƏMAS-ın bu addımı atəşkəs razılaşmasının pozulması kimi qiymətləndirilir və İsrail rəhbərliyi buna sərt reaksiya verəcəyini bildirir. Katsın sözlərinə görə, İsrail 7 oktyabr hadisələrinin təkrarlanmasına yol verməyəcək.

Bu açıqlama İsrail ordusunun yaxın günlərdə Qəzza zolağında daha sərt tədbirlər görə biləcəyinə işarə edir. Beynəlxalq vasitəçilərin, xüsusilə ABŞ, Misir və Qətərin bölgədə sülh danışıqlarını davam etdirmək cəhdlərinə baxmayaraq, tərəflər arasında inamın azaldığı görünür. Girovların azad edilməsinin gecikməsi İsrailin hərbi əməliyyatları genişləndirmək ehtimalını artıraraq, həm bölgədəki mülki əhali, həm də beynəlxalq diplomatik səylər üçün ciddi problemlər yarada bilər.

Baş verən proseslər münaqişədə yaşananların hansı istiqamətə getdiyindən xəbər verir?

Bakıvaxtı.az mövzu ilə bağlı suallarını politoloq Turan İrfana ünvanlayıb. Onun sözlərinə görə, hazırda HƏMAS-la İsrail arasında baş verən münaqişəni bitmiş hesab etmək olmaz:

"Çünki tərəflər arasında qarşıdurmalar davam edir və hər iki tərəf də müharibəyə hazırlıq görür. İsrail Qəzza zolağında baş verə biləcək hər hansı bir hücuma qarşı hazır olmaq üçün ordusunun hazırlığını artırıb və sərhəd bölgələrində təhlükəsizlik tədbirlərini gücləndirib. Eyni zamanda HƏMAS da öz hərbi hazırlığını intensivləşdirərək İsrailə qarşı potensial hücumlar planlaşdırır. İsrailin müdafiə tədbirləri və HƏMAS-ın yeni hərbi əməliyyatlara hazırlığı, bölgədə daha çox qanlı qarşıdurmalara yol açma riski daşıyır. Beynəlxalq cəmiyyətin sülh prosesinə müdaxilə etməsi və diplomatik yollarla gərginliyi azaltmağa cəhd etməsi zəruri olsa da, tərəflər arasında inamın azalması və uzun illərdir davam edən düşmənçilik, münaqişənin sülh yolu ilə bitirilməsini çətinləşdirir".

Tural İrfan: Donald Trampın fələstinlilərə tətbiq etdiyi siyasət sürgün hesab edilir

Tural İrfan qeyd edib ki, atəşkəs müddətində qarşıdurmaların olması gözlənilmir:

"Mən müharibənin atəşkəs müddətində davam edəcəyini düşünmürəm. Çünki proseslərə nəzarət edən tərəf ABŞ-dir. Lakin ABŞ-nin nəzarəti hər zaman atəşkəsin uzadılmasına zəmanət vermir. HƏMAS və İsrail arasındakı qarşıdurmaların uzun tarixə malik olması və hər iki tərəfin öz mövqeyini qorumağa çalışması, atəşkəsin yalnız ABŞ-nin müdaxiləsi ilə dayana bilməyəcəyini göstərir. ABŞ-nin hərbi və diplomatik gücü münaqişənin dayandırılması üçün müvəqqəti şərait yaratsa da, müharibənin tamamilə sona çatması yalnız daha geniş bir sülh planı və tərəflər arasındakı inamın yenidən qurulması ilə mümkün ola bilər".

Həmsöhbətimizin fikrincə, ABŞ-nin həyata keçirdiyi köçürmə siyasəti yeni müharibənin başlanmasına səbəb ola bilər:

"Donald Trampın hazırda tətbiq etmək istədiyi köçürmə siyasətir bir növ sürgün islahatları hesab edilir. Bu addım isə yeni savaşa qapı açır. Çünki köçürmə siyasətinin praktiki həyata keçirilməsi, bir çox fələstinli ailənin evlərini tərk etməsi və ərazilərini tərk etməyə məcbur olmasına səbəb ola bilər. Bu isə bölgədə artıq mövcud olan etnik və dini gərginlikləri daha da dərinləşdirəcək. İnsanların zorla köçürülməsi, yalnız fələstinlilərin hüquq və azadlıqlarını pozmaqla kifayətlənməyəcək, eyni zamanda yeni müharibə alovlarını qızışdıracaq bir atmosfer yaradacaq".

Əli Hüseynov

Избранный
8
bakivaxti.az

1Источники