RU

Zəngilana işıq tutan səfər

Fevralın soyuq, lakin ümid dolu bir səhəridir. Saat 06:00-da media nümayəndələri ilə birgə avtobusla yola düşürük. Hədəfimiz – işıqla yenidən doğan Zəngilandır. Bu səfər Medianın İnkişafı Agentliyi və “Azərişıq” ASC-nin birgə təşkilatçılığı ilə baş tutur. Məqsəd isə “Zəngilan” Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzi və rayonda “Azərişıq” ASC tərəfindən aparılan yenidənqurma işləri ilə tanış olmaqdır.
 
Səhərin ilk işıqları ilə Bakını tərk edib, qışın hələ tam çəkilmədiyi yollarla irəliləyirik. Sakitlik içində hər kəs yol boyu ya pəncərədən mənzərələrə baxır, ya da səfərin həyəcanı barədə düşünür. Zəngəzur həsrəti ilə yaşayan hər bir azərbaycanlı üçün bu səfər xüsusi əhəmiyyət kəsb edir. Axı Zəngilan təkcə bir rayon deyil, həm də bir qayıdışın, bir dirçəlişin rəmzidir. Biz bunu çox gözləmişik.
 
Saat 13:00-ı işıq sürətilə ötüb-keçir. Füzulidə nahar fasiləsi edirik. Burada ayaq saxladığımız an belə, Qarabağın canlanan simasını hiss etmək mümkündür. Zəngilan yolunda olan hər daş, hər ağac, hər yeni tikili bir tarix, bir yaddaş, bir xatirə danışır.
 
Zəngilana çatanda ilk dayanacağımız “Zəngilan” Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzi olur. Bura müasir texnologiyaların və innovasiyaların bir araya gəldiyi strateji bir məkan kimi diqqət çəkir. Media nümayəndələri bu sistemin iş prinsipi ilə yaxından tanış olur, elektrik enerjisinin paylanması və idarəedilməsi barədə suallar ünvanlayır, müvafiq cavablar alırlar. 
 
Daha sonra rayon mərkəzinə yollanırıq. Burada “Azərişıq” ASC tərəfindən öz sahələri ilə bağlı aparılan yenidənqurma işləri ilə tanışlıq bizi gözləyir. İşğaldan azad olunmuş ərazilərdə elektrik xətləri infrastrukturunun sıfırdan qurulması asan deyil. Lakin burada görülən işlər göstərir ki, dövlətimiz hər bir detalı düşünərək, bölgənin gələcəyini planlı şəkildə formalaşdırır.
 
Sonda mətbuat konfransı keçirilir. Sual-cavab sessiyası zamanı görülən işlərin perspektivləri, yeni layihələr və ümumilikdə Zəngilanın gələcək inkişafı müzakirə olunur.
Qeyd edilir ki, bu il fəaliyyətinin 10 illiyini qeyd edən “Azərişıq” 10 fevral 2015-ci ildən etibarən Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq paytaxtda və regionlarda bir sıra uğurlu layihələr həyata keçirib. Şirkətin əsas məqsədi istehlakçıları dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin etmək, enerji itkilərini minimuma endirməkdir.
 
Son illərdə “Azərişıq” təkcə iri şəhərlərdə deyil, ən ucqar dağ kəndlərində və sərhəd bölgələrində də elektrik infrastrukturunu yeniləyib. Bunun nəticəsində həmin ərazilərdə yaşayan vətəndaşlar 24 saat fasiləsiz elektrik enerjisi ilə təmin olunub. Müasir texnologiyaların və innovativ həllərin tətbiqi xidmət keyfiyyətini artırmaqla yanaşı, vətəndaş məmnuniyyətini də yüksəldib.
 
Son 10 ildə görülən işlər
 
“Azərişıq” ASC son on il ərzində ölkə üzrə genişmiqyaslı təmir və yenidənqurma işləri həyata keçirib:
- 20 min km uzunluğunda yeni elektrik veriliş xətləri çəkilib;
- 30 min km-ə yaxın köhnə xətlər yenilənib;
- 40 ədəd müasir 110/35 kV-luq, 227 ədəd 35 kV-luq yarımstansiya inşa edilib;
- 7 min yeni transformator məntəqəsi quraşdırılıb;
- 700 min köhnə sayğac yeni və daha dəqiq ölçü cihazları ilə əvəz olunub.
 
 
Bu dövrdə elektrik enerjisi alan abonentlərin sayı 2 milyon 359 mindən 2 milyon 993 minə, quraşdırılan smart sayğacların sayı isə 386 mindən 1 milyon 120 minə yüksəlib.
 
Həmçinin şəbəkənin qoyuluş gücü son illərlə müqayisədə xeyli artıb. Təkcə son bir ildə bu göstərici 14 min 400 MVA-dan 14 min 900 MVA-ya çatıb.
 
Son 10 ildə rəqəmsal idarəetmə mərkəzlərinin və SCADA sistemlərinin tətbiqi enerji şəbəkəsinin dayanıqlılığını və etibarlılığını artırıb. Hazırda ölkədə 34 yarımstansiya bu sistem vasitəsilə idarə olunur.
 
“Azərişıq”ın uğurlu strategiyası Azərbaycanın enerji sektorunun daha da möhkəmlənməsinə və ölkənin iqtisadi inkişafına əhəmiyyətli töhfə verib. Bu inkişaf gələcəkdə Azərbaycanın enerji ixrac potensialını daha da artıracaq və ölkənin enerji təhlükəsizliyini möhkəmləndirəcək.
 
Bu səfər təkcə işıqlandırmaq üçün getdiyimiz bir reportaj deyil, həm də bir tarixin canlı şahidi olmaq idi. Zəngilanın işıqlı gələcəyini öz gözlərimizlə görüb, bu dirçəlişin bir parçası olmaq hər birimiz üçün böyük qürurdur. Geri qayıdarkən isə içimizdə bir inam var: Böyük Qayıdış təkcə insanların torpaqlarına dönməsi deyil, həm də işığın, həyatın, inkişafın bu yerlərə əbədi olaraq qayıtmasıdır. Və biz Zəngilandan ayrılarkən anlayırıq ki, burada yanan işıq təkcə elektrik enerjisi deyil, həm də Vətənin dirçəlişinin, qalib ruhunun və əbədi dönüşün işığıdır…
 
Избранный
16
moderator.az

1Источники