RU

Ukrayna ağır durumda: “Siyasi reallıqla hesablaşmalı olacaq”

“ABŞ Prezidenti Donald Trampın başlıca məqsədi Rusiya ilə Ukrayna arasında atəşkəsə nail olmaqdır”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. 

Politoloq qeyd edib ki, Ağ Evin hazırkı sahibi üçün münaqişənin həlli vacib deyil, bu mürəkkəb məsələdir:

“Münaqişənin həlli indiki halda mümkün deyil. Tramp atəşkəsə nail olarsa, bu nəticəni özünün uğuru kimi qələmə verəcək. Halbuki, atəşkəs problemin həlli deyil. Rusiya işğalı tam başa çatdırmayıb, Ukrayna isə ərazilərini azad etməyib.

Atəşkəs olarsa, Ukrayna itirdiyi əraziləri geri qaytara bilməyəcək. Bunun mümkün olmadığını Ukraynada anlayırlar. Buna baxmayaraq, Ukrayna ordusunun Kursk istiqamətində nəzarət etdiyi ərazi Kiyevin danışıqlarda əlini gücləndirəcək alətdir. 

Ukrayna heç zaman işğal altındakı ərazilərin Rusiyaya aid olduğunu hüquqi cəhətdən tanımayacaq, ancaq siyasi reallıqla hesablaşmalı olacaq.

Reallıq isə ondan ibarətdir ki, Krım və Donbassın bir hissəsi Ukraynanın nəzarətində deyil. Rusiyanın dağıtdığı şəhər, qəsəbə və kəndlərin bərpasına yüz milyardlarla dollar lazımdır”.

Onun sözlərinə görə, beynəlxalq aləm Rusiya-Ukrayna müharibəsindən yorulub:

“Müharibənin dayandırılmasına siyasi sifariş var. Müharibə Rusiya və Ukraynanın özündə də yorğunluq əmələ gətirib. Tərəflər mövqe döyüşlərində hər gün xeyli itki verirlər.

Müharibə dayandırılsa da, Avropanın tələsik Rusiya ilə əlaqələri bərpa edəcəyini düşünmürəm. Əlbəttə, Avropa ölkələri içərisində, misal üçün Macarıstan və Slovakiya Brüsseldən Rusiya ilə əlaqələrin tam bərpasını tələb edəcəklər. 

Ancaq Fransa, Almaniya, Polşa və Baltik ölkələri Rusiya ilə əlaqələrin bərpasına ehtiyatla yanaşacaqlar. Avropa ölkələrinin böyük hissəsi Rusiyanın enerji asılılığından qurtulub. Həmin ölkələrin yenidən Rusiyadan böyük həcmdə neft və qaz alacağını proqnozlaşdırmıram”. 

E.Şahinoğlu əlavə edib ki, Rusiyanın müharibədən qalib çıxması bir çox ölkə kimi Azərbaycanın da təhlükəsizlik maraqlarına cavab vermir: 

“Rusiya Gürcüstan və Ukraynadan sonra diqqətini ətrafındakı digər dövlətlərə yönəldəcək. Bu səbəbdən Azərbaycan Türkiyə ilə siyasi və hərbi ittifaqı gücləndirməlidir”.

Избранный
7
cebheinfo.az

1Источники