"Gürcüstan hakimiyyəti məni məhv etməyə çalışırlar. Mənim məhv edilməyim, onların artıq məhv etdikləri Gürcüstan dövlətçiliyi ilə müqayisədə heç nədir".
Missiya.Az “Aktual.ge”yə istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili bu gün keçirilən məhkəmə prosesinə onlayn qoşularkən deyib.
O bildirib ki, hakimiyyət onu vətənini sevdiyinə görə cəzalandırır:
“Heç kim tarixi dəyişə bilməz ki, biz Gürcüstan tarixinin ən uğurlu 9 ilinin simvolu olmuşuq. Mən ona görə cəzalandırıram ki, cəsarət edib müasir dövlət yaratdım. Ona görə cəzalandırıram ki, bataqlıqdan, səfalətdən Batumini inşa etdim. Ona görə cəzalandırıram ki, turistlərin sayını 50 mindən 7 milyona çatdırdım. Ona görə cəzalandırıram ki, korrupsiyanı məğlub etdim və heç kimə xalqın hesabına varlanmağa imkan vermədim. Mən ona görə cəzalandırıram ki, öz vətənimi sevirəm və öz həyatımı təhlükəyə ataraq geri qayıtdım. Əgər bu, siyasi təqib deyilsə, bəs dünyada siyasi təqib nədir?! Buna görə də hamını ayıq olmağa çağırıram. Hamını birləşməyə çağırıram. Tez-tez mənim adımı çəkməkdən çəkinənlər mənim tərəfdarlarımın mütləq əksəriyyətini ruhdan salırlar. Mən həmişə onlara çağırış edirəm ki, aksiyalarda iştirak etsinlər. Bizə çoxlu insan, cəsarət və birlik lazımdır. Birliyə alternativ yoxdur. Buna görə də biz bu yolla getməliyik”, - deyə siyasətçi vurğulayıb.
Onun sözlərinə görə, Gürcüstan siyasi məhbusların sayına görə hətta Belarusdan da irəli keçib.
“Həqiqətdə isə hamı çox yaxşı bilir ki, mən nəyə görə buradayam. Xatırlayırsınız ki, mənim 9 milyard dollar oğurladığımı deyirdilər. İndi yəqin ki, xatırlamırsınız, amma dünyanın hər yerindən istefaya çıxmış prokurorları gətirdilər ki, bəlkə Saakaşvilinin əleyhinə nə isə tapsınlar, heç olmasa barmağına dolayacaq bir şey olsun”, - deyə sabiq prezident əlavə edib.
Saakaşvili qeyd edib ki, mübarizə Gürcüstanın qələbəsi ilə başa çatacaq.
“Düzdür, indi küçədə qışdır, amma əminəm ki, bahar gəlir və azadlıq da yaxınlaşır. Bu mübarizə mütləq uğurla yekunlaşacaq. Buna əminəm. Hamıya demək istəyirəm ki, bu, çətin bir mübarizədir. Mən bütün siyasi məhbuslarla tam həmrəyliyimi bildirirəm”, - deyə siyasətçi yekunlaşdırıb.
Daşqın HəsənovMissiya.Az