RU

Qızıl və Bitkoin: Hansı daha etibarlı sərmayədir? - EKSPERT RƏYLƏRİ

“Kriptovalyutaların gələcəyi hələ də sual altındadır. İndiki dövrdə ABŞ prezidenti Donald Trampın yaratdığı rüzgarla kriptovalyutalarda artım oldu, lakin biz hələ bunun sistemləşdirilməsini görmürük. Qədimdən ən etibarlı və problemli dövrlərdə cəlbedici, aktiv qızıldır. Ona görə də qızılın qiyməti tarixi maksimumlardadır, yəni artıq qiyməti 2800-2900 dollara yaxınlaşıb. Düşünürəm ki, dünya iqtisadiyyatında tarixi müharibələrin ehtimalı varsa, həmçinin təlatümlü dövr olacaqsa qızıla olan tələbat artacaq. Həmçinin ənənəvi böyük investorlar daha çox qızıla yönələ bilər”. Bu sözləri iqtisadçı Natiq Cəfərli SİA-ya açıqlamasında deyib.

Həmçinin mövzu ilə bağlı ABB-İnvest İnvestisiya Şirkəti QSC-nin Pərakəndə müştərilərlə iş departamentinin direktoru Elçin Məmmədov fikirlərini bildirib. Onun sözlərinə görə, qızıl və bitkoinin ümumi və fərqli xüsusiyyətləri var: “Bu iki aktivin ümumi xüsusiyyəti odur ki, hər ikisi bazar iştirakçıları tərəfindən subyektiv qaydada dəyərləndirilir və onların bazar qiyməti investorların növbəti mərhələdə qiymət artımı ilə bağlı gözləntilərinə əsaslanır. Sadə dillə ifadə etsək, qızıl və bitkoinə sərmayə yatıran investor inanır ki, bir müddət sonra bu aktivləri digər investora daha baha qiymətə sata biləcək. Bir sözlə bu iki aktivin bazar dəyəri bazar iştirakçılarının yalnız inamı üzərində formalaşır. Lakin bitkoinə olan inamla qızıla olan inam fərqlidir. Əgər qızılın dəyərli aktiv olması əsrlər boyu özünü doğrultmuşdursa və yer üzündə demək olar hər kəs qızın dəyərini bilir və anlayırsa, bitkoin barədə bunu demək hələ tezdir. Bitkoinə olan inam çox dəyişkəndir və elə bu səbəbdən onun qiymət volatilliyi qızıla nisbətdə daha çoxdur. Yüksək volatilliyi qəbul edən, risk iştahası yüksək olan investorlar üçün bitkoin daha cəlb edici aktiv ola bilər, lakin risk iştahası yüksək olmayan və konservativ investorlar üçün qızıl sərmayə üçün daha uyğun aktiv hesab edilə bilər”.

Elçin Məmmədov bildirib ki, keçmişə baxsaq onu müşahidə edə bilərik ki, qızılın bazar qiymətinin artımı ilə inflyasiyanın dinamikasında müsbət asılılıq var: “Lakin bitkoin və digər rəqəmsal aktivlər üçün bunu demək çətindir. Bu baxımdan, qızıl yüksək inflyasiya mühitində qiymət artımından qorunmaq üçün daha uyğun sərmayə aləti sayıla bilər”.

Müəllif: Xeyrənsə Piriyeva
Избранный
16
sia.az

1Источники