RU

“Böyük sənətkar idi, çoxdan Xalq artisti olmalıydı” – Dədə Süleymanın DOĞUM GÜNÜDÜR

Şaqraq zənguləsi, bənzərsiz ifası, əsrarəngiz səsi ilə adını əbədi olaraq musiqi tariximizə həkk etdirdi. İlahidən ona lütf olunan bu səsin sehrinə düşən milyonlarla insanlar bu gün də onun səsinin vurğunudur. Nə dinləməkdən doyurlar, nə də zövq almaqdan.

Ustadı Seyid Şuşinskinin ənənələrini hər zaman ləyaqətlə yaşadan xanəndə, eyni zamanda, özünəməxsus ifaçılıq üslubu, oxuma tərzi, bir çox muğamların yadda qalan təfsiri ilə tanınır. Onun repertuarında xüsusi yer tutan “Segah”, “Dəşti”, “Çahargah”, “Şur” bu gün də qulaqlarımızdadır. Elə bu yazını yazmazdan əvvəl də onun ecazkar səsini və heç bir xanəndədə rast gəlmədiyim zəngulələrini dinlədim. Və istər-istəməz pıçıldadım, bu əsrarəngiz səs və ifadan bir də olmayacaq.

Muğamatın ağası sayılan Seyid Şuşinski ənənələrinin layiqli davamçısı, xalq arasında Dədə Süleyman kimi tanınan ustad xanəndə Süleyman Abdullayevi deyirəm. Bu gün sevilən sənətkarın doğum günüdür.

Dədə Süleyman hər kəsi bal kimi şirin səsi ilə məftun etmişdi. O, Allahın bizə və musiqimizə bir lütfü idi. Süleyman Abdullayev Azərbaycan mədəniyyətini dünyada tanıdan xanəndə idi.

“Dədə Süleymanın Azərbaycan mədəniyyətində, musiqisində öz izi, dəsti-xətti var. Dünyasını dəyişən günə qədər Azərbaycan musiqisini qorudu, onun keşiyində dayandı”, – deyir ustad xanəndə Sabir Abdullayev.

O, sənətkarı doğum günündə belə yad edir:

“Hər zamanda dəbdə olan sənətkar idi. Onun qədər dəbdə olan ikinci bir xanəndə tanımıram. O qədər gözəl oxuyurdu ki, hər musiqiçi ona bənzəməyə çalışırdı. Onun möhtəşəm səsi ilə böyümüşük. Süleyman Abdullayev böyük qardaşım, ustad xanəndə Vahid Abdullayevlə yaxın dost olub. Sonradan isə bizimlə də dostlaşıb, mehriban olub. Səsi o qədər səsi gözəl, məlahətli, şirin idi ki… Çoxdan Xalq artisti olmalıydı, təəssüf ki, layiq olduğu o fəxri adı vermədilər. Amma elə xalqın sevilən sənətkarı idi. Musiqimizdə, mədəniyyətimizdə xüsusi dəsti-xətti olan gözəl xanəndəmizin bütün repertuarını əzbər bilirdim. Yenicag.az-a təşəkkür edirəm. Hər zaman sənətkarları yad edib, yaşadırsınız”.

Xanəndənin qızı Aygün atasının bu gün də yaradıcılıq ömrünü davam etdirdiyini deyir:

“Fəxr edirəm ki, elə bir sənətkarın, elə bir şəxsiyyətli kişinin qızıyam. Atama və onun sənətinə olan böyük sevgi qarşısında həmişə baş əymişəm. Atamın sənətinə, səsinə, şəxsiyyətinə olan sonsuz sevgi hər zaman məni bir övlad kimi qürurlandırır. Sənətkarlar bu dünyadan cismən köçürlər, amma ruhən hər zaman yaşayırlar. Vəfatından sonra da yaradıcı insanların ömrü onların sənət ömrü ilə davam edir. Süleyman Abdullayev sənəti ölməzdir, əbədidir. Nə zaman ki, onun musiqiləri səslənir, dinlənilir, Dədə Süleyman da o məlahətli səsi ilə sevənlərinin ürəyində yaşayacaq. Atam muğamat aləmində sevənlərinin qəlbində özünə sevgidən əbədi taxt quran böyük sənətkardır”.

Cəvahir

Избранный
11
yenicag.az

1Источники