Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Gənclər Fondunun təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. BDU Mətbuat xidmətindən AFN.az-a verilən məlumata görə, tədbirdə dünya şöhrətli fotojurnalist Reza Deqati də iştirak edib. Əvvəlcə Dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin və Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrdən biri olduğunu bildirib. O qeyd edib ki, bu soyqırım aktı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biri idi. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələrinin 7 min əhalisi olan Xocalı şəhərində törətdiyi soyqırım aktı nəticəsində 613 nəfər öldürülüb, 1000 nəfər dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb. Onlardan 150-sinin taleyi bu günə qədər hələ də məlum deyil. Rektor diqqətə çatdırıb ki, bu faciəyə ilk dəfə hüquqi-siyasi qiyməti Ümummilli Lider Heydər Əliyev verib. Ulu Öndər Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi soyqırımı və terror siyasətinin mahiyyətini dünya ictimaiyyətinə çatdırılmasını xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləşdirib. Ümummilli Liderin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi "Xocalı soyqırımı günü haqqında" qərar qəbul edib, beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb. Bu gün artıq dünyanın bir çox ölkələrində erməni millətçilərinin törətdikləri qırğınlar soyqırımı aktı kimi tanınır. Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, onun beynəlxalq aləmdə yayılması, həmçinin bu faciəyə obyektiv qiymət verilməsi istiqamətində Heydər Əliyev Fondunun fəaliyyətini xüsusilə qeyd etmək lazımdır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası bu soyqırımının təkcə xalqımıza qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə qarşı yönələn ən ağır cinayətlərdən biri kimi tanıdılması baxımından mühüm işlər həyata keçirməkdədir. Artıq bu təbliğat kampaniyası Amerikadan Avropaya, Mərkəzi Asiya, Yaxın və Uzaq Şərq ölkələri, Avstraliya, hətta Afrikaya qədər geniş bir coğrafiyanı əhatə edir: "2020-ci il xalqımızın başına gətirilən faciələrin qisasının alındığı il oldu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu 44 gündə parlaq qələbəyə imza atdı, ərazi bütövlüyümüz təmin olundu. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan tamamilə təmizləndi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində üçrəngli bayrağımızı ucaltdı. Bu gün bütün torpaqlarımız kimi, Xocalıda da həyat yenidən canlanır, yaralarımız sarınır. Soyqırım aktına, düşmən təcavüzünə boyun əyməyən soydaşlarımız yenidən el-obamızı dirçəldir. Gənclərimiz bu faciənin nəticələrini, Xocalının ağrılı tarixini bilməlidir. Bizim vəzifəmiz isə bu həqiqətləri gələcək nəsillərə düzgün şəkildə çatdırmaqdır". Milli Məclisin deputatı Hikmət Babaoğlu, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktorunun müavini Yusif Vəliyev, BDU-nun Jurnalistika fakültəsinin müəllimi, Azərbaycan Dövlət Televiziyasının şöbə müdiri Mahir Qəribov, "Gənclərin Maarifləndirilməsinə Dəstək" İctimai Birliyinin sədri Aynurə Ələkbərli çıxışlarında Ermənistanın hərbi-siyasi cinayətləri, tarixən həyata keçirdiyi işğalçılıq siyasəti barədə məlumat verib, Xocalı soyqırımının dəhşətlərinin unudulmaması və gənclərin vətənpərvərlik ruhunda böyüməsi üçün təkliflər səsləndiriblər. Dünya şöhrətli fotojurnalist Reza Deqati Xocalı faciəsi zamanı çəkdiyi fotolardan ibarət "Xocalı soyqırımının ağrılı nəticələri" mövzusunda təqdimat edib və şahidi olduğu hadisələrdən danışıb: "Bu dəhşətli soyqırımı zamanı ciddi informasiya müharibəsi var idi. Erməni lobbisi bütün dünyaya bu faciəni fərqli formada təqdim etmişdi. Mən Xocalıda baş verən dəhşətləri fotolentimin yaddaşına köçürdüm və bütün dünyaya yaydım. Biz bu faciəni unutmamalıyıq. 30 ildən çoxdur ki, bu informasiya müharibəsinin iştirakçısı kimi xocalıların səsini, harayını çatdırıram".
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта