Almaniya yaxın vaxtlarda Ukraynaya IRIS-T zenit-raket kompleksi üçün 100-ə yaxın idarə olunan raket təhvil verəcək. SİA xəbər verir ki, bu barədə Almaniyanın NATO-dakı nümayəndə heyəti “Ramştayn” formatında keçirilən görüşdən sonra X sosial şəbəkəsində məlumat verib.
Almaniya nümayəndə heyəti qeyd edib ki, 50-dən çox ölkənin iştirakı ilə Brüsseldə keçirilən “Ramştayn” görüşündə Ukraynaya maddi yardım və hərbi təlim şəklində gələcək dəstək təsdiqlənib.
“Almaniya bu dəstəkdə mühüm rol oynamağa davam edəcək və yaxın vaxtlarda Ukraynaya 100-ə yaxın IRIS-T idarə olunan raketi tədarük edəcəyini açıqlayıb”, - bəyanatda deyilir.
Qeyd edək ki, fevralın 12-də NATO-nun Brüsseldəki mənzil-qərargahında Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun - “Ramştayn” formatının 26-cı iclası keçirilib. Bu, ABŞ Prezidenti Donald Trampın inauqurasiyasından sonra ilk görüş idi.
İclasda ABŞ-ı Pentaqonun yeni rəhbəri Pit Heqset təmsil edib. Bununla belə, “Ramştayn” formatına ilk dəfə olaraq ABŞ deyil, Böyük Britaniya sədrlik edirdi.
Ukraynanın müdafiə naziri Rustem Umerov “Ramştayn”in nəticələrinə yekun vuraraq qeyd edib ki, Ukrayna öz tərəfdaşlarından çox güclü yardım paketləri alıb.