Lokal xarakterli antiterror əməliyyatları nəticəsində Harutyunyan Arayik Vladimiri (Vladimiroviç) 2023-cü il oktyabrın 3-də yaşadığı Xankəndi şəhərində yerləşən fərdi yaşayış evində tərk-silah edilməklə saxlanılıb və yaşadığı evin həyətyanı sahəsində aparılmış axtarış zamanı oradan “AK-74” markalı avtomat silahları, döyüş sursatı hesab edilən 5 min 25 ədəd patron və digər silah və döyüş sursatı aşkar edilərək götürülüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə məhkəmə prosesində deyilib.
Sahakyan Bako Sahaki həmin tarixdə Xankəndi şəhəri ərazisində tərksilah edilməklə saxlanılıb və yaşadığı fərdi yaşayış evində axtarış keçirilən zaman oradan qəlpəli “F-1” əl qumbarasının 14 ədəd gövdə hissəsi, atəşə yararlı 2 min 611 ədəd patron və digər silah və döyüş sursatı aşkar edilərək götürülüb.
İşxanyan Davit Rubeni həmin tarixdə Xankəndi şəhəri ərazisində tərk-silah edilməklə saxlanılıb və qanunsuz sahibləndiyi, Xankəndi şəhəri ərazisində yerləşən mehmanxanada axtarış keçirilən zaman oradan “AK-74, “AKS-74”, “AKS-74U” və sair konstruksiyalı avtomatik silahlarda istifadə edilmək üçün nəzərdə tutulan 481 ədəd patron və həmin avtomatik silahların komplekt hissəsi olan 4 ədəd sandıqça aşkar edilərək götürülüb.
Manukyan Davit Azati 2023-cü il sentyabrın 27-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılıb və yaşadığı ünvanda axtarış keçirilən zaman oradan “AK-74” markalı avtomat silahların komplekt hissəsi olan 3 ədəd sandıqça, “CZ 75 Compact” modelli 1 ədəd tapança və digər silah və döyüş sursatı aşkar edilərək götürülüb.
Babayan Davit Klimi 2023-cü il sentyabrın 28-də Xankəndi şəhər ərazisində, Mnatsakanyan Lyova Henrixi 2023-cü il sentyabrın 29-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Laçın sərhəd-buraxılış məntəqəsində, Qukasyan Arkadi Arşaviri 2023-cü il oktyabrın 3-də Xankəndi şəhər ərazisində tərk-silah edilməklə saxlanılıblar.
Həmçinin Paşayan Melikset Vladimiri, Martirosyan Qarik Qriqori, Stepanyan Qurqen Homerosi və Allahverdiyan Davit Nelsoni 2023-cü il sentyabrın 20-də Xocalı rayonunun Dağdağan kəndi ərazisində, Babayan Madat Arakeli 2023-cü il sentyabrın 20-də Ağdərə rayonunun Qozlukörpü kəndi ərazisində, Balayan Levon Romiki 2023-cü il sentyabrın 20-də Şuşa şəhəri ərazisi yaxınlığında, Beqlaryan Vasili İvani 2023-cü il sentyabrın 26-da Kəlbəcər rayonu ərazisində, Qazaryan Erik Roberti 2023-cü il sentyabrın 27-də Ağdərə rayonunun Həsənriz kəndi ərazisində tərk-silah edilməklə saxlanılıb və üzlərində çoxlu sayda silah, onun komplekt hissələri və döyüş sursatı, o cümlədən piyadaəleyhinə minalar aşkar edilərək götürülüb.