
Məlum olduğu kimi, bu gündən etibarən Azərbaycanda bəzi tütün məmulatlarının qiyməti artıb. Məlumata görə, "LD", "Winston", və "Sobranie" (bir neçə çeşidinin) qiyməti 0,20 qəpik bahalaşıb. "Kent" markalı siqaretlərin də bahalaşacağı gözlənilir.
Bəs, bahalaşmaya səbəb nədir?
Mövzu ilə bağlı Ölkə.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda tütün məmulatlarının qiyməti dövlət tərəfindən birbaşa tənzimlənmir, lakin bazar qaydalarına uyğun olaraq formalaşır:
""Bununla belə, bu sahədə mütəmadi olaraq aksiz vergilərin və digər vergi dərəcələrinin artırılması, qiymətə təsir göstərir.
Başqa sözlə, tütün məhsulları üzərində tətbiq olunan aksiz vergilərinin və digər fiskal yüklərin artması qaçılmaz olaraq onların satış qiymətinə də təsir göstərir. Başqa cür ola da bilməz".
Qeyd edək ki, sonuncu dəfə Azərbaycanda siqarlar və siqaretlər üçün aksiz dərəcəsi ötən ilin iyul ayında artırılıb.
Belə ki, ölkəyə gətirilən, tərkibində tütün və tütün əvəzləyicisi olan siqarillaların 1000 ədədi üçün aksiz dərəcəsi 43 manatdan 45,5 manata qaldırılıb. Aksiz dərəcəsi tərkibində tütün, eləcə də tütün əvəzləyicisi olan siqaretlərın 1000 ədədi üçün isə 46,5 manatdan 53,5 manata qaldırılıb.
Həmidə İbrahimova