RU

"Audi" 76 illik zavodunu tamamilə bağladı

Alman avtomobil istehsalçısı "Volkswagen Group"a məxsus "Audi" markasının Belçikanın paytaxtı Brüsseldə yerləşən 76 illik zavodu bağlanıb.  

Valyuta.Az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat yayıb.

"Audi" ötən ilin iyul ayında Brüsseldə təxminən 3 min nəfərin çalışdığı və lüks seqmentə aid elektrikli avtomobil modeli "Q8"in istehsal edildiyi zavodda tələbatın azalması səbəbindən yenidənqurma işlərinin aparılacağını və bu modelin istehsalının Meksikada davam etdiriləcəyini açıqlamışdı.  

Şirkət rəhbərliyi 2024-cü ilin sentyabr ayının əvvəlində "Volkswagen Group"un Brüsseldəki zavoda heç bir yeni model üçün istehsal sifarişi vermədiyini bəyan etmişdi. Bu vəziyyət zavod işçiləri və həmkarlar ittifaqlarında narahatlıq yaratmışdı.  

Qeyd edək ki, şirkət rəhbərliyi və işçilər arasında aparılan müzakirələr nəticəsində "Audi"nin Brüsseldəki zavodunda çalışan işçilərə qanuni kompensasiyalarla yanaşı, xidmət müddətinə uyğun olaraq əlavə mükafatların da veriləcəyi razılaşdırılmışdı.  

1949-cu ildən fəaliyyət göstərən zavod uzun müddət "Volkswagen" modellərinin istehsalına yönəlmişdi. 2004-cü ildə burada "Audi" modellərinin istehsalına başlanılmış, 2018-ci ildən isə elektrikli "Audi e-Tron" istehsal edilirdi.  

Brüsselin Forest bələdiyyəsinin ərazisində yerləşən zavod 54 hektar ərazini əhatə edir.  

Zavodun gələcəkdə necə istifadə olunacağı ilə bağlı müzakirələr davam edir.  

Qeyd edək ki, Belçikada 1997-ci ildə Vilvoordedəki "Renault" zavodu, 2010-cu ildə Antverpendəki "Opel" zavodu və 2014-cü ildə Genkdəki "Ford" zavodu bağlanmışdı.  

Rəhim

Избранный
57
valyuta.az

1Источники