RU

Ümumdünya Vəhşi Təbiət Günü ilə bağlı “Azərpoçt” silsilə markalar buraxıb

Bakı, 3 mart, AZƏRTAC

“Azərpoçt” MMC İsveçrənin “365 ART” şirkəti ilə birgə layihəsi nəticəsində Ümumdünya Vəhşi Təbiət Gününə həsr olunmuş eksklüziv və məhdud tirajlı poçt markaları kolleksiyası yaradılıb.

AZƏRTAC “Azərpoçt”a istinadla xəbər verir ki, bu layihənin ərsəyə gəlməsi üçün dünyaca məşhur, işləri beynəlxalq reklam kampaniyalarında, jurnallarda və musiqi albomlarının üz qabığında geniş çap olunmuş, amerikan fotoqraf Bred Uilsonla birbaşa əməkdaşlıq edilib.

2025-ci ilin mart ayı ərzində buraxılması nəzərdə tutulan markalar müəllifin “Ekzotik həyat” adlı foto kolleksiyasına daxil olan, vəhşi təbiətin gözəlliyini və müxtəlifliyini əks etdirən fotolar əsasında tərtib olunub. Bu layihə fotoqrafiya sənətinin və filateliyanın özünəməxsus tərzinin mükəmməl və qüsursuz birləşməsini özündə ehtiva etdirir.

Markaların üzərində istifadə olunan füsunkar təsvirlər kolleksiyaçılara və təbiət həvəskarlarına ekzotik canlıların gözəlliyini hiss etmək və estetik zövq almaq fürsəti verir.

Qeyd edək ki, hər bir markanın üzərində yerləşdirilmiş QR-kod fotoların rəsmi mənbə saytına keçid verərək fotonun orijinal versiyası ilə yanaşı, üzərində göstərilmiş heyvan haqqında da ətraflı məlumat almaq imkanı yaradır. Bu silsilə markalar yüksək bədii əhəmiyyətə malik olmaqla bərabər, planetimizin zəngin biomüxtəlifliyini qorumağın mənəvi borcumuz olduğunu bir daha vurğulayır.

 

Избранный
21
3
azertag.az

4Источники