Rəsmi statistika göstərir ki, 2025-ci ilin ilk ayında qiymət artımı keçən ilin dekabr ayına nisbətən daha çox olub. Bəs görəsən, inflyasiya niyə sürətlənib? Qiymətlərin yenidən sürətlə artmağa başlamasının səbəbi nədir?
Dövlət Statistika Komitəsi istehlak bazarında qiymətlərin dəyişməsi haqqında məlumatları açıqlayıb. Məlumata əsasən, 2025-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2024-cü ilin yanvar ayına nisbətən 5,4 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 5 faiz, qeyri-qida məhsulları üzrə 2,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 8,4 faiz artıb.
2024-cü ilin dekabr ayında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2023-cü ilin dekabr ayına nisbətən 4,9 faiz idi. Yəni istehlak qiymətləri indeksinin artım tempi 4,9 faizdən 5,4 faizə yüksəlib.
2025-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən (dekabr) bir faiz, qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi isə əvvəlki aya nisbətən 0,6 faiz yüksəlib.