Futbol üzrə Azərbaycan milli komandasının hücumameyilli yarımmüdafiəçisi Emil Mustafayev “Çernomorets”də növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Odessa təmsilçisi Ukrayna Premyer Liqasının 2024/2025-ci illər mövsümünün 19-ci turu çərçivəsində bu gün “Levıy Bereq”lə qarşılaşıb.
“Çernomorets” doğma meydanda baş tutmuş bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1. Odessalılar 21-ci dəqiqədə buraxdıqları qolun əvəzini çıxa bilməyiblər.
Mustafayev yeni komandasındakı ikinci matçına start heyətdə başlayıb və 73-cü dəqiqədə əvəzlənib. O, 53-cü dəqiqədə sarı vərəqə də alıb.
Xatırladaq ki, Odessa təmsilçisi azərbaycanlı yarımmüdafiəçini qış fasiləsində bu mövsümün sonuna kimi icarəyə götürüb. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb. Bu isə o deməkdir ki, Emil icarə müddəti bitəndən – iyunun 30-dan sonra “Polesye”yə dönəcək. Onun bu klubla 2027-ci ilin 30 iyununa kimi müqaviləsi mövcuddur.
Xatırladaq ki, Emil Mustafayev Ukraynanın digər klubu “Aleksandriya”nın yetirməsidir. Hücumameyilli yarımmüdafiəçi 2023-cü ilin iyul ayında azad agent kimi “Polesye”yə keçib. 22 yaşlı futbolçu indiyə qədər bu komandanın heyətində 34 oyuna çıxıb, 3 qol vurub, 5 məhsuldar ötürmə verib.
Mustafayev cari mövsümdə “Polesye”nin heyətində 12 matça çıxıb, 1 qolun ötürməsini verib.
Vaxtilə Azərbaycanın U-21 yığmasında 3 oyun keçirmiş Mustafayev 2024-cü ilin mart ayında əsas millimizdə də debüt edib. Yarımmüdafiəçi Azərbaycan millisinin heyətində 5 oyuna çıxsa da, fərqlənə bilməyib.