RU

"Bu günahdan çəkinmək, mənə daha yaxşı lider olmağı öyrətdi" - SƏHƏR OXUSU

"Berkshire Hathaway" şirkətinin baş icraçı direktoru Uorren Baffet səhvləri qəbul etməkdən çəkinmir – nə özü, nə də şirkəti üçün.  

Səhvlər qaçılmazdır və əgər bir səhvə yol verdiyinizi anlayırsınızsa, əlavə zərərin qarşısını almaq üçün onu tez bir zamanda qəbul etməlisiniz.

Valyuta.Az xəbər verir ki, Baffet bu həftəsonu səhmdarlara ünvanladığı illik məktubunda bu fikri vurğulayıb. O, bu dərsi uzun illər iş ortağı və dostu olmuş, artıq dünyasını dəyişmiş Çarli Mangerdən öyrəndiyini qeyd edib.  

"Əsas günah, səhvlərin düzəldilməsini gecikdirməkdir. Çarli Manger bunu 'lazımsız tərəddüd' adlandırırdı", – Baffet yazıb. "O, mənə deyirdi ki, problemlər öz-özünə həll olunmur. Onları aradan qaldırmaq üçün hərəkət lazımdır – nə qədər narahat edici olsa da."  

Baffet qeyd edib ki, o, 2019-2023-cü illər ərzində yazdığı illik məktublarında "səhv" və "xəta" sözlərindən 16 dəfə istifadə edib. Bu yanlış addımlar işçi namizədlərini və iqtisadi trendləri düzgün qiymətləndirməməkdən tutmuş, səhv şirkətlərə sərmayə qoymağa qədər müxtəlif sahələri əhatə edib.  

Çox gözləmək baha başa gələ bilər  

1997-ci ildə "Berkshire Hathaway"in illik konfransında Baffet şirkətdə etdiyi səhvlərin əsas səbəbini tərəddüd kimi izah edib. O, bəzi perspektivli şirkətlərə investisiya etmək şansını qaçırdığını bildirib, çünki onlar yüksək məbləğ tələb edirdi.  

"Bu bizə milyardlarla dollara başa gəlib", – deyə Baffet bildirib. Şirkətin ehtiyatlı investisiya strategiyasını nəzərə alaraq isə "yəqin ki, bu səhvi yenə təkrarlayacağam", – o əlavə edib.  

Manger isə 2016-cı ildə "Wesco Financial Corporation" toplantısında səhvlərlə bağlı fikrini açıq şəkildə ifadə edib. O bildirib ki, keçmişdəki səhvlərə ilişib qalmaq düzgün deyil, amma onları təhlil edib təkrarlamamaq üçün dərs çıxarmaq vacibdir.  

"Heç kim həmişə uğur qazana bilməz", – Manger deyib. "Keçmiş axmaqlıqlarınızı gözdən keçirmək vacibdir ki, onları yenidən etməyəsiniz. Amma mən bunun üçün özümü yeyib-bitirmirəm və əziyyət çəkmirəm."  

"Səhvlər unudulur, qaliblər isə daim çiçəklənir"

Səhvləri etiraf etmək iş yoldaşları arasında etimadı gücləndirə bilər, çünki bu, emosional intellektin və təvazökarlığın göstəricisidir. Bu yanaşma həmçinin komanda üzvlərini açıq ünsiyyətə təşviq edir və əməkdaşlığı artırır.  

Bu yanaşmanın bir nümunəsi "Amazon"un hazırkı baş icraçı direktoru Endi Kassinin karyerasının əvvəllərində yaşadığı təcrübədir. O, ötən il "Amazon"un yayımladığı videoda danışıb ki, şirkətin qurucusu Ceff Bezos və digər rəhbərlərin qarşısında 220 slayddan ibarət təqdimatla çıxış edərkən bir slaydda çoxlu səhvlər olub.  

Kassinin reaksiyası təvazökarlıq nümayiş etdirmək olub: o, səhvi etiraf edib, üzr istəyib və müdafiə mövqeyinə keçmədən irəliləyib. "Əgər etimad qazanmaq istəyirsinizsə, verdiyiniz vədləri yerinə yetirin. Əgər məsuliyyət daşıdığınız bir iş uğursuz alınırsa, tənqidi yanaşın və onu düzəldin", – deyə Kassi bildirib.  

Baffet isə səhvlərinə baxmayaraq, doğru qərarlarının daha önəmli olduğunu düşünür. O, bu ilki məktubunda qeyd edib ki, "tək bir düzgün qərar zamanla möhtəşəm fərq yarada bilər". Buna misal olaraq "Berkshire Hathaway"in "Geico" sığorta şirkətini almasını, sığorta əməliyyatlarının vitse-prezidenti Acit Ceynin işə götürülməsini və ən əsası, "bir növ unikallığa sahib olan ortağım, şəxsi məsləhətçim və sadiq dostum Çarli Mangeri tapmaq şansımı" göstərib.  

"Səhvlər unudulur, qaliblər isə daim çiçəklənir", – Baffet əlavə edib.  

Rəhim

Избранный
67
valyuta.az

1Источники