RU

“Bayern” Camal Musiala ilə müqaviləsini yenilədi

Almaniya nəhəngi “Bayern” münhenlilərin hücumameyilli yarımmüdafiəçisi Camal Musiala ilə müqaviləsinin müddətini uzadıb.

Arena.az bu barədə Münhen təmsilçisinin rəsmi saytına istinadən məlumat verir.

Yenilənmiş müqavilənin müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq. Tərəflər arasındakı maliyyə hesabatı isə açıqlanmayıb. Bu xüsusda ancaq təxmin etmək qalır. Belə ki, daha əvvəl “Bayern”lə Musiala arasındakı danışıqlarda çətinlik yaranmışdı. Münhen klubu futbolçu ilə müqaviləsinə məbləği müəyyən edilmiş təzminat haqqını daxil etmək istəmirdi, Musiala isə bunda israr edirdi. Görünür, tərəflər ortaq məxrəc əldə edə biliblər.

Əlavə edək ki, 21 yaşlı Camal Musiala Avropanın ən perspektivli gənc futbolçularından biri sayılır. Avropanın bir çox aparıcı klubunun Musialada gözü var.

“Sauthempton” və “Çelsi”nin futbol akademiyalarından keçmiş Camal Musiala 2019-cu ilin yayından “Bayern”də çıxış edir.
Futbolçunun Münhen klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Musiala “Bayern”in heyətində 30 oyun keçirib, 15 qol vurub, 8 məhsuldar ötürmə verib.

Gənc yarımmüdafiəçinin “Bayern” karyerası ümumilikdə 193 oyun, 58 qol və 38 məhsuldar ötürmədən ibarətdir.

Musiala “Bayern”lə UEFA Çempionlar Liqasının (2019/2020), FIFA Klub Dünya Kubokunun (2021), UEFA Super Kubokunun (2020/2021) qalibi olub. Musiala Münhen klubu ilə 4 dəfə Almaniya çempionu (2019/2020, 2020/2021, 2021/2022, 2022/2023) və 3 dəfə Almaniya Kubokunun (2020/2021, 2021/2022, 2022/2023) qalibi olub.

Camal Musiala 2021-ci ilin mart ayında debüt etdiyi Almaniya yığmasının heyətində 38 oyun keçirib, 7 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 21 yaşlı almaniyalı hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 140 milyon avro məbləğində qiymətləndirir.

Избранный
19
2
arena.az

3Источники