Bakı, 26 fevral, AZƏRTAC
Fevralın 27-28-də 7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı çərçivəsində “ANİMAFİLM Gəncədə” festivalı keçiriləcək. Festival Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunacaq.
Assosiasiyadan AZƏRTAC-a bildirilib ki, festivalda uşaqlar və böyüklər üçün yerli və xarici animasiya filmlərinin nümayişləri, müzakirələr və səsvermə nəzərdə tutulub.
Tədbir Gəncə Dövlət Kukla Teatrında baş tutacaq, iştirak ödənişsizdir.
Qeyd edək ki, Azərbaycan Animasiya Assosiasiyası milli animasiya kino sənətinin inkişafına dəstək vermək məqsədilə 2018-ci ildən etibarən Bakıda ANİMAFİLM Beynəlxalq Animasiya Festivalını keçirir.
Regionlarda animasiya kinosu və sənayesinin inkişafının təşviqi məqsədilə keçirilən regional animasiya festivalları artıq ənənəyə çevrilib. 2021-ci ildə “ANİMAFİLM Şəkidə”, 2023-cü ildə “ANİMAFİLM Naxçıvanda”, 2024-cü ildə isə “ANİMAFİLM Lənkəranda” festivalları keçirilib. 2024-cü ildə ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı Britaniya Kino və Televiziya Sənətləri Akademiyası tərəfindən “BAFTA festivallar siyahısı”na daxil edilib.