RU

Rumıniyada Xocalı qurbanlarının xatirəsi anılıb

Buxarest, 25 fevral, AZƏRTAC

Buxarestdə Azərbaycan səfirliyinin təşkilatçılığı ilə Xocalı faciəsinin 33-cü il dönümünə həsr olunmuş anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Rumıniyada fəaliyyət göstərən xarici ölkələrin səfirləri və akkreditə olan diplomatik nümayəndəliklərin əməkdaşları, tarixçilər, siyasi-ictimai, elm və mədəniyyət xadimləri və Rumıniyada Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbiri giriş sözü ilə Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov Xocalı soyqırımı barədə məlumat verib, hadisənin səbəb və nəticələrinə toxunub. O, Xocalı faciəsinin bütün bəşəriyyətə qarşı törədilmiş cinayət adlandıraraq, Xocalı soyqırımın dünyada tanınması və Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan dövləti, o cümlədən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən fəaliyyət göstərən “Xocalıya ədalət!” kampaniyası barədə danışıb. Həmçinin, səfir Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilən quruculuq-bərpa işlərindən məlumat verib, regionda sülhün və stabilliyin bərqərar olması üçün Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmizin əldə etdiyi uğurlara toxunub. Diplomat doğma evlərinə qayıdan sakinlərin regiona canlanma, həyat gətirdiyini, əmin-amanlıq içində yaşadıqlarını qeyd edib. Bundan əlavə, Qüdsi Osmanov Cənubi Qafqazda stabilliyin və sülhün mövcud olmasının bütün Avropanın, o cümlədən Rumıniyanın marağında olduğunu vurğulayıb.

Rumıniyada nəşr olunan “Geopolitika” jurnalının təsisçi direktoru və baş redaktoru, tanınmış jurnalist Vasili Simileanu qeyd edib ki, Xocalı faciəsi dünyanın digər nöqtələrində təkrarlanması üçün beynəlxalq ictimaiyyət tərəfindən kəskin pislənməlidir. O, dəhşətli hadisəni bəşəriyyət üçün utanc adlandırıraq, soyqırımının törədilməsinə görə məsuliyyət daşıyanların cəzalandırılmasının vacibliyini vurğulayıb.

Sonra Xocalı soyqırımından bəhs edən videoçarx nümayiş olunub, tədbir iştirakçıları Xocalı soyqırımına həsr edilmiş sərgi ilə tanış olublar.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Избранный
34
27
azertag.az

10Источники