RU

Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq ərazi bütövlüyünü təmin etdi

Etibar Hacıyev,

YAP Ağstafa rayon təşkilatının sədri

Dövlət başçısı İlham Əliyevin bu ilin yanvarında Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsi fevralın 11-də bu televiziya kanalında yayımlandı. Geniş variantda təqdim edilən həmin müsahibə bir daha Azərbaycan reallıqlarının, dövlətimizin daxili və xarici siyasətinin uğurlarının, beynəlxalq münasibətlər sistemində yerinin, mövqeyinin təqdimatında əhəmiyyətli rol oynadı. Cənab İlham Əliyev hər bir müsahibəsində, çıxışında öncə diqqəti Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsinə, onun yaratdığı reallıqlara yönəldir. Sözügedən müsahibə də bu baxımdan diqqətdə oldu. Belə ki, “Ölkəmiz üçün son illərin ən mühüm nailiyyəti ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası oldu. Bunu beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həyata keçirdik” söyləyən cənab İlham Əliyev bildirdi ki, 30 il ərzində bu, milli ideyamız idi və hədəfimizə nail olmaq, ədaləti bərpa etmək üçün bütün səylərimizi səfərbər etdik. Əfsuslar olsun ki, beynəlxalq hüququn normaları işləmədi və beynəlxalq təşkilatlar yardımçı olmadılar. Çünki çoxsaylı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr, sadəcə, kağız üzərində qalmışdı. Ədaləti özümüz bərpa etməli olduq. Bu, bir daha onu nümayiş etdirir ki, indi dünyanın həqiqətən də beynəlxalq öhdəliklərə tam hörmət edilməsinə ehtiyacı var.

44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz, 2023-cü ilin sentyabr ayında bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa olunması qalib, bütövləşən Azərbaycanın qarşısında yeni imkanlar yaratdı. Digər sahələr kimi, xarici siyasət uğurlarımızın da miqyası genişləndi. Azərbaycanın ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin daha da möhkəmlənməsi, coğrafiyasının genişlənməsi, yeni körpülərin qurulması ilə bağlı təşəbbüsləri və bunun reallıqda öz əksini tapması diqqətdən kənarda qalmır.

Bugünümüzün reallığı budur ki, Azərbaycan Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutur. Dövlət başçısı İlham Əliyev həmin müsahibədə jurnalistin Azərbaycanın hazırda çoxqütblü dünyada yerinin harada olması ilə bağlı sualına cavab olaraq bildirdi ki, biz ən başdan, müstəqilliyimiz bərpa ediləndən bəri olduğumuz yerdəyik. Azərbaycan güclü, özünü təmin edən iqtisadiyyat qurdu. Ümumi daxili məhsula nisbətdə xarici borcun səviyyəsi cəmi 6,9 faizdir. Buna əsaslanaraq regionda bağlantılar yaradan genişmiqyaslı layihələr həyata keçirmişik və aid olduğumuz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutmuşuq. Əlbəttə ki, milli maraqlarımızı, həyat tərzimizi və müstəqil siyasətimizi qəti şəkildə müdafiə etmişik və çoxlu uğur qazanmışıq. Dünya xəritəsində nisbətən yeni olan Azərbaycanın öz milli maraqlarını müdafiə edən və bütün dünyada yaxşı əlaqələr quran ölkə kimi nümunəsi onu göstərir ki, cəmiyyətdə sabitlik, birlik varsa, siz öz maraqlarınızı müdafiə edə bilərsiniz.

Hədəf Azərbaycanın dünyanın siyasi və iqtisadi xəritəsində öz yerini tutmasından ibarət idi. Ölkəmizin iqtisadi müstəqilliyini təmin etməsi siyasi mövqeyini möhkəmləndirdi. Azərbaycan hazırda etibarlı və arzuolunan tərəfdaş kimi dünyanın diqqətindədir. Ötən ilin mühüm hadisəsi kimi tarixə yazılan COP29 bütün bu reallıqlara işıq saldı. Azərbaycan belə bir mötəbər tədbirə ev sahibliyi etməklə malik olduğu imkanları, beynəlxalq nüfuzunu dünyaya təqdim etdi. Cənab İlham Əliyevin müsahibəsində qeyd etdiyi kimi, təxminən 200 ölkəni bir araya gətirən İqlim konfransına ev sahibliyi etmək böyük çağırış, böyük məsuliyyət, eyni zamanda, böyük nailiyyət idi. Azərbaycanın şaxələnmiş xarici siyasətinin daha bir nümayişi ondan ibarət idi ki, namizədliyimizi təqribən 200 ölkə və beynəlxalq təşkilat yekdilliklə dəstəklədi. Bundan əvvəl 120 ölkəni birləşdirən, BMT Baş Assambleyasından sonra ikinci böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına 4 il ərzində uğurla sədrlik etdik. Bu onu göstərir ki, dostluğa, əməkdaşlığa, heç bir ölkənin daxili işlərinə qarışmamağa əsaslanan siyasətimiz həqiqətən də beynəlxalq arenada dəstəklənir.

Избранный
31
yeniazerbaycan.com

1Источники