RU

Ailələrin dağılmasına səbəb nədir?

Boşanma bir zamanlar sevgi və ümidlə qurulan münasibətin sona çatmasıdır. Bəzi evliliklər zamanla möhkəmlənir, digərləri isə ayrılıqla nəticələnir.

Klinik psixoloq Vüsalə Əmirova İkisahil.TV-yə müsahibəsində boşanmaların əsas psixoloji səbəbləri və münasibətlərarası  məsələlərə aydınlıq gətirdi.

Vüsalə xanım, sizcə son vaxtlat boşanmaların sayının artmasının  səbəbi nədir?

- Boşanma bir çox halda sadəcə bir səbəbdən deyil, bir neçə faktorun üst-üstə yığılması nəticəsində baş verir. Cütlüklər arasında effektiv ünsiyyətin olmaması ən yayılmış boşanma səbəblərindən biridir. Əgər tərəflər bir-birini dinləmir, problemlərini açıq şəkildə ifadə etmir və ya emosional ehtiyaclarını paylaşmırlarsa, zamanla anlaşılmazlıq və emosional uzaqlaşma yaranır. Qarşılıqlı ittihamlar, müdafiə mövqeyinə keçmək və ya problemləri görməzdən gəlmək münasibətlərin dağılmasına gətirib çıxarır. Əsas məsələ, bu problemləri erkən mərhələdə tanımaq, açıq ünsiyyət qurmaq və mümkün olduğu qədər birlikdə həll yolları tapmaqdır.

- Keçmişdə cəmiyyət evliliyi davam etdirmək üçün daha çox təzyiq göstərirdi. Ancaq bu gün ailə dəyərlərində fərqli yanaşmalar formalaşıb bu barədə nə deyərdiniz?

-Psixoloji baxımdan cəmiyyətin evliliyə münasibətinin zamanla dəyişməsi insanın fərdi xoşbəxtliyi və psixoloji rifahı ilə bağlı daha şüurlu qərarlar verməsinə imkan yaradır. Əvvəllər evlilik sosial və ailəvi təzyiqlərlə qorunurdu, insanlar münasibətdə xoşbəxt olmasalar belə, cəmiyyətin qınağından çəkinərək birlikdə qalmağa çalışırdılar.

Ancaq bu gün fərdlər şəxsi rifahlarını ön plana çəkir və münasibətin davam etməsi üçün yalnız sosial gözləntilərin yetərli olmadığını anlayırlar. Psixoloji tədqiqatlar göstərir ki, uzunmüddətli evlilik yalnız sevgi qarşılıqlı anlaşma və emosional bağlılıq üzərində qurulduqda sağlam və davamlı olur. Əgər münasibət emosional olaraq insanı tükəndirirsə, özünü ifadə etməsinə, inkişafına və psixoloji rahatlığına mane olursa, belə bir evliliyin davam etdirilməsi fərdin psixi sağlamlığına mənfi təsir göstərə bilər.

Bununla belə, boşanmanın tək çıxış yolu kimi görülməsi də risklidir. Bəzi hallarda problemlər ünsiyyət çatışmazlığından və həll edilə bilən məsələlərdən qaynaqlanır. Bu səbəbdən boşanma qərarı verilmədən öncə tərəflərin problemləri sağlam şəkildə həll etməyə çalışması, professional psixoloji dəstək alması və münasibətlərin dərin analizini aparması vacibdir. Nəticə olaraq müasir dövrdə boşanmanın daha qəbulolunan olması insanlara münasibətlərində daha azad və şüurlu seçimlər etməyə imkan yaradır. Əsas məsələ bu qərarın emosional impulslarla deyil, dərin düşüncə və özünüdərk əsasında verilməsidir.

- Boşanma zamanı keçmiş həyat yoldaşı ilə münasibətləri dostcasına qorumaq mümkündürmü, yoxsa bu, hər zaman riskli ola bilər?

- Bəli mümkündür, amma bu, bir sıra şəraitlərə və hər iki tərəfin psixoloji vəziyyətinə bağlıdır. Psixoloji cəhətdən münasibətləri dostcasına saxlamaq, emosional olaraq hər iki tərəfin də münasibətlərini bitirməsi və yeni həyatlarına başlamağa tam hazır olması ilə mümkündür. Əgər biri və ya hər ikisi keçmiş münasibətdə hələ də emosional bağlılıq və ya həll olunmamış problemlər hiss edirsə, bu, dostluq qurmağı çətinləşdirə bilər.

Birincisi, hər iki tərəf də boşanmanın tam olaraq tamamlandığını və yeni mərhələyə keçdiklərini anlamalıdır. Nəticə olaraq keçmiş həyat yoldaşı ilə dostcasına münasibət qurmaq mümkündür, amma bu, qarşılıqlı hörmət, emosional tamamlanma və sağlam sərhədlərin mövcudluğuna əsaslanmalıdır. Yoxsa bu, həm şəxsi, həm də psixoloji risklər yarada bilər.

-Boşanma valideyn-uşaq münasibətinə necə təsir edir? Boşandıqdan sonra valideyn-uşaq münasibətini sağlam saxlamaq üçün nə etmək olar?

- Boşanma valideyn-uşaq münasibətinə müxtəlif yollarla təsir edə bilər və bu prosesin uşağın emosional inkişafına mənfi təsir göstərməməsi üçün valideynlərin şüurlu addımlar atması vacibdir. Psixoloji tədqiqatlar göstərir ki, uşaqlar üçün əsas stress mənbəyi boşanmanın özü deyil, valideynlər arasındakı konfliktlər və qeyri-sabitlikdir. Əgər valideynlər boşanmanı düşmənçilik və münaqişə ilə müşayiət edirlərsə uşaqda güvənsizlik, təşviş və hətta davranış pozuntuları müşahidə oluna bilər. Digər tərəfdən, əgər valideynlər boşanmanı yetkin və anlaşmalı şəkildə idarə edirlərsə, uşaq özünü daha təhlükəsiz hiss edər və psixoloji cəhətdən daha sağlam olar. İlk  olaraq stabil emosional mühit yaratmaq lazımdır. Uşağın hisslərinə hörmət etmək vacibdir. Uşaq hər iki valideynin sevgisini və dəstəyini hiss etməlidir və valideynlər arasında seçim etmək məcburiyyətində qalmamalıdır.   Əsas məsələ valideynlərin bu prosesi sağlam və yetkin yanaşma ilə idarə etməsidir.

- Boşanma sonrası həyatı daha sağlam və harmonik şəkildə davam etdirmək üçün ən vacib nəyi unutmamalıyıq?

- Boşanma hər nə qədər çətin və emosional olaraq yüklü bir proses olsa da, insanın şəxsi inkişafı və daxili balansını yenidən qurması üçün bir fürsət ola bilər. Əsas məsələ bu dövrü sağlam şəkildə keçmək və emosional rifahı qorumaqdır. Özünüzü tənqid etmədən, keçmişi olduğu kimi qəbul edib, emosiyalarınızı ifadə etməyə icazə vermək vacibdir. Valideynlər üçün  uşaqlarına təhlükəsiz sevgi hissini ötürmək əsas prioritet olmalıdır. Lazım olduqda, konfliktlərin qarşısını almaq üçün neytral vasitələrdən və ya psixoloji dəstəkdən istifadə etməlidirlər. Demək olar ki, boşanma insan həyatında böyük bir dəyişiklik olsa da, bu dəyişiklik psixoloji rifahınıza uyğun olaraq emosional yetkinliklər və sağlam strategiyalarla idarə edilməlidir.

- Boşanma zamanı özünü dəyərsiz və tək hiss edən bir insan üçün hansı psixoloji dəstək tövsiyə edərdiniz?

- Boşanma zamanı özünü dəyərsiz və tək hiss etmək çox təbii bir reaksiyadır. Çünki bu dövr emosional cəhətdən yüklüdür və fərdin kimlik, məqsəd və həyat planları üzərində böyük bir təsirə malik ola bilər. Bu hisslərlə başa çıxmaq və emosional sağalma prosesi keçirmək üçün bir neçə psixoloji dəstək yanaşması tətbiq oluna bilər. Boşanma bir itkiyə bənzəyir və bu dövrü keçirmək zaman alır. İnsan şüurlu olaraq bu vəziyyəti dərk etməli və qəbullanmalıdır. Bu cür ifadə etmə psixoloji təzyiqi azaldır. Hər hansı bir fərd özünü situasiyaya uyğun olaraq dəyərsiz hiss edərsə yeni maraqlara və fəaliyyətlərə başlaya bilər. Belə ki, idman, yoqa və ya gəzintilər emosional rifaha müsbət təsir göstərərək insanın özünü yenidən tapmağa kömək edə bilər.

Deyərdim ki, boşanma həyatın sonu deyil, özünüzü dəyərsiz hiss etdiyiniz zaman gələcəyinizə fokuslanmağa çalışın. Nəticə olaraq boşanma zamanı özünü dəyərsiz və tək hiss etmək normaldır, amma bu hisslər qalıcı deyil. Şəxsi inkişaf və psixoloji dəstək ilə zamanla daha güclü və balanslı bir şəxsiyyətə çevrilmək mümkündür.

Şəmsiyyə Əliqızı,
Səbinə Kazımova, “İki sahil”

Избранный
59
21
ikisahil.az

10Источники