RU

Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib - RƏY

Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsinin 33-cü ildönümüdür. Azərbaycan dövləti Xocalı soyqırımı barədə faktların dünya ictimaiyyətinə çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. XX əsrdə bəşəriyyətin ən qanlı faciələrindən biri olan bu soyqırımı haqqında tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs indi də ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı ilə dünyanın bir sıra ölkələrində aksiyalar, silsilə tədbirlər, sərgilər, anım mərasimləri keçirilir.

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Azər Badamov deyib ki, Xocalı soyqırımı müasir bəşər tarixinin ən qanlı səhifəsidir:

 

“Ermənilər 366-cı motoatıcı alayın dəstəyi ilə bir gecənin içində Xocalıda dinc insanlara qarşı qırğınlar törədərək əməlakları talayıb, özününkiləşdirib və insanlığa xas olmayan vəhşiklər törədib. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Əsir götürülmüş şəxslərə işgəncələr verilib, onlar şəraitsiz yerlərdə saxlamaqla fiziki əzaba məhkum ediliblər. Bu soyqırımın törədilməsinin məqsədi azərbaycanlılara qarşı etnik təmizlənmənin aparılması olub.  Ermənistan Azərbaycan torpqlarında etnik təmizlənmə aparmaqla özlərinin çirkin niyyətlərinə nail olunmağa çalışıb. Hətta Xocalı soyqırımı törədənlər Ermənistan hakimiyyəti tərəfindən mükafatlarla təltif olundu. Bu, insanlığa xas olmayan vəhşiliyin və cinayətkarların mükafatlanması idi. Torpaqlarımız 30 il erməni işğalı altında qaldı. Bu dövrdə xalqımız Xocalı faciəsini Xocalıdan uzaqda ümumxalq hüzn günü kimi qeyd edirdi. Bununla yanaşı erməni vəhşilklərinin dünyaya çatdırılması istiqamətində iş aparılmağa başlandı. Xocalı soyqırımı dünyanın 13 ölkəsinin paralamenti və ABŞ-nin 22 ştatı tərəfindən tanınıb. Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq qarşımızda dayanan başlıca hədəfimizdir. Dünya ictimaiyyəti  ermənilərin simasızlığını tanımalıdır. Bu işdə Leyla xanım Əliyevanın rəhbərlik etdiyi “Xocalıya ədalət” kampaniyası xüsusi rol oynadı. Azərbaycan diaspor təşkilatları, xaricdə yaşayan soydaşlarımız hər il “Xocalıya ədalət” kampaniyasına qoşulur və Xocalı faciəsinin həqəqətlərinin dünyaya çatdırılması istiqamətində tədbirlər təşkil edir.  Təbii ki, bu gün Xocalımız da və digər ərazilərimiz də işğaldan azad olunub. İndi Xocalı faciəsini Xocalıda ucaldılan memorial abidəni ziyarət etməklə anacağıq. Bu gün bəzi erməni cəlladları Bakıda məhkəmə kürsüsünə çıxarılır və onlara qarşı törətdikləri cinayətlərə görə ittihamlar irəli sürülür. Amma çox təəssüf ki, Xocalı faciəsinin birbaşa təşkilatçıları Sarkisyan, Köçəryan və digərləri hələ ki törətdikləri soyqırımlara və hərbi cinayətlərə görə məsuliyyətdən boyun qaçıra bilib. Amma zaman gələcək ki, onları da ittiham kürsüsünə çıxaracağıq. Sadəcə, zamana ehtiyac var. Xocalı azaddır! Xocalılar öz doğma yurduna qayıdıblar. Xocalı soyqırımı isə heç vaxt yadımızdan çıxmayacaq. Ermənilərin Xocalıda törətdikləri cinayətlərin dünyaya çatdırılması istiqamətində işlər davam etdirilir. Çalışmalıyıq ki, bütün dünya ictimaiyyəti Xocalı soyqırımını tanısın, öz reaksiyasını versin, bu soyqırımı törədənləri beynəlxalq məhkəmələrə çıxarmağımıza dəstək verilsin”.

 

Politoloq Yusif Bağırzadə isə bildirib ki, 1990-cı illərdən fərqli olaraq hazırda Azərbaycanın haqq işinin dünyaya çatdırılması, həmçinin ermənilərin xalqımıza qarşı həyata keçirdikləri işğal və soyqırımıları barədə xarici ölkələrin ictimaiyyətinə ətraflı məlumatların verilməsi istiqamətində dövlətimiz tərəfindən ardıcıl və məqsədyönlü siyasət həyata keçirilir:

 

“Əvvəllər həm yetərli resursların olmaması, diaspor təşkilatlarımızın hələ formalaşmaması, eləcə də media qurumlarımız və QHT-in beynəlxalq auditoriyaya çıxış imkanlarının zəif olması Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına imkan vermirdi. Hətta artıq bir çox ölkələr tərəfindən tanınan və qəbul edilən, bəşəriyyət tarixində insanlığa qarşı törədilmiş ən böyük cinayət olan Xocalı soyqırımı haqqında belə lazımi məlumatların çatdırılmasında çətinlik çəkirdik. Erməni təbliğatının təsiri altında beynəlxalq birlikdə belə bir təəssürat yaradılmışdı ki, sanki azərbaycanlı mülki əhali şəhərdən çıxmaq üçün onlara ayrılan dəhlizdən istifadə etməyib və hətta guya öz əsgərlərimiz tərəfindən qətlə yetirilib. Bütün bu yalnış məlumatların aradan qaldırılması olduqca böyük əmək hesabına təmin olundu. Bu işdə dövlət qurumları başda olmaqla, diaspor təşkilatlarımız, ayrı-ayrı media qurumlarımız, QHT-lər və xüsusilə də Heydər Əliyev Fondu olduqca böyük fəaliyyət həyata keçirdi. Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırıma ilk siyasi-hüquqi qiymət 1994-cü ilin fevralında Milli Məclis tərəfindən verildi. 2002-ci il fevralın 25-də isə ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində “Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir” deyərək bu amansız soyqırımına əsl qiymətini verdi. Prezident İlham Əliyevin hakimiyyətə gəlişi ilə Xocalı soyqırımının tanınması prossesi Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirildi. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atıldı. Xocalı soyqırımının tanınması işində Heydər Əliyev Fondunun və şəxsən Mehriban xanım Əliyevanın göstərdiyi fəaliyyət xüsusi olaraq qeyd edilməlidir. Fond Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində çox sistemli və ardıcıl fəaliyyətini bu gün də davam etdirir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Brüsseldə təşkil olunan “Təcavüzün qurbanları” adlı foto və uşaq rəsmlərinin sərgisi, ayrı-ayrı ölkələrdə keçirilən “Xocalı həftəsi” adlı tədbirlər, Berlində keçirilmiş “Xocalı soyqırımı və 1915-ci il hadisələrindəki gerçəklər” adlı elmi konfrans, məktəblilər arasında keçirilən “Xocalı - uşaqların gözü ilə” rəsm müsabiqəsi və bu əl işlərinin dünyanın aparıcı ölkələrində nümayişi, Xocalı soyqırımının ildönümlərinin dünyanın 100-dən çox ölkəsində keçirilməsi ilə bağlı həyata keçirilən silsilə tədbirlər, Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyası təsis edilməsi və hazırda da dünyanın 60-dan çox ölkəsində yüzlərlə könüllünün iştirakı ilə bu kampaniyanın uğurla davam etdirilməsi dünya ictimaiyyətində XX əsrin ən böyük faciəsi haqqında daha dolğun təsəvvür yaradıb. Diaspor təşkilatlarımızın fəaliyyəti də xüsusi olaraq qeyd olunmalıdır. Hər il Xocalı soyqırımının anım günlərində ayrı-ayrı ölkələrdə keçirilən tədbirlər, konfranslar, film nümayişlərinin təşkili erməni təbliğatının ifşasında çox mühüm rol oynadı və indi də oynamaqda davam edir. Beləliklə, dövlət və insanlarımızın birgə səyləri nəticəsində bu gün Xocalı soyqırımı artıq bir sıra beynəlxaq təşkilatlar və dövlətlər tərəfindən tanınır. Amma bu da yetərli deyil. Bizlər dövlət və vətandaş olaraq Xocalı soyqırımı ilə bağlı həqiqətləri dünyaya çatdırmaq üçün davamlı şəkildə fəaliyyət göstərməliyik. Hər kəs bu məsələdə üzərinə düşən vəzifəni dərk etməli və ona uyğun addımlar atmalıdır. Unutmaq olmaz ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması təkcə dövlət qurumlarının vəzifəsi deyil. Burada hər birimizin fəal olmasına ehtiyac var”.

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusu üzrə dərc olunub.

 

Aytəkin Qardaşova

Tarix: 14 Fevral 2025, 15:58   
Избранный
18
46
pravda.az

10Источники