Jurnalist Şahnaz Bəylərqızı barəsində seçilmiş həbs qətimkan tədbirindən verilən apellyasiya şikayətinə baxılıb.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Mehriban Qarayevanın sədrliyi ilə keçirilən prosesdə Şahnaz Bəylərqızının vəkili Bəxtiyar Hacıyevin verdiyi vəsatət təmin olunmayıb, qərar qüvəvdə qalıb.
Qeyd edək ki, fevralın 6-da Xətai Rayon Məhkəməsinin qərarı ilə jurnalistin barəsində 3 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Onun barəsində "Toplum TV işi" üzrə cinayət işi başlanıb.
Şahnaz Bəylərqızı Toplum TV-nin əməkdaşı olub. O, fevralın 5-də həbs edilib.
Qeyd edək ki, 2024-cü il martın 6-da sosial şəbəkələrdə Toplum TV-nin ofisində axtarış aparılması, saxlanılanların olması ilə bağlı xəbərlər yayılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər.