RU

DÖVLƏT 33 İL ƏVVƏL, BU GÜN VƏ 33 İL SONRA- Kitabdan hissələr- 29

DÖVLƏTİN TÜRKİYƏ, TÜRKDİLLİ DÖVLƏTLƏR VƏ DİGƏR ÖLKƏLƏRLƏ MÜNASİBƏTİ

Türkiyə ilə münasibətlərin 2-ci mərhələsi 2011-ci ildən başladı. Ankaranın Ermənistanla əlaqələr yaratmaq planları səmərəsiz olduqdan sonra Azərbaycanla münasibətlədə yeni mərhələyə qədəm qoyuldu. 2007-ci ildən 2010-cu ilin sonuna qədər iki qardaş dövlət arasında təzahür edən anlaşmazlıqlar qısa zaman kəsimində aradan qaldırıldı. Etiraf edək, aramızda olan gərginlikdən ən çox faydalanan Ermənistan və onun dostları idi. Türkiyənin Ermənistanla normallaşma siyasəti surəsində gerçəkləşən bəzi xoşagəlməz olayları yəqin ki, çoxları xatırlayır. Ankaranın “erməni dostuluğuna” aludə olduğu zamanlarda Bakıda və Türkiyənin müxtəlif şəhərlərində düzənlənən etiraz aksiyaları çox üzücü idi. Bursada keçirilən Türkiyə-Ermənistan futbol matçı öncəsi Azərbaycan bayraqlarının qeyri-etik şəkildə stadiona gələn azarkeşlərin əlindən alınması, türk əsgəri şəhidliyindən Türkiyənin bayrağının endirilməsi, erməni jurnalistinin qətlindən sonra adlı-sanlı sənət adamlarının, media mənsublarının və yazarların “hamımız erməniyik” şüarını səsləndirməsi... gerçəkdən ürəkbulandırıcıydı. Yaxşı xatırlayıram, iki qardaş dövlət arasında soyuqluq ortaya çıxanda Ermənistan mediası hər bir olayı şişirdərək tirajlayır, gərginliyin münaqişəyə çevrilməsi üçün dəridən-qabıqdan çıxırdı.
Yaxşı ki, Türkiyə “zərərin yarısından geri dönməyə” qərar verdi. Prezident Abdullah Gül Türkiyənin Ermənistanla əlaqələr yaratmaq istəyinin qabardılaraq media manşetlərində yer almasına rəğmən taktikada dəyişiklik edildiyini dilə gətirdi. Bir stəkan suda fırtına yaratmaq istəyənlərin gözlədiklıərinin ziddinə olaraq Ermənistana yönəlik “səssiz diplomatiya” yürüdüləcəyini açıqıladı.
Bu açıqlama onu göstərirdi ki, Türkiyə hələ də Ermənistanla əlaqlər yaratmaq istəyindəmn əl çəkməyib. İkitərəfli rəsmi səfərlər olmasa da müxtəlif beynəlxalq tədbirlərdə qarşılaşan yetkililərin biri-birilirəniə müəyyən mesajlar verməsi diplomatik gedişlərdən biridir. Dövlət başçılarının mətbuat konfranslarında da ikitərəfli münasibətlərin durumu barədə suallar verilə bilər. Bu sualların xüsusilə Ermənistan tərəfdən gəlməsi isə tam təbiidir. Çünki Türkiyənin Ermənistana əsla ehtiyacı yoxdur və ola da bilməz. Rusiyanın vassalına çevrilmiş Ermənistanda isə iqtisadi vəziyyət o yerdə idi ki, millətçi daşnaklardan çəkinməsə hökumət iqtisadiyyatını tənzimləmək və əhalini səfalətdən xilas etmək üçün torpaqlarının belə bir hissəsini satışa çıxarardı. Odur ki, Türkiyə ilə iqtisadi əlaqələr yaratmaq İrəvana hava və su kimi lazım olduğundan ikili əlaqələrin yaradılması üçün hər vasitəyə əl atılırdı.
Ermənistanla əlaqələrin yaradılmasına dair Türkiyənin xarici işlər naziri, Baş Naziri və Prezidenti onlara ünvanlanan suallara “Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməyənə qədər əlaqələrin yaradılması mümkün olmayacaq” cavabını verirdi.
Təbii ki, Türkiyə Ermənistana yönəlik bu tavrı sərgilədikcə ABŞ və Qərb ölkələrinin basqısına məruza qalırdı. Onlar qondarma “erməni genosidi” silahı ilə Türkiyəni hədələyirdi. Bütün basqılara, hədələrə rəğmən Türkiyə Azərbaycana yönəlik siyasətindən bir addım belə geri çəkilmədi. Etiraf etmək lazımdır, Türkiyənin bu duruşu aramızda olan incikliyi arxa plana keçirdi.
Və Ankaranın bu duruşu Prezidentlər R. T. Ərdoğanın və İ. Əliyevin arasındakı insani münasibətlərin qardaşlığa çevrilməsinə vəsilə oldu.
Biri-birinə “qardaş” deyə müraciət edən prezidentlər ikili görüşlərində Azərbaycan torpaqlarının işğaldan qurtulması üçün yollar aradılar, planlar quruldu, siyasi manevrlər edildi. Və İlham Əliyev Heydər Əliyevin siyasi xəttini davam etdirərək Türkiyə ilə bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsi siyasətinin prioritetini qoruyub saxladı. İki ölkə qarşılıqlı investisiyalar hesabına bir-birini iqtisadi cəhətdən gücləndirdi. Azərbaycan ən böyük xarici sərmayəsini Türkiyəyə yatırdı. Bu günə qədər qardaş ölkəyə 20 milyard dollardan çox sərmayə qoyulub. Türkiyə isə Azərbaycana 13 milyard dollardan artıq sərmayə dəstəyi verib. Mühüm olanı silahlı qüvvələr arasında əməkdaşlığın ən üst səviyyəyə çatması oldu. Türkiyə hər sahədə olduğu kimi hərbi sahədə də Azərbaycana tam dəstək verdi. 1992-ci ildən bu yana iki ölkə arasında hərbi məsələləri əhatə edən 100-ə yaxın saziş və protokol imzalanıb.
Bağlanan müqavilələrə uyğun olaraq, Türkiyə Azərbaycana müdafiə sənayesinin inkişafı üçün və hərbi ekspertlərin hazırlanmasında yardım edir. Bir çox azərbaycanlı Türkiyədə hərbi məktəblərdə təhsil alıb və Türkiyənin dəstəyi ilə Azərbaycan hərbi məktəbləri NATO standartlarında təhsil verən bir quruma çevrilib. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Akademiyasının proqramı Türkiyə Respublikasının Milli Müdafiə Universitetində tədris olunan proqramla uzlaşdırılıb.
İki ölkə 2013-cü ildə imzalanmış memoranduma uyğun olaraq birgə hərbi təlimləri keçirməyə başlayıb. Hər il keçirilən “TurAz Qartalı” və “TurAz Şahini” təlimləri ilə iki ölkənin Hərbi Hava Qüvvələri arasında koordinasiya və əməkdaşlıq gücləndirildi. Bağlanan sazişlərə rəğmən Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində də əməkdaşlıq intensiv inkişaf edirdi. Əsasən Rusiya istehsalı olan silah və hərbi texnikaya sahib olan Azərbaycan Türkiyənin müdafiə sənayesi şirkətlərinin istehsal etdiyi silah və sursatları da alaraq, döyüş gücünü artırmağa müvəffəq oldu.
İkinci Qarabağ müharibəsi başlayandan bitənə qədər Türkiyə Azərbaycanın yanında dayandı. Və bu dayanış günümüzdə də davam etməkdədir. Təxminən 30 il davam edən işğal dövründə bütün platformalarda Azərbaycanın haqlı mövqeyini dəstəkləyən və Ermənistanı işğala son qoymağa çağıran Türkiyə İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana gərəkən siyasi və mənəvi dəstəyi verdi. Müharibə günlərində Prezident Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil” bəyanatı Azərbaycanın torpaqlarını işğaldan azad etmək üçün başlatdığı əməliyyata üçüncü güclərin müdaxiləsinin qarşısını aldı. Bu çox önəmli idi.
Azərbaycan ordusunun inventarındakı Türkiyə istehsalı olan PUA-lar 2-ci Qarabağ savaşında fövqəladə rol oynadı. İki dövlət arasındakı münasibətlər artıq ən etibarlı müttəfiqlik səviyyəsinə çatmışdı
Türkiyə ilə Azərbaycan arasında əlaqələr Böyük Zəfərdən sonra daha da inkişaf etdirilərək 2021-ci ildə növbəti mərhələyə yüksəldi.
2021-ci il aprelin 1-dən etibarən Türkiyə və Azərbaycan arasında illərdir müzakirə olunan şəxsiyyət vəsiqəsi ilə gediş-gəliş məsələsi həllini tapdı. Hər iki ölkə vətəndaşlarına yeni tip çipli şəxsiyyət vəsiqələrindən istifadə etməklə digər ölkəyə 90 gün müddətində vizasız gediş-gəliş imkanı yaradıldı.
Prezident Rəcəb Tayyib Ərdoğan 2021-ci il iyunun 15-də Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşaya səfər etdi və orada İlham Əliyevlə birgə iki ölkə arasında münasibətləri müttəfiqlik səviyyəsinə qaldıran “Şuşa Bəyannaməsi”ni imzaladı.
Azərbaycan da öz növbəsində daima Türkiyəninin yanında dayandığını isbatlayan addımlar atıb. R. T. Ərdoğan kimi İ. Əliyev də beynəlxalq toplantılarda, mətbuat konfranslarında iki qardaş dövlətin hər zaman biri-birini dəstəkləyəcəyini ifadə edirdi.
Prezident İlham Əliyev açıqlamalarının birində Türkiyə ilə münasibətlərlə bağlı bunları ifadə etdi: "Türkiyənin xeyrinə olan bizim də maraqlarımızdadır. Bizim təhlükəsizliyimiz, maraqlarımız, gələcəyimiz eynidir. Yaxın Şərqdə tamamilə yeni vəziyyət yaranıb. Burada güclü Türkiyə faktoru böyük rol oynayacaq. Biz də onun tərəfindəyik. Yəni gücümüz daha da artacaq. Siz Türkiyə və Azərbaycan qədər bir-birinə bağlı olan başqa bir dövlət görə bilməzsiniz...".
Suriyada Bəşər Əsəd rejiminin süqutundan sonra İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edərək təbrik etdi və Türkiyənin yanında olduğunu bildirdi. Azərbaycan Türkiyənin logistik dəstəyi ilə İdlibdə paylanmaq üçün Suriyaya 200 ton ərzaq yardımı göndərdi. İlham Əliyev bu barədə danışarkən aşağıdakı ifadələri işlətdi:
"Biz Suriyaya töhfə vermək istəyirik ki, heç olmasa Türkiyənin bu sərhədində terrora son qoyulsun. Düşünürəm ki, bu, çox ciddi geosiyasi dəyişiklik olacaq. Türkiyənin bütün digər sərhədlərində terrora yer olmamalıdır. Türkiyənin müttəfiqi olaraq hər zaman onların yanındayıq".
XX əsrin sonlarında Azərbaycanda və Türkiyədə XXI əsrin “Türk əsr”i olacağı barədə fikirlər səslənirdi. Fikrimcə, artıq “Türk əsr”i haqqında felin gələcək zamanından daha çox, indiki zamanında danışmağa keçid edilməlidir. Bunu deməyə əsas verən amil Türkdilli Dövlətlər Təşkilatının yaranmasıdır.
AZƏRBAYCANIN TÜRKDİLLİ DÖVLƏTLƏRLƏ MÜNASİBƏTİ
Əvvəl türklərin mənşəyinə və onların yaşadıqları məkanlarda sahib olduqları yeraltı təbii sərvətlərə bir nəzər yetirək. Türk sözünün etimologiyası fərqli dönəmlərdə fərqli alimlər tərəfindən maraq mövzusu olmuşdur. Bəzi əfsanəyə əsasən Türk və Monqol adlı iki qardaşın nəslindən gəlir türklər. Qədim şərq mənbələrində isə, Nuhun oğlunun adı Yafəs, Yafəsin oğlunun adı isə Türk idi. Türklər yarandıqları ilk gündən dünyanın demək olar ki, hər yerində yaşadılar, coğrafiyalarını genişləndirdilər, böyük dövlətlər qurdular, sivilizasiyalar yaratdılar.
Geoloji baxımdan türk xalqları Alp qırışıqlığı zonasında (Türkiyə, Azərbaycan, Cənubi Azərbaycan, Türkmənistanın bir hissəsi, Şimali Qafqaz, türk qurumları), Mərkəzi Asiya və Cənubi Sibirin fəal seysmik zonasında (Özbəkistan, Qırğızıstan, Qazaxıstanın bir hissəsi, Xakasiya, Altay, Tıva), Şərqi Asiya mezozoy qırışıqlığı zonasında (Saxa-Yakutiya), Şərqi Avropa (Tatarıstan, Başqırdıstan, Çuvaşıstan), Turan (Özbəkistan, Qazaxıstan, Türkmənistan), Sibir və Çin platformalarında yerləşir. Türklərin yaşadıqları torpaqlar zəngin təbii sərvətləri ilə hər zaman dünyanın diqqətini cəlb etdi. Neft-qaz yataqları Azərbaycan, Özbəkistan (Fərqanə-qaz, Qazlı və Mübarəkqaz), Qazaxıstan (Tengiz və Turqay-neft), Türkmənistan, Tatarıstan (Elxon) və Başqırdstandaır. Türk dünyasının əsas daş kömür yataqları Türkiyədə (Zonquldak-Ereğli), Özbəkistanda (boz kömür-Anqren və Sarqun), Qazaxıstanda (Qaraqanda, Ekibastuz), Tıvada (Ulufim), Sincan-Uyğurda (Bay kömür) və Saxadadır (Lena). Dəmir filizi Türkiyədə, Qazaxıstanda (Kustunay), Saxada, Altayda, Azərbaycanda (Daşkəsən) və Xakasiyadadır. Mis filizi Qazaxıstanda (Balxaş, Cezqazan), sink Qazaxıstan (Ust Kamenqorsk), Özbəkistanda, Azərbaycanda, xrom yataqları isə Türkiyədədir. Polimetal filizləri Qazaxıstanda, Azərbaycanda, Özbəkistanda, Türkiyədə, Altayda, qızıl yataqları Özbəkistanda (Muruntau), Qazaxıstanda, Azərbaycanda, Altayda və Saxadadır. Almaz yalnız Saxada çıxarılır.
Bu torpaqların sərvətindən yüz illərlə inperialist güclər yararlandı. Və bu gün də onlar bu torpaqlardan əl çəkməık fikrində deyil. Bu qədər sərvətə sahib olan Türk dünyası nəhayət ki, öz torpaqlarına sahib çıxmaq haqqında qərara gəldi. Türk adını ilk dəfə istifadə edən Göktürk Dövlətinin məqsədi türkləri birləşdirmək idi. Türk Dövlətləri Təşkilatının yaradılması 21-ci əsrin ən böyük inteqrasiyası hesab oluna bilər. “Türk dünyası” anlayışı Türk Dövlətləri Təşkilatının yaradılması və təşkilatlanması ilə artıq mücərrəd bir fikirdən daha çox reallığa çevrilməkdədir.
Əvvəllər Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) kimi tanınan Türk Dövlətləri Təşkilatı Azərbaycanın, Qazaxıstanın, Qırğızıstanın, Özbəkistanın və Türkiyənin üzv; Macarıstan, Şimali Kipr Türk Respublikası və Türkmənistanın isə müşahidəçi statusuna malik olduğu türk dövlətlərindən ibarət beynəlxalq təşkilatdır. Bu, ümumi məqsədi türkdilli dövlətlər arasında hərtərəfli əməkdaşlığı təşviq etmək olan hökumətlərarası bir təşkilatdır.
Türk Dövlətləri Təşkilatının əsası 1992-ci ildə Türkiyənin paytaxtı Ankarada keçirilən ilk Türkdilli Ölkələrin Zirvə Toplantısında qoyuldu. 2006-cı ildə Qazaxıstanın o vaxtkı prezidenti Nursultan Nazarbayev tərəfindən təşkilata çevrilməsi təklif edildi və 2009-cu il oktyabrın 3-də Naxçıvanda imzalanmış Naxçıvan Müqaviləsi ilə şura kimi strukturlaşdırıldı. 12 noyabr 2021-ci il tarixində İstanbulda Demokratiya və Azadlıq adasında (Əvvəllər Yassı ada və ya Plati kimi tanınan Demokratiya və Azadlıq Adası, İstanbula yaxın Mərmərə dənizində kiçik bir adadır. Adanın eni 185 metr, uzunluğu 740 metrdir və ərazisi 18,3 hektardır. Ada 27 May 1960-cı ildə Türkiyədə gerçəkləşən ilk hərbi çevrilişi zamanı həbs olunan Demokrat Partiyasının (DP) üzvlərinin mühakimə olunduğu məhkəmələri ilə də tanınır. Çevrilişin izlərini tarixdən silmək üçün adanın adı dəyişdirilərək 2013-cü ildə İstanbul Böyükşəhər Bələdiyyə Məclisinin qərarı ilə Demokratiya və Azadlıq Adası oldu) keçirilən Türk Dövlətləri Təşkilatının 8-ci İstanbul Zirvə toplantısında təşkilatın adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatına çevrildi. Və Türkmənistan təşkilata müşahidəçi ölkə kimi daxil oldu.
Qeyd etmək lazımdır ki, bünövrəsi Naxçıvanda qoyulmuş “Türk Şurası” tarixdə türk dövlətlərinin ilk könüllü ittifaqı idi. Bu gün Türk Dövlətləri Təşkilatının Baş Katibliyi İstanbulda, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı Ankarada, Türk Dövlətlərinin Parlament Assambleyası və Türk Mədəniyyəti və İrsi Fondu Bakıda, Türk Akademiyası Qazaxıstanın paytaxtı Astanada yerləşir. Türk Dövlətləri Təşkilatının Baş Katibliyi İstanbulun Beşiktaş səmtində yerləşirdi. 12 noyabr 2021-ci il tarixində Fatih rayonunda yerləşən Arif Paşa Köşkü Türk Dövlətləri Təşkilatına qərargah olaraq ayrıldı və bayraq qaldırma mərasimi ilə açıldı.
Macarıstan 2018-ci ildə Türk Dövlər Təşkilatına dəvət edildi. Türk Dövlətləri Təşkilatənda müşahidəçi statusuna malik Macarıstan Budapeştdə bu təşkilatın Avropa Nümayəndəliyini açdı. Türk Dövlətləri Təşkilatını dünyaya tanıtmaq məqsədi ilə səmərəli fəaliyyət göstərən Macarıstanın gələcəkdə tam üzvlük üçün müraciət edəcəyi açıqlanıb. Təəssüf doğuracaq haldır ki, rəsmi dövlət dili türkcə olmayan Macarıstan bu təşkilatın tam hüquqlu üzvü olmaq istəyini ortaya qoyur, ancaq özünü ən qədim türk sayan Türkmənistan bu günə qədər Türk Dövlətləri Təşkilatında müşahidəçi statusundadır.
Azərbaycan Türk Dövlətləri Təşkilatının ən fəal üzvlərindən biridir və bu qurumun möhkəmlənməsi üçün gərkən addımları atmaqdadır. Dövlət başçısı İlham Əliyev Türk dünyasının güclənməsi üçün bu təşkilatın böyük əhəmiyyət olduğunu qeyd edir. Çıxışlarının birində o, bunları deyir: “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır... Biz hətta, cəmi üç ölkənin yerləşdiyi Cənubi Qafqazda bu gün bu ayrıcı xətləri açıq-aydın görürük. Belə olan halda, bizi haradasa qəbul etmək istəməyənlərə biz baş əyməliyikmi? Qətiyyən, bu, olmayacaq! Bizim ailəmiz Türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox! Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktyora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik”.
Azərbaycan dövlətinin Türk dünyasına verdiyi önəm statistik rəqəmlərdə özünü bariz şəkildə göstərir. II Qarabağ Savaşında Azərbaycanın qazandığı zəfərdən sonra türkdilli dövlətlər arasındakı münasibətlər daha da dərinləşdi. Yalnız 2022-ci ildə Azərbaycan ilə Türk dövlətləri arasında ticarət dövriyyəsi əvvəlki il ilə müqayisədə 70.0 faiz artaraq 5 milyard 23 milyon dollardan 7 milyard 170 milyon dollaradək yüksəldi. Azərbaycan dövləti Türk dövlətləri ilə ticarət dövriyyəsinin yaxın illərdə 15 milyard dollaradək yüksəltməyi hədəfləyir. Türk Dövlətləri Təşkilatında təmsil olunan ölkələrin mövcud ehtiyatlarını nəzərə aldıqda isə, bu göstəriciləri dəfələrə artırmaq mümkündür.
Bu tendensiya “Türk Dünyası 2040 Vizyonu” konsepsiyasına hazırlaşan türkdilli dövlətlər üçün çox böyük əhəmiyyət kəsb edir. “Türk Dünyası 2040 Vizyonu”nun hədəfində nələr var? Buyurun, oxuyun:
- Ölkələrdə dayanıqlı, yaşıl, yenilikçi, ağıllı və inklüziv iqtisadi artım siyasətlərinin inkişaf etdirilməsi;
- İqtisadiyyatların mürəkkəblik səviyyəsinin artırılması, onların rəqəmsallaşma, bilik iqtisadiyyatı yönündə inkişafının təmin edilməsi;
- Birbaşa xarici investisiyalar üçün əlverişli, şəffaf və proqnozlaşdırıla bilən investisiya mühitinin yaradılması;
- İqtisadiyyatlarda maliyyə və investisiya alətlərinin inkişaf etdirilməsi;
- Yenilikçi, kiçik və orta, gənc, qadın və diaspora bizneslərinin dəstəklənməsi; - İqtisadiyyatlar arasında mal, kapital, xidmət, texnologiya və insanların sərbəst hərəkətinin təmin edilməsi;
- Regiondaxili investisiyaları təşviq etmək məqsədilə müxtəlifiqtisadi regionlar arasında əməkdaşlığın gücləndirilməsi və Türk Dünyası İnvestisiya Fondunun yaradılması;
- Regiondaxili insan kapitalının, əmək bazarlarının inkişaf etdirilməsi və peşəkarların mobilliyinin artırılması;
- İqtisadiyyatlar arasında sənaye strukturlarının uyğunlaşdırılması, dəyər zəncirlərinin formalaşdırılması və məhsul bazarlarının inteqrasiyasının təmin edilməsi;
- İqtisadiyyatlar arasında inteqrasiya edilmiş Türk Enerji Bazarının formalaşdırılması;
- Xəzər geçidli Beynəlxalq Şərq-Qərb Orta Koridorunun və Rəqəmsal İpək Yolunun inkişaf etdirilməsi, Zəngəzur Koridorunun reallaşdırılmasının təmin edilməsi, əlaqəliliyin gücləndirilməsi məqsədilə digər nəqliyyat və logistika sistemlərinin təkmilləşdirilməsi və ölkələr arasında gömrük və tranzit prosedurlarının asanlaşdırılması;
- Üzv ölkələr arasında Türk Ali Təhsil Məkanının formalaşdırılması, ortaq təhsil və elm layihələrinin reallaşdırılması, texnologiya transfertinin gücləndirilməsi və kosmik texnologiyalarının inkişaf etdirilməsi;
- Beynəlxalq fondlardan və şəbəkələrdən böyük miqyaslı ortaq infrastruktur layihələrinin maliyyələşdirilməsində birgə istifadənin təmin edilməsi;
- Üzv ölkələr arasındakı ticarətdə milli pul vahidləri ilə ticarətin payının artırılması;
- Biznes dairələri arasında səmərəli qarşılıqlı əlaqənin təşviq edilməsi, strateji tərəfdaşlıqların qurulması, dövlət-özəl tərəfdaşlığı sahəsində birgə əməkdaşlığın edilməsi və biznes inkubator şəbəkəsinin genişləndirilməsi;
- Yeni ortaq turizm layihələri yolu ilə qədim İpək Yolu boyunca turizm marşrutlarının çeşidləndirilməsi;
- Turizm, kənd təsərrüfatı və qida təhlükəsizliyi, səhiyyə və müdafiə sənayesi kimi sahələrdə birgə əməkdaşlığın gücləndirilməsi;
- Azərbaycanın işğaldan azad edilmiş ərzilərində yenidənqurma və yenidən inteqrasiya fəaliyyətlərinə dəstək verilməsi;
- Qazaxıstanda Türk Dövlətləri Təşkilatı üzvləri üçün “TURANSEZ” xüsusi iqtisadi zonasının inkişaf etdirilməsi;
- Təbii fəlakətlər, o cümlədən də quraqlıqla birgə mübarizənin təmin edilməsi;
- Qlobal inkişaf hədəflərinə töhfələrin artırılması, dünyanın inkişafdan geri qalmış bölgələrinə dəstək məqsədilə birgə fəaliyyət göstərilməsi.
HAŞİYƏ- Türk Dövlətləri Təşkilatına daxil olan 5 ölkənin toplam ərazisi 4milyon 823 min kvadrat kilometr təşkil edir. Əhalinin sayı təxminən 180 milyon nəfərdir. Bu beş Türk dövlətin toplam ticarət dövriyyəsi 1 trilyon dollara yaxındır. Bütün dünyada türk kökənli insanların sayı 300 milyondan yuxarıdır. Türk dövlətlərinin zəngin yerüstü və yeraltı sərvətləri, bütün dünyanın marağında olduğu mühüm təbii qaz və neft yataqları, demoqrafik göstəricilərin pozitiv dinamikası, türk insanının zəhmətkeşliyi, yaradıcı təfəkkürü, döyüşkən ruhu, əcdadlardan miras qalmış mədəniyyəti, dövlət, vətən və bayraq sevdası XXI əsrin gerçəkdən də “TÜRK ƏSRİ” olacağına ümidlə, inamla baxmağı ehtiva edir. Türk Dövlətləri Təşkilatı barədə bir kitab üzərində işlədiyimdən, bu təşkilatın gələcəkdə dünya düzənində sahib ola biləcəyi mövqe barəsində və qarşıda dayanaq əngəllər haqqında burada yazmaq fikrində deyiləm. Sadəcə, onu qeyd etmək istəyirəm ki, Türk Dövlətlər Təşkilatının gələcək nəsillərin hüzur içində, İNSAN kimi yaşamını təmin edən bir quruma çevrilməsi üçün o təşkilatda təmsil olunan hər bir dövlət bütün potensial imkanlarını ortaya qoymalıdır. Gələcək nəsillər üçün və tarix üçün bu addım atılmalıdır. Yazmışdım, bir də yazıram, 2011-ci ilin iyulunda Ermənistan prezidenti Serj Sarkisyana erməni dili və ədəbiyyatı müsabiqəsində şagirdlərdən biri “Ararat dağı ilə birlikdə qərb torpaqlarımızı da geri ala biləcəyikmi?” sualını ünvanladı. Daşnak S. Sarkisyan “Biz Qarabağı aldıq, Araratı sizə buraxırıq” deyərək, erməni gənclərinin qarşısına Ağrını Ermənistan ərazisinə birləşdirməyi məqsəd qoydu. Türkiyə və Azərbaycan Dövləti 44 günlük Zəfər savaşında diz çökdürülmüş Ermənistanın gələcəkdə bir daha torpaq iddiasına düşməməsi üçün, erməni daşnaklarının katalizatorluğuna görə qardaşı olan Mehset türkləri ilə qanlı savaşa girən özbəklərin Dövləti dostu düşməndən ayırmaq üçün, Moskva, Sankt Peterburq və digər şəhərlərində süpürgəçilik edən vətəndaşlarını bu aşağılamadan xilas etmək üçün Türk Dövlətləri Təşkilatının güclənməsi naminə əlindən gələni etməlidir. Qırğızstan və Türkmənistan Dövləti Kremlin, Vaşinqtonun kuklası olmamaq üçün, vətəndaşlarının əcnəbi ölkələrdə ikinci sort insan halına düşməməsi üçün Türk Dövlətləri Təşkilatına var gücü ilə dəstək verməlidir. Qazaxıstan Dövləti öz potensialını öz vətəndaşlarının rifahına sərf etmək və Kremlin boyunduruğundan tam olaraq xilas olmaq üçün Türk Dövlətləri Təşkilatının bu gün dünyanı idarəedən gücləırlə bir sırada dayanmasından yana çalışmalıdır. Nəhayət, bütün Türk Dövlətləri öz vətəndaşlarının kütləvi şəkildə alverə qurşanmasının qarşısını almaq, onlara “gücün alverdə yox, elmdə olduğunu” aşılamaq, milli şüuru formalaşdırmaq, elmi biliklərə yiyələnmək, Harvard və Oksford tipli universitetlər açmaq üçün Türk Dövlətləri Təşkilatının əbədi yaşamasını təmin etməlidir. Rusiya Federasiyasının tərkibində Tatarıstan, Başqırdıstan, Çuvaşıstan, Saxa (Yakutiya), Tıva, Xakasiya, Altay Respublikaları və Taymır (Dolqan-Nen) milli mahalı, Çin Xalq Respublikasının tərkibində Sintzyan-Uyğur Muxtar Rayonu, Moldovanın tərkibində Qaqauziya Muxtar Respublikası var və o məkanlarda yaşayan cümlə türklərin arxasında dayanmalıdır Türk Dövlətləri Təşkilatı. Türkün qüdrəti və istikbalı özünüdərkdən keçir. Bu baş verdisə, bütün dünya Türklə hesablaşmaq zorunda qalacaq...
DÖVLƏTİN BEYNƏLXALQ ƏLAQƏLƏRİ
Sovetlər dövründə ittifaqın bir parçası olaraq Azərbaycan müstəqil xarici siyasət yürütmək iqtidarında deyildi. Xarici siyasətin konturları Kremldə müəyyən edildiyindən Azərbaycan nə dilimiz və dinimiz bir olan Türkiyə ilə, nə də, milyonlarla soydaşımızın yaşadığı İranla əlaqələr yarada bilmirdi.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından sonra respublikadan xaricə axının miqyası xeyli azalsa da, demokratik respublikanın süqutu tamamilə yeni bir situasiya formalaşdırdı. Xalq Cümhuriyyətinin qurucularının və tərəfdarlarının bolşeviklər tərəfindən ciddi təzyiqlərə və təqiblərə məruz qalması onları ölkəni tərk etmək məcburiyyətində qoydu. Təsadüfi deyil ki, bu dövr azərbaycanlıların xaricə axınının ən kütləvi miqyasda təzahür etdiyi mərhələlərdən birini təşkil edirdi.
1949-cu il fevralın 1-də Türkiyənin Ankara şəhərində "Azərbaycan Kültür Dərnəyi"nin təsis edilməsi dünyada Azərbaycan diasporunun təşkilatlanması sahəsində ilk addım oldu. 1956-cı ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli təhlükəsizlik naziri işləmiş Nağı bəy Şeyxzamanlının oğlu Saleh bəy Şeyxzamanlı ABŞ-da "Amerikanın Azərbaycan cəmiyyəti"ni təsis etdi. Bu faktlar Azərbaycan diasporunun tarixində təşkilatlanma mərhələsinin məhz ötən əsrin ortalarından başladığını söyləməyə əsas verir. Həmin dövrə qədər soydaşlarımızı birləşdirən icma və birliklərin yaradılması ilə bağlı hər hansı fakta təsadüf olunmur.
SSRİ dövründə müttəfiq respublikalara sadəcə, xarici ölkələrlə mədəni əlaqələr qurmaq üçün bəzi qurumlar yaratmağa izn verilmişdi. Bu iznə rəğmən 1946-cı ildə Bakıda Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti yaradıldı. Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) xüsusi nəzarəti altında fəaliyyət göstərən qurumun əsas məqsədi xaricdə yaşayan azərbaycanlıların, xüsusilə də ziyalı təbəqəsinin Azərbaycanla əlaqəsinin qurulması idi. Cəmiyyət xaricdə yaşayan azərbaycanlılarla sıx əlaqələrin qurulması və Azərbaycan diasporunun yaranması istiqamətində mühüm rolu oynadı. Həmin illərdə Azərbaycan diasporunun formalaşmasında Azərbaycan ziyalılarının böyük fəaliyyəti oldu. Sovet rejimin ən sərt qaydalarının hökm sürdüyü vaxtlarda belə xaricdə yaşayan soydaşlarımız Azərbaycanla əlaqələrini davam etdirirdi.
Görülən işlərin ictimailəşdirilməsi üçün 1960-cı ildən cəmiyyətin nəzdində "Vətənin səsi" adlı qəzet nəşr edilməyə Xarici ölkələrdə yaşayan azərbaycanlılar üçün nəzərdə tutulan "Vətənin səsi" qəzetinin əsas səhifələrində milli təbliğat başlıca yer tuturdu. Bu qəzet vasitəsilə qürbət ellərdəki həmvətənlərə tarixi Azərbaycanda gedən mədəni, sosial proseslər haqqında məlumatlar çatdırılırdı.
Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti təkcə sosialist düşərgəsinə daxil olan ölkələrlə deyil, məhdud səlahiyyətləri çərçivəsində bir sıra xarici ölkələrlə də mədəni əlaqələr qurmağa nail oldu. Onlardan bir neçəsini xatırlatmağa dəyər:
1. 1960-cı ildə cəmiyyətin Azərbaycan–Hindistan şöbəsinin yaradılması iki ölkə arasında mədəni əməkdaşlığın vüsətinə yeni təkan verdi. Azərbaycan–Hindistan mədəni əməkdaşlığı sahəsində xüsusi təşkilat və qurumların yaradılması bu istiqamət üzrə fəaliyyətin planlı, ardıcıl və sistemli şəkildə qurulmasına əlverişli şərait yaratdı. Mədəniyyət, elm-təhsilin bütün istiqamətləri üzrə əlaqələr əməkdaşlıq səviyyəsində davam etdirildi.
2. 1961-ci ilin fevralında Çin Xalq Respublikası nümayəndələrinin Bakıya üç günlük səfəri Azərbaycan–Çin mədəni əlaqələrinin inkişafına əhəmiyyətli şəkildə təsir göstərdi. Bu səfər zamanı Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində bu cəmiyyətin, eləcə də Sovet–Çin dostluğu Cəmiyyətinin Azərbaycan şöbəsi idarə heyətinin üzvləri ilə ÇXR-dan qonaq gəlmiş nümayəndələri arasında mədəni əlaqələrin inkişaf perspektivləri də müzakirə olundu.
3. 1962-ci ilin oktyabrında "Sovet Azərbaycanının Xarici Ölkələrlə Mədəni Əlaqələr Cəmiyyəti"nin xətti ilə Mirzə Fətəli Axundovun anadan olmasının 150 illik yubileyində iştirak etmək üçün dəvət alan görkəmli İran alimi, professor Səid Nəfisi Tehrana qayıtdıqdan sonra "Pəyami Nəvin" jurnalında yubiley haqqında təəssüratları barədə bir məqalə yazdı. Müəllif Azərbaycan alimlərinin İran mədəniyyətinə, elminə olan maraqğını etiraf edərək yazırdı: "Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun alimlərinin çoxu (qadın və kişi) İran tarixi üzərində də ciddi məşğul olur və elmi tədqiqat işləri aparırlar. Bu barədə çoxlu maraqlı əsərlər yazılmış və tərcümə edilmişdir. O cümlədən, mənim "Babək Xürrəmdin" əsərimi də tərcümə etmişlər." Müəllif məqaləsində Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində fars dilinin tədrisinini yüksək səviyyəsindən də ürək dolusu danışaraq iranlılara Azərbaycan ölkəsinin mədəni əlaqələr sahəsindəki nailiyyətlərini təbliğ edird.
4. 1971-ci il dekabrın 28-də İraq nümayəndə heyəti Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində Azərbaycanın elm və mədəniyyət xadimləri ilə səmimi görüş keçirilmiş və bir-birinin işləri, fəaliyyətləri ilə yaxından tanış olduqdan sonra mədəni əlaqələrin bütün mədəni istiqamətlər üzrə inkişafı, möhkəmləndirilməsinin vacibliyi vurğulamışdı.[11] Bundan sonra Dövlət və rəsmi ictimai təşkilatların rəsmi əməkdaşlıq protokol razılaşmaları əsasında Azərbaycan-İraq mədəni əlaqələri prosesində keyfiyyətcə yeni bir inkişaf mərhələsi başladı
5. 1981-ci ilin mart ayında Cəmiyyətin xətti ilə Türkiyədə Azərbaycan tarixi və ədəbiyyatından dərs deyən müəllimlər Azərbaycana səfər etdi. Azərbaycan mənbələri əsasında araşdırma aparan Ərzurum Universitetinin müəllimi, Azərbaycan ədəbiyyatından dərs deyən və Mirzə Fətəli Axundovun əsərlərini türk dilinə çevirən Ali Yavuz Akpınar Azərbaycan ədəbiyyatı haqqında bir kitab yazdı.
Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi olarkən SSRİ-nin 50-dən çox böyük şəhərinin 170-dən artıq ali təhsil ocağında elm, iqtisadiyyat, mədəniyyət, istehsalat və digər sahələrini əhatə edən və ən zəruri ehtiyac duyulan 250-dən artıq ixtisas üzrə 15 mindən çox azərbaycanlı gənc təhsil almış və yüksək ixtisaslara yiyələnmişdir. Əlbəttə, bu kadrların bir çoxu yenidən Azərbaycana qayıtsa da, bir qismi təhsil aldıqları şəhərlərdə yaşamaq qərarı verdi. Bu gün dünyanın 5 qitəsindəki ölkələrdə ( Azərbaycan və İran istisna olmaqla) 10 milyon soydaşıməız yaşayır. ABŞ-da 1 miyona, Almaniyada 300 minə, Kanadada 200 minə, Fransada, Rusiyada 2 milyona yaxın azərbaycanlı yaşayır. Fəqət adı çəkilən ölkələrdə fəaliyyət göstərən diaspora cəmiyyətlərinin heç birinin vətəndaşı olduqları dövlətə təsir gücü yoxdur. Nədən ki, Azərbaycandan kənarda yaşayan həmvətənlərimiz birlik nümayiş etdirərək mütəşəkkil qaydada fəaliyyət göstərə bilmir. Bunu müxtəlif səbəbləri var. Ən birinci səbəb isə biri-birimizi həzm etməməyimizdir. Bu “həzmetməmə” biri-birimizə qənim kəsilməklə müşayitə olunur. Millət olaraq ən böyük, ən ciddi naqisliyimizdir, bu.
HAŞİYƏ- Birlik yaratmağa nail olmadığımız barədə müxtəlif illərdə mətbuatda məqalələrlə çıxış etdim. Biri-birimizə “qənim kəsilməyimizin” səbəblərini araşdırdım. Rusiya Federasiyasında yaşayan soydaşlarımızın xüsusilə biri-birinə aqressiv münasibətdə olması çox ağırdır. Qeyri-rəsmi statistikaya görə 2 milyona yaxın azərbaycanlının Rusiyada yaşadığı iddia edilir. Bu sətirləri oxuyan hər kəsin Rusiya Federasiyasında daimi yaşayan yaxud qasterbayterlik edən ya, bir qohumu, ya da, dostu var. İndi oxuyacaqlarınızı onlarla da müzakirə edin. Azərbaycanda 5 mindən artıq yaşayış məntəqəsi var və o yaşayış məntəqələrinin böyük əksəriyyətinə Rusiyada qətlə yetirilmiş həmvətənlərimizin tabutu gətirilib. Kənd var ki, Rusiyadan bir yox, bir neçə tabut gəlib. Kim qətlə yetirir Rusiyada soydaşlarımızı? Soruşun, Rusiyada yaşayan qohum-qardaşınızdan, dost tanışınızdan bunu. Alacağınız cavab bir olacaq. ÖZÜMÜZ!
Əgər özümüz özümüzü öldürürüksə hansı birlikdən, hansı vətən və dövlət təəssübündən, hansı diasporadan danışmaq mümkündür? Bu “qardaş qırğınının” səbəbi nədir? Bunun da cavabını o ölkədə yaşayanlardan xəbər alın.
Rusiyada yaşayan soydaşlarımızsiyasi motivlərə görə, yaxud qan-düşmənçiliyinə rəğmən düşmənçilik etmir. Motiv yalnız və yalnız şəxsi mənfəətdir. Doğrudur, son illər həmvətənlərimizin “qardaş qırğınında” səngimə hiss olunur. (Buna Böyük Zəfərin təsiri şübhəsizdir.) Ancaq vətəndaş həmrəyliyi istiqamətində aidiyyatlı dövlət qurumlarınəın yarıtmaz fəaliyyətinə rəğmən problemin kökündən həlli üçün uzun zamana ehtiyac olduğu görünür.
Rusiyada iki, ABŞ-da1 milyona yaxın soydaşımız yaşayır və Azərbaycanın bu iki nəhəng ölkədə güclü bir diasporaya sahib olması Dövlətin tam yararınadır.
Avropa qitəsindəki soydaşlarımızın sayı bir milyon nəfərə yaxınlaşmaqdadır. Ayrı-ayrı Avropa şəhərlərində diaspora təşkilatlarımız mövcuddur. Ancaq o təşkilatlarda cərəyan edən anormallıqlar-bölünmə, ikitirəlik və sair pozitiv fəaliyyətin qarşısında dayanan ən böyük əngəldir. Bir neçə il öncə Avropanın üç ölkəsində diaspora qurumlarımızın toplantılarında iştirak etmişəm və orada gördüyüm iyrəncliklər ürəkağrıdıcı bir mənzərə idi. Əgər Rusiya Federasiyasında həmvətənlərimiz yalnız “mənfət müharibəsinə” cəlb olunmuşlarsa, Avropada siyasi motivlər önə çıxmaqdadır. Və bu nüans birliyə ciddi ziyan vurur. Bu gün Azərbaycanın Rusiya və ABŞ-la yanaşı Avropada güclü bir diaspora təşkilatı yaratmasına ehtiyacı var. Avropa qitəsində Şərqi və Qərbi Avropa diaspora cəmiyyətlərinin yaradılması və bu qurumlara siyasi baxışları bir kənara qoyub bütün soydaşlarımızın cəlb olunması istiqamətində fəaliyyətə keçilməlidir. Tarixdən ibrət götürüb nəticə çıxarmamız lazımdır.

Bütün dövlətlərin xarici siyasətdə nəzərdə tutduğu hədəflərə çatmaq üçün strateji və cari fəaliyyət proqramları olur. Strateji proqram dövlətin resurslarına rəğmən hazırlanır. Strateji və cari fəaliyyət proqramları hazırlanarkən konkret məqsədlər hədəflənir. Təbii ki, strateji proqramda ilk olaraq suverenliyin qorunması, ərazi bütövlüyü və suveren hüquqlarının təmin edilməsi, ölkə vətəndaşlarının demokratik və firavan həyatının təmini nəzərdə tutulur.
Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra tam olaraq müstəqil xarici siyasət gerçəkləşdirməyə başladı. Bu siyasətdə Dövlətin və dövlətçiliyin sağlam təməl üzərində qurulub inkişaf etdirilməsi və milli mənafelər önə çəkildi. Dövlət öz xarici siyasətini müəyyən edərkən qarşısına aşağıdakı vəzifələri qoydu:
1. Ölkənin müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü, təhlükəsizliyini qorumaq və bunları beynəlxalq təhlükəsizlik sistemi ilə əlaqələndirmək.
2. Mənafeyi Azərbaycanın milli maraqları ilə həmçinin dövlətçilik maraqları ilə uyğun gələn ölkələrlə daha sıx əməkdaşlıq, müttəfiqlik etmək. Bu imkanlardan istifadə edərək beynəlxalq sistemdə mövqeyini bərkitmək.
3. Regionda baş vermiş hər hansı bir gərginliyin və ya münaqişələrin aradan qaldırılmasına səy göstərmək.
4. Xalqın mənafeyinə uyğun xarici iqtisadi siyasət yeritmək, ölkə iqtisadiyyatını beynəlxalq iqtisadi sistemdə təmsil etmək.
5. Xarici ölkələrlə elmi, mədəni, humanitar əlaqələr qurmaq və bu kimi təşkilatlarda fəal iştirak etmək...
Bu gün Azərbaycan müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatlarla, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və bir sıra nüfuzlu təşkilatlara əməkdaşlıq edir. Azərbaycan Respublikası həmçinin GUAM regional qrupunun təsisçilərindən biridir. Azərbaycan 26 may 2011-ci il tarixində İndoneziyanın Bali adasında keçirilən toplantıda Qoşulmama Hərəkatının üzvü oldu.
Bakı 25-26 oktyabr 2019-cu il tarixində Qoşilmama Hərəkatının 18-ci dövlət və hökumət başçılarının Zirvə Görüşünə ev sahibliyi etdi. Toplantı Birləşmiş Millətlər Təşkilatının üzvü olan 120 dövlətin və 42 beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə baş tutdu və bu toplantıda Qoşulmama Hərəkatına Sədrlik 2019-2022-ci illər üzrə Azərbaycan Respublikasına keçdi. Bu çox mühüm bir siyasi hadisə idi və Azərbaycan dövlətinin beynəlxalq arenada nüfuzunun göstərici sayıla bilər. Hərəkatın növbəti sədri olacaq Uqandanın sədrliyi 1 il gec təhvil ala biləcəyini ifadə etməsindən sonra, QH üzv dövlətləri, Hərəkata uğurlu sədrliyini nəzərə alaraq Azərbaycanın əlavə 1 il müddətinə Hərəkata sədrlik etməsi ilə bağlı ölkəmizə müraciət etmiş, Azərbaycan tərəfi də Hərəkatın fundamental prinsiplərinə və dəyərlərinə olan sadiqliyini və mürəkkəb dövrdə Hərəkata səmərəli sədrliklə bağlı qazandığı dəyərli təcrübəni nəzərə alaraq, bu müraciətə müsbət cavab vermişdir. Beləliklə, Azərbaycanın QH-yə sədrliyi 2023-cü ilə qədər uzadılmışdır.
Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosu 4 aprel 2020-ci il tarixində “Azərbaycan Respublikasının işğal altındakı ərazilərində keçirilmiş qondarma “seçkilər”lə bağlı Kommunike” qəbul etdi. Kommunikedə Hərəkata üzv dövlətlərin 31 mart 2020-ci il tarixində Azərbaycan Respublikasının işğal altında olan Dağlıq Qarabağ bölgəsində keçirilmiş qondarma “prezident və parlament seçkiləri”ni tanımadıqları və bu aktı qeyri-qanuni hesab etdikləri bəyan edildi. QH üzv dövlətlərin QH-nin Bakı Zirvə Görüşünün yekun sənədinin 662-ci bəndinə istinad edərək, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə, eləcə də Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri əsasında həllinə dair dəstəklərini bir daha ifadə etdi...
Son zamanlar Azərbaycanın BRİKS və ŞƏT-lə münasibətləri aktuallaşıb.
BRİKS təşkilatını Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respub¬likası 2006-cı ildə yaratmışlar. İndi İran, Misir, Efiopiya və Birləşmiş Ərəb Əmirlikləri də bu təşkilatın üzvüdür. Əsas məqsədi iqtisadi əməkdaşlıqdır. Fəaliyyət prinsip¬ləri sırasına qarşılıqlı faydalı əməkdaşlıq, bir-birinin daxili işlərinə qarışmamaq və bərabər hüquqluluqdur.
Bu təşkilatın yaradılmasının kökün¬də dünya siyasətində Qərbin birtərəfli və ədalətsiz mövqe tutması dayanır. BRİKS üzvləri alternativ, lakin ədalətli geosiya¬si güc formalaşdırmaq məqsədindədir. Təşkilat kifayət qədər geniş əraziyə, iqtisa¬di gücə və maliyyəyə malikdir.
ŞƏT (Şanxay Əməkdaşlıq Təşkilatı) isə 2001-ci ildə yaradılıb. Bu təşkilata Çin, Rusiya, Qazaxıstan, Taci¬kistan, Qırğızıstan və Özbəkistan təmsil olunur. 2017-ci ildə Hindistan və Pakistan təşkilata üzv qəbul olundu. 2022-ci ildə İran, 2024-cü ildə isə Belarus bu təşkilatın üzvü oldu və hazırda ŞƏT-in 10 üzvü vardır. Şanxay Əməkdaşlıq Təşkilatı Avrasiya ərazisinin 65 faizini təşkil edir. Ərazinin ümumi sahəsi 35 milyon kvadratkilometrdir. Burada 3,5 milyard civarında əhali yaşayır.
Ümumiyyətlə, Azərbaycan Respublikasının 183 xarici ölkə ilə diplomatik əlaqələri qurulmuşdur. Azərbaycanın 59 ölkədə səfirliyi, 9 şəhərdə baş konsulluğu, 17 ölkədə fəxri konsulluğu fəaliyyət göstərir. Azərbaycanın 19 beynəlxalq təşkilat yanında nümayəndəliyi mövcuddur. Eyni zamanda, Azərbaycanda 66 ölkənin səfirliyi və 3 ölkənin 4 baş konsulluğu, 13 ölkənin fəxri konsulluğu ilə yanaşı Bakıda 21 beynəlxalq təşkilatın nümayəndəliyi fəaliyyət göstərir.
Bu gün Azərbaycanın 1000-ə yaxın diplomatı ölkə daxilində və xarici dövlətlərdə, beynəlxalq və regional təşkilatlarda təmsil olunur. Və onların Azərbaycanın xarici ölkələrlə ikitərəfli iqtisadi-siyasi münasibətlərinin intensiv inkişafında mühüm rolu var. Düzgün müəyyən edilmiş xarici siyasət kursunun nəticələri statistik rəqəmlərdə özünü daha da aydın göstərir. 2024-cü ildə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 180 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 122 ölkəyə məhsul ixrac olunmuş, 170 ölkədən isə idxal olunmuşdur.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2024-cü ildə ölkənin xarici ticarət dövriyyəsi 47 milyard 396 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 26 milyard 338 milyon dollarını və ya 55,6 faizini ölkədən ixrac olunmuş məhsulların, 21milyard 058 milyon dollarını (44,4 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 5milyard 280 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2023-cü illə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 1,3 faiz artmış, real ifadədə 3,5 faiz, o cümlədən ixrac 7,4 faiz azalmış, idxal isə 3,1 faiz artım baş vermişdir.
Statistikaya əsasən ölkənin xarici ticarət dövriyyəsinin 23,9 faizi İtaliya, 12,9 faizi Türkiyə, 10,1 faizi Rusiya, 7,9 faizi Çin, 3,7 faizi ABŞ, 3,4 faizi Almaniya, 3,1 faizi Avstraliya, 2,4 faizi Çexiya, 2,0 faizi Hindistan, 1,8 faizi Xorvatiya, 1,7 faizi Gürcüstan, 1,6 faizi İsrail, 1,5 faizi Bolqarıstan, hər biri 1,4 faiz olmaqla Yunanıstan, Birləşmiş Krallıq, İran və Portuqaliya, 1,2 faizi Rumıniya, 1,1 faizi Belarus, hər biri 1,0 faiz olmaqla Qazaxıstan, İsveçrə və Ukrayna, 13,1 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşmüşdür...
33 il ərzində xarici siyasətdə Dövlətin qarşısına qoyduğu hədəflərə çatması kimsədə şübhə doğura bilməz. Heç bir xarici dövlətin ərazisinə göz dikmədən, daxili işlərinə qarışmadan, ən əsası öz suverenliyinə xətər gətirmədən və zərrə qədər milli maraqların ziddinə getmədən ikitərəfli əlaqələrin qurulması Azərbaycanın dövlət olaraq oturuşmasında, təşəkkül tapmasında, beynəlxalq aləmdə nüfuzlu tərəfdaşa çevrilməsində əlahiddə rol oynadı. Məhz düzgün istiqamət götürmüş xarici siyasət sayəsində iqtisadi inkişaf reallığa çevrilə bilər. Azərbaycanın bu günkü iqtisadi tərəqqisinin təməlində düzgün ölçülüb-biçilmiş xarici siyasət dayanır. Və bu siyasətin gerçəkləşməsində Prezident İlham Əliyevin xidməti danılmazdır...

"TƏŞƏBBÜS" VƏTƏNDAŞ PLATFORMASI

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Избранный
57
Demokratikmusavat.com

1Источники