Azərbaycan 2024-cü ildə Çindən idxal edilmiş elektrik və hibrid mühərrikli avtomobillərin həcmini iki dəfədən çox artırıb.
Banker.az xəbər verir ki, ötən il Çindən 15 471 ədəd hibrid və elektrik mühərrikli avtomobil idxal edilib və idxalın dəyəri 396.5 milyon ABŞ dolları təşkil edib. Müqayisə üçün, 2023-cü ildə bu göstərici 4 636 ədəd və 154.44 milyon dollar idi.
Son illərdə Azərbaycanda elektromobillərə maraq artmaqda davam edir. Bu tendensiya hökumətin idxal rüsumlarına tətbiq olunan güzəştlərlə əlaqələndirib. Məsələn, 2022-ci il yanvarın 1-dən mühərrik həcmi 2500 kub santimetrədək olan istehsal müddəti 3 ildən çox olmayan hibrid avtomobillərin ölkəyə idxalı və satışı 3 il müddətinə ƏDV-dən azad edilib. Eyni güzəştlər elektriklə olan avtombillərə də aiddir.
Azərbaycanın avtomobil parkında son 5 ildə Çin markalarının sayı nəzərəçarpacaq dərəcədə çoxalıb. Ekspertlər bu artımı Qərb və Yaponiya istehsalçıları ilə müqayisədə daha sərfəli qiymətlərlə yanaşı, Çin avtomobillərinin keyfiyyətində müşahidə olunan irəliləyişlə əlaqələndirirlər.