Strasburq, 26 fevral, AZƏRTAC
Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyi tərəfindən "Xocalıya ədalət!" beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Fransanın Strasburq şəhərində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunan anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Avropa Şurası yanındakı diplomatik missiyaların, yerli ictimaiyyətin və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.
Mərasimdə əvvəlcə günahsız Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov çıxış edərək insanlığa qarşı cinayət olan Xocalı soyqırımı barədə danışıb. O, kütləvi qırğın nəticəsində qadın, uşaq və qocalar da daxil olmaqla, 613 nəfərin amansızlıqla qətlə yetirildiyini diqqətə çatdırıb. F.İsmayılov dünya ictimaiyyətini Xocalı soyqırımı ilə bağlı məlumatlandırmaq məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasının əhəmiyyətini də vurğulayıb. Xocalı qurbanları ilə bağlı ədalətin təmin edilməsinin vacibliyini diqqətə çatdırıb.
Tədbirin sonunda tanınmış violonçel ifaçısı, Azərbaycanın Əməkdar artisti, Azərbaycan Dövlət Simli Kvartetinin üzvü Aleksey Miltıx və istedadlı pianoçu Səidə Tağızadə tərəfindən Azərbaycan və xarici bəstəkarların əsərlərindən ibarət mahnılar ifa olunub.