Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısına sui-qəsd hazırlamaqda ittiham olunan Bəhruz Əskərovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Nüşabə Ağayeva zərərçəkən Taleh Qaraşovun məhkəməyə çağırılmasını istəyib:
“Cinayət işinə baxdıqda görürük ki, təqsirləndirilən şəxs ağır maddələrlə ittiham olunur. Qarşı tərəfin nə özü, nə də müdafiəçisi prosesdə iştirak edir. Xaricdə də deyillər, ölkədədirlər. Gəlib prosesdə iştirak etsinlər”.
Dövlət ittihamçısı zərərçəkmişin ibtidai istintaqa verdiyi ifadənin elan olunmasını istəyib.
Məhkəmə zərərçəkmişin prosesdə iştirak etməsi üçün bildiriş göndərilməsi ilə bağlı qərar qəbul edib.
Proses aprelin 1-də davam etdiriləcək.