RU

Neft və Sənaye Universitetində “TələbəPlus” kartı ilə bağlı infosessiya keçirilib

Bakı, 21 fevral, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “TələbəPlus” kartı ilə bağlı infosessiya keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, rektor Rüfət Əzizov layihənin tələbələrin sosial fəaliyyətlərindəki əhəmiyyətindən bəhs edib. Dövlətin vətəndaşlarının ali təhsil imkanlarının yaxşılaşdırılması, əlçatanlığı təmin etmək, həmçinin elmi innovasiya fəaliyyətlərinin inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışan rektor “TələbəPlus” kartının bu mənada onlar üçün innovativ təşəbbüs olduğunu bildirib. Rüfət Əzizov ölkəmizdə tələbələr üçün geniş imkanların mövcud olduğunu qeyd edərək Təhsilin İnkişafı Fondunun həyata keçirdiyi layihələrin mühüm töhfələr verdiyini vurğulayıb. O, Fondun fəaliyyətini yüksək qiymətləndirərək bu sahədəki uğurların davamlı olacağına inandığını bildirib.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov təhsilin məzmunun inkişafı sahəsində görülən mühüm işlər və ölkə rəhbərinin bu layihələrə göstərdiyi dəstəyi qeyd edib. Elnur Nəsibov “TələbəPlus” kartlarının bütün ölkə üzrə tələbələrin eyni güzəşt və endirimlərdən yararlanmalarını təmin etmək, eyni zamanda, onların sosial həyatına dəstək göstərmək məqsədi daşıdığını vurğulayıb. İdarə Heyətinin sədri əməkdaşlıq müqaviləsi imzalanmış 23 universitet üzrə bakalavriat, magistratura və doktorantura pillələrində təhsil alan 190 min tələbənin “TələbəPlus” kartı ilə təmin edilməkdə olduğunu diqqətə çatdıraraq bu siyahıya Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda yerləşən ali məktəblərin də daxil olduğunu bildirib.

Sonra çıxış edən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) sədri Araz Paşayev ATİAHİ Respublika Komitəsinin yeni layihələrlə təhsilin inkişafını daim dəstəklədiyini, eyni zamanda, ittifaq üzvləri üçün əlçatanlığı təmin etmək məqsədilə bir sıra layihələrin həyata keçirildiyini diqqətə çatdırıb. Araz Paşayev komitənin elm və təhsil sahəsində həyata keçirilən innovativ layihələrin daim yanında olduğunu bildirib. Bu baxımdan sədr ötən il ATİAHİ ilə Təhsilin İnkişafı Fondu arasında imzalanmış memorandumdan sonra daha sıx əməkdaşlıq etdiklərini vurğulayaraq ATİAHİ-nin “TələbəPlus” təşəbbüsünə dəstək göstərməsindən məmnunluğunu qeyd edib.

Tədbirdə, həmçinin layihənin tərəfdaşı olan CELT Tədris və İnkişaf Mərkəzinin direktoru Xəyyam Dəmirov, Mərkəzin nümayəndələri Nərminə Abdullayeva və Fərid Kərimov çıxış ediblər.

“TələbəPlus” layihəsi Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin birgə təşəbbüsü ilə həyata keçirilir. Layihənin məqsədi tələbələrə eyni güzəşt və endirimlər təqdim etməklə yanaşı, onların tələbəlik dövründən maliyyə əlçatanlığını təmin etmək, gündəlik xərclərini daha səmərəli şəkildə izləmək fürsəti, həmçinin onların sosial həyatlarına dəstək göstərmək məqsədi daşıyır.

Избранный
15
6
azertag.az

7Источники