Son günlər ölkə ərazisində müşahidə olunan şaxtalı və qarlı hava şəraiti meşə əkinlərinə və ümumilikdə yaşıllıqlara müsbət təsir göstərir.
Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib ki, şaxtalı hava şəraitində ağac gövdələrində, meşəaltı örtük altında qışlayan ziyanverici həşəratların yumurta, sürfə və yetkin fərdləri məhv olur, xəstəliktörədici göbələklərin inkişaf və artımı aşağı düşür.
“Eyni zamanda, yağan qar nəticəsində əmələ gələn qar örtüyü ağacların vegetasiya dövründə su ehtiyatını artırır, bitkilərin köklərini şiddətli soyuqdan və kəskin temperatur dəyişikliklərindən qoruyur”.
V.Fərzəliyevin sözlərinə görə, son günlər yağıntıların bol olması torpaqda rütubətliliyin artmasına, torpağın yetərli dərəcədə nəmlənməsi isə ağacların köklərindən su və qida maddələrinin daha yaxşı mənimsənilməsinə və onların sağlam böyüməsinə kömək edir. Xüsusilə quraqlıqdan əziyyət çəkən bölgələrdə yağıntılar meşə ekosistemlərinin bərpasına və bioloji müxtəlifliyin qorunmasına müsbət təsir göstərir. Ekologiya.az