Azərbaycan futbol yığması bu ay öz meydanında 2 yoldaşlıq oyununa çıxacaq.

Offsideplus.az xəbər verir ki, milli komandamızın martın 22-də Haitiyə qarşı keçirəcəyi matçın başlanma vaxtı bilinməsə də, Belarusla Masazır qəsəbəsinə təyin olunan görüşün start fiti saat 21:45-də başlanacaq.

Bəs görəsən AFFA yığmamızın oyununu hansı səbəbdən belə gec saatlara salıb? Adətən ev matçlarında rəsmi və yoldaşlıq görüşlərinə axşam saatlarında başlayan milli komandamızın Belarusla qarşılaşmada fərqli vaxt seçməsi nə ilə əlaqədardır?

Bu suallara AFFA-nıın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədli cavab verib: "Milli komandanın bir çox futbolçuları oruc tuturlar. Bu səbəbdən baş məşqçi Fernandu Santuş qarşıdakı 2 oyun üçün hazırlıq planı qurub. O, Ramazan ayında futbolçuların daha hazırlıqlı olmaları üçün matçın 21:45-də başlanmasını daha məqsədəuyğun sayır".

E.Məmmədli bildirib ki, oyunların Sumqayıt və Masazır qəsəbəsinə təyin olunması da məqsədyönlü şəkildə baş verib: "AFFA rəhbərliyi milli komandamızın matçlarının Bakıdan kənarda da keçirilməsinə çalışır. Ötən il Estoniya ilə rəsmi oyun Qəbələdə oldu. Haiti ilə görüş Sumqayıtda keçiriləcək. İnanırıq ki, həm Sumqayıtda, həm də Masazırda azarkeşlər yığmamızın oyununa böyük maraq göstərəcəklər. Gələcəkdə də milli komandanın qarşılaşmalarının fərqli arenada keçirilməsi planlaşdırılır. Amma təbii ki, beynəlxalq matçları qəbul etmək üçün stadionların standartlara cavab verməsi vacibdir".

Qeyd edək ki, Azərbaycan - Belarus oyunu futbol tariximizə ən gec başlanan yoldaşlıq  görüşü kimi düşəcək. Əgər Haiti ilə oyun da saat 21:45-də start götürsə, bu siyahıda cüzi dəyişiklik olacaq. İndiyədək yığmamız yalnız dünya və Avropa çempionatlarının seçmə mərhələsində teleyayım məsələlərinə görə bir neçə matçı gecə saatlarında keçirib.