RU

“Şəfəq-Asiman” Xəzərin ən dərin yatağıdır

Burada ilk kəşfiyyat quyusu 7 min metri ötüb

Ötən il Xəzər dənizinin Azər­baycan sektorunda yerləşən “Şəfəq-­Asiman” blokunda qazılmış ilk kəşfiyyat quyusunda aşkar olunmuş karbohidrogen ehtiyatlarının də­yər­ləndirilməsi və növbəti fəaliy­yətlərin planlaşdırılması işləri davam etdirilib. Bu barədə “BP-Azərbaycan” şirkəti məlumat verib. 

Xatırladaq ki, 2021-ci ildə qazma işləri başa çatdırılmış “SAX01”quyusundan əldə edilmiş ilkin məlumatlar burada karbohidrogenlərin olmasını təsdiqləyib. 2020-ci ildən başlayaraq “Şəfəq-Asiman” strukturunda, hələlik, bir kəşfiyyat quyusu qazılsa da, mütəxəssislər uzun müddət işlənmədən kənarda qalan blokun karbohidrogenlərlə zəngin olması qənaətindədirlər. 

Şəfəq-Asiman” dəniz bloku üzrə Hasilatın Pay Bölgüsü Sazişinin kəşfiyyat proqramına uyğun olaraq qazma əməliyyatı dənizin 623 metr dərinliyində aparılıb. İlk kəşfiyyat quyusu SOCAR-ın törəmə şirkəti olan “Caspian Drilling Company” tərəfindən Heydər Əliyev adına yarımdalma qazma qurğusu vasitəsi ilə yerinə yetirilib. “SAX01” kəşfiyyat quyusunda qazma işləri 2021-ci ilin mart ayında Fasilə lay dəstinin 7 min 189 metr dərinliyində tamamlanıb. Quyunun keçdiyi lay dəstlərində qaz-kondensat ehtiyatları aşkar edilib. Bütövlükdə isə, strukturda 3 kəşfiyyat quyusunun qazılması nəzərdə tutulur ki, bu da nəticə etibarilə Xəzərin daha dərin hissəsində ilk təcrübə kimi dəyərləndirilir.

Yeri gəlmişkən, “Şəfəq” və “Asiman” perspektiv strukturları 1961-ci ildə aparılmış seysmik kəşfiyyat işləri zamanı aşkar olunub. Əvvəllər D8 və D10 adlandırılan bu sahələr Bakı şəhərindən 125 kilometr cənub-şərqdə yerləşir. Strukturun ümumi sahəsi 1100 kvadratkilometrdir. Burada dənizin dərinliyi 650 metrdən 800 metrə çatır. Strukturun ərazisində kollektorun dərinliyi isə, təxminən, 7 min metr təşkil edir.  

Qeyd edək ki, “Şəfəq-Asiman” perspektiv strukturunda kəşfiyyat işləri ­SOCAR və layihənin operatoru olan BP şirkətlərinin birgə layihəsi çərçivəsində həyata keçirilir. 

 

Избранный
17
xalqqazeti.az

1Источники