RU

Ucuz alıb baha satırıq - Qoyun ətinin qiyməti QALXIR...

Azərbaycana ətlik məqsədilə həm inək, həm də qoyun idxalında artım davam edir. Son 3 ilin müqayisəsindən daha aydın görmək olur ki, ətlik məqsədilə inək və qoyun idxalı xeyli dərəcədə artıb.

 

Sfera.az rəsmi dövlət statistikasına əsasən xəbər verir ki, 2021-ci ildə ətlik məqsədilə 46 068 baş diri iribuynuzlu heyvan idxal edilmişdi. Bu qədər heyvanın idxalına 19,93 milyon dollar xərclənmişdi. Statistika göstərir ki, üç il əvvəl bir inəyin idxal qiyməti 433 dollar, yəni 735 manat idi. 

 

2024-cü ildə idxal edilən ətlik iribuynuzlu heyvanların sayı 54 485 başa, onlara xərclənən vəsaitin məbləği isə 48,91 milyon dollara yüksəlib. Bir inəyin idxalı qiyməti 898 dollar, yaxud 1526 manat təşkil edib. 2021-ci illə müqayisədə 2024-cü ildə idxal edilən inəklərin qiyməti iki dəfədən çox artıb. Buna baxmayaraq idxal olunan inək sayında 8400 başdan çox artım qeydə alınıb. 

 

Eyni dəyişiklik diri qoyun idxalında da müşahidə edilib. 2021-ci ildə idxal olunan diri qoyunlar 117 574 baş olub və bu qədər heyvanın idxalına 10,71 milyon dollar xərclənib. Üç il öncə bir qoyunun idxal qiyməti 91 dollar (155 manat) olmuşdu. 2024-cü ildə ətli məqsədlə idxal edilən diri qoyunların sayı 181 823 başa yüksəlib və onların alınmasına 18,086 milyon dollar xərclənib. Ötən il bir qoyunun qiyməti Azərbaycana 99,5 dollara və ya 169 manata başa gəlib. 

 

Müqayisələrdən görünür ki, son 3 ildə idxal olunan mal ətinin qiymətində ciddi artım baş verib. Məhz bu artımla əlaqədar olaraq mal ətinin bir kiloqramının qiyməti 10,5 manatdan 15,5-16 manata qədər yüksəlib. İdxal olunan qoyun ətinin qiymətində isə ciddi artım yoxdur. Amma buna baxmayaraq son 3 ildə ölkəmizdə qoyun ətinin qiyməti 13 manatdan 20 manata qədər yüksəlib. 

 

Qeyd edək ki, Azərbaycan ətlik iribuynuzlu heyvanları əsasən Rusiyadan, qoyunları isə Gürcüstandan alıb. 

 

Vasif

Избранный
6
sfera.az

1Источники