Xankəndi, 21 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan Xankəndi tikiş fabriki fəaliyyətə başlayandan bəri 50 minə yaxın idman köynəyi istehsal edilib. Bu il isə 924 min ədəd köynək istehsalı planlaşdırılır. Fabrikdə istehsal olunacaq məhsullar müxtəlif ölkələrə də ixrac ediləcək.
Prezident İlham Əliyev fevralın 19-da Xankəndiyə səfəri zamanı müəssisənin fəaliyyəti ilə də tanış olub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, layihənin ümumi investisiya dəyəri 11 milyon manat təşkil edir. İndiyədək 5,5 milyon manat investisiya qoyulub. Fabrikin xammal tədarükü üçün birgə sənaye əməkdaşlığı həyata keçirilir. Həmçinin fabrik tam gücü ilə işlədikdən sonra yerli pambıq xammalı əsasında parça toxunması üçün istehsal sahəsinin yaradılması nəzərdə tutulur.
Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan Xankəndi tikiş fabriki yüngül sənayenin inkişafı üçün yeni imkanlar açır və ölkələrimiz arasında ənənəvi dostluq, qardaşlıq, iqtisadi tərəfdaşlıq əlaqələrini möhkəmləndirir.
Burada, ümumilikdə, 800 iş yeri yaradılacaq. Layihənin ilkin mərhələsi üzrə peşəkar təlim almış 300 nəfər hazırda işlə təmin olunub. Müəssisədə əsasən işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan vətəndaşların məşğulluğuna xüsusi diqqət yetirilib.
Fabrikdə işlə təmin olunan Xankəndi sakini Lalə Qarayevanın təəssüratlarını öyrənirik: “Mən Ağdam rayonundanam. Xankəndi tikiş fabrikində işlə təmin olunduğum üçün çox sevinirəm. Fevralın 19-da Prezidentimiz fabriklə tanış oldu, işimizdən razı qaldı, bizə uğurlar arzuladı. Bu günləri bizə yaşatdığı üçün Prezidentimizə, Ordumuza təşəkkürümü bildirirəm”.
Ruhiyyə Qasımova həm işindən, həm də Xankəndi şəhərində çalışmaqdan məmnun olduğunu deyir: “Xankəndidə tikiş fabrikinin açılmasını eşidən kimi müraciət etdim. Sağ olsunlar, işlə də, evlə də təmin olunmuşam. Xankəndidə yaşamaq, işləmək çox qürurvericidir. Biz qadınlar işləyir, ailəmizə dəstək oluruq. Bir hərbiçi anası olaraq bizə bu günləri qismət etdiyinə görə Prezidentimizə, Ordumuza təşəkkürümü bildirirəm, şəhid anaları qarşısında baş əyirəm”.
Qeyd edək ki, Xankəndi tikiş fabrikinin açılışı ötən ilin noyabrında Bakıda keçirilən COP29 tədbiri zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən videobağlantı vasitəsilə olub. Ərazisi 1,2 hektar olan Xankəndi tikiş fabrikinin inşası Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsinə dair iki ölkə prezidentlərinin tapşırıqlarına əsasən həyata keçirilib.