RU

Britaniya Ukraynaya 1,6 milyard funt sterlinq dəyərində raket almaq üçün dəstək verəcək

London, 2 mart, AZƏRTAC

Londonda Avropa liderlərinin sammitindən sonra Böyük Britaniyanın Baş naziri Kir Starmer hökumətin Ukraynaya 1,6 milyard funt sterlinq dəyərində ixrac maliyyəsi ayıracağını elan edib.

AZƏRTAC xəbər verir ki, Baş nazir bu vəsait hesabına Ukraynanın beş mindən çox hava hücumundan müdafiə raketi ala biləcəyini deyib. Bu raketlərin Belfastda istehsal ediləcəyini vurğulayan Kir Starmer, bunun Böyük Britaniyanın müdafiə sektorunda yeni iş yerləri yaradacağını da bildirib. O, bu addımın Ukraynanın danışıqlara daha güclü mövqedən çıxış etməsi üçün atıldığını qeyd edib.

Sammitdən sonra açıqlama verən Baş nazir bildirib ki, Avropa əsas yükü öz üzərinə götürməlidir, lakin ABŞ-ın dəstəyi də vacibdir. K. Starmer əlavə edib ki, Böyük Britaniya, Fransa və digər ölkələr Ukrayna ilə birgə işləməyə ona görə razılaşıb ki, münaqişəyə son qoyulsun.

Sammitdə Ukraynada sülhün təmin edilməsi və Rusiyanın gələcək müdaxilələrinin qarşısının alınması üçün dörd əsas addım qəbul edilib. Razılaşmaya əsasən, müharibə davam etdiyi müddətdə Ukraynaya hərbi yardım artırılacaq və Rusiyaya qarşı iqtisadi təzyiqlər gücləndiriləcək. Liderlər bildiriblər ki, uzunmüddətli sülh yalnız Ukraynanın suverenliyi və təhlükəsizliyi təmin edildikdə mümkündür. Sammit iştirakçıları, həmçinin Rusiyanın gələcəkdə Ukraynaya mümkün müdaxiləsinin qarşısını almaq üçün konkret tədbirlər görmək barədə razılığa gəliblər. Bununla yanaşı, Ukraynanın müdafiəsini və ölkədə sabitliyi təmin etmək məqsədilə “istəkli ölkələr koalisiyası” yaradılacaq.

 

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Избранный
104
4
azertag.az

10Источники