RU

Bəsirət gözünün açılması: Tehran dostu düşməndən ayırmağa başlayır?

Azərbaycan-İran münasibətlərində normallaşma prosesi müsbət dinamika üzrə davam edir, xüsusilə bu ilin əvvəlindən etibarən qarşılıqlı səfərlərdə, ikitərəfli əməkdaşlıq və müxtəlif sahələrdə əlaqələrin inkişafı ilə bağlı müzakirələrin aparılmasında intensivlik müşahidə edilir. Təbii ki, Bakı-Tehran xəttində daha öncə yaşanan problemlər fonunda münasibətlərin mövcud vəziyyəti müsbətdir və problemlərin aradan qalxması təsadüfi deyil. Bunu bir neçə kontekstdə dəyərləndirmək olar.

İki ölkənin tarixi əlaqələri

Bakı-Tehran xəttində zaman-zaman mənfi tendensiyalar yaşansa da, ikitərəfli münasibətlər və regionun gələcəyinin inşa edilməsində əməkdaşlıq təcrübəsi kifayət qədər zəngindir. Azərbaycan İran üçün Cənubi Qafqazda əməkdaşlıqdan yalnız fayda götürdüyü əsas ölkə olub və istər iqtisadi, istərsə siyasi müstəvidə əlaqələrdən dividentlər qazanıb. İkitərəfli əməkdaşlıq təkcə hər iki ölkəyə divident gətirmir, eyni zamanda, Cənubi Qafqazdan Yaxın Şərqə qədər böyük coğrafiyada sülh və sabitlik perspektivi yaradır.

Süni gərginlik yaradan təxribatçı dairələr

Azərbaycan-İran münasibətlərində müşahidə edilən problemlərin heç vaxt əsası olmayıb. Bu, daha çox İranda bəlli dairələr tərəfindən süni şəkildə gündəmə gətirilən iddialara söykənib və məqsədyönlü xarakter daşıyıb. 44 günlük müharibədən sonra İranın regionla bağlı yanlış siyasəti də bu dairələrin yanaşmalarından qaynaqlanırdı. Bakı-Tehran xəttində münasibətlərin inkişafına qarşı olan bu dairələrin bir neçə istiqamətdə təxribatyönlü fəaliyyəti qeydə alınıb.

- Azərbaycanı “regiona kənar qüvvələri gətirməkdə” ittiham edir, diqqəti kənar qüvvələri regiona gətirən Ermənistanın üzərindən yayındırırdılar;
- Azərbaycanın müstəqil xarici siyasətini və müxtəlif ölkələrlə əməkdaşlığını “İrana qarşı addım” kimi manipulyativ formada təqdim edirdilər;
- Azərbaycan və İranın yüksək səviyyəli təmaslarını kəsmək, münasibətləri gərginləşdirmək məqsədilə həm informasiya müstəvisində süni gərginlik yaradır, həm də praktiki müstəvidə addımlar atırdılar: Tehranda səfirliyimizə qarşı törədilən terror aktı bu addımlardan biri idi;

Prezident İlham Əliyev də bu ilin yanvarın 7-də yerli telekanallara müsahibəsində bunu təşkil olunmuş terror aktı adlandırıb.

“Bu, təşkil olunmuş terror aktı idi. Bunu deməyə əsas verən bir çox amillər var idi. Birincisi, təxminən 40 dəqiqə ərzində bir dənə də polis maşını oraya yaxınlaşmamışdı. Halbuki bu, paytaxtın mərkəzində idi. Terroru törədən şəxs sonra dərhal, ertəsi gün psixi xəstə elan edildi. Halbuki istənilən tibbi ekspertiza bir neçə gün davam edir. Həmin bu şəxs elə terroru törətdiyi gün mətbuata çıxıb və müsahibə verir. O hadisədən iki il keçir. Bu günə qədər o insan ona verilən hökmə məruz qalmayıb. Bütün bunlar göstərir ki, bu, təşkil olunmuşdu”, - dövlət başçısı diqqətə çatdırıb.

- Suverenliyimizə qarşı təxribat addımlar atılıb: Ermənistana dəstəklə yanaşı, Xankəndidəki quldur dəstəsinə yardımların edilməsi bunun real nümunələrindən idi.

Prezident İlham Əliyev müsahibəsində bu məsələyə münasibət bildirərkən deyib ki, ikinci Qarabağ müharibəsi başa çatandan, artıq biz Laçın yoluna vizual müşahidə əldə edəndən sonra görməyə başladıq ki, İrandan gələn yanacaqdaşıyan yük maşınları müntəzəm olaraq Qarabağa Ermənistandan səfərlər edirlər. Dövlət başçısı bununla bağlı iran tərəfinə xəbərdarlıqların edilməsinə baxmayaraq, eyni fəaliyyətin davam etdirildiyini xatırladıb.

“Saxta erməni maşın nömrələrini İran yanacaqdaşıyan yük maşınlarının üzərinə yapışdırmaqla sanki bu, Ermənistan maşınlarıdır. Amma onların üzərində farsca yazılar da var idi. Bu, bizi çox təəccübləndirdi. Özü də biz araşdırmağa başladıq. Gördük ki, eyni nömrə bir neçə maşına yapışdırılır, yəni, nömrə eyni, maşınlar fərqli idi. Yəni, bu saxtakarlığı da o qədər səliqəsiz etmişdilər ki, adam, vallah, söz tapa bilmir. Ondan sonra biz artıq bir maşını saxladıq, sürücülər saxlanıldı və biz gördük ki, onların yol sənədlərində yazılıb ki, Stepanakert, Ermənistan. Yəni, bu, açıq bizim ərazi bütövlüyümüzə, suverenliyimizə hörmətsizlik idi”, - dövlət başçısı qeyd edib.

Prezident əlavə edib ki, İranda əvvəlki hakimiyyətlə bizim münasibətlərimizin pisləşməsi bizim günahımız ucbatından olmayıb.

Azərbaycan mehriban qonşuluq siyasətinə sadiqdir

İranda Azərbaycana qarşı atılan addımlara rəğmən rəsmi Bakı qonşuluq siyasətindən kənara çıxmayıb. Bəlli dairələrin iddialarına baxmayaraq, heç vaxt İrana qarşı olan addımlara, o cümlədən, sanksiyalara qoşulmayıb. Əksinə, ikitərəfli münasibətlərin, eləcə də regional əməkdaşlığın inkişafı istiqamətində mühüm səylər göstərib.

44 günlük müharibədən sonra Azərbaycanın təklif etdiyi “3+3” formatında İranın da yer alması, Zəngəzur dəhlizinin İran hissəsindən də keçməsi ilə bağlı görülən işlər, “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsində dərin əməkdaşlıq belə nümunələrdəndir.

Избранный
13
publika.az

1Источники