RU

Pambıq bitkisi gövdəsindən kağız istehsal ediləcək

Bakı, 5 mart, AZƏRTAC

Rusiyada pambıqdan kağız istehsalı texnologiyası hazırlanıb. AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu metod kənd təsərrüfatı ölkələrində bitki gövdələrinin utilizasiyası və kağız sənayesi üçün xammal çatışmazlığı problemini həll edəcək.

Rusiya mediası yazır ki, Arxangelsk şəhərindəki Şimal-Arktika Federal Universitetinin (NArFU) aspirantı İsmayıl Sodikov pambıq bitkisi gövdəsindən kağız istehsalı texnologiyasını işləyib hazırlayıb. O, tədqiqat üçün xammalı vətənindən - Özbəkistandan gətirib.

Pambıq bitkisi gövdəsindən kağız istehsalı kənd təsərrüfatı ölkələrində bitki gövdələrinin utilizasiyası problemini və kağız sənayesi üçün xammal çatışmazlığını həll edəcək. Aspirantın tədqiqatı NArFU-nun “Şimal bioresurslarının emalı üçün müasir texnologiyalar” innovasiya və texnologiya mərkəzinin yeni xammal növlərinin axtarışı, habelə kağız və karton istehsalı üçün materialların alınması texnologiyalarının işlənib hazırlanması üzrə daha geniş səylərinin bir hissəsidir.

Yeni texnologiyanın müəllifi qeyd edib: “Sovet İttifaqında birillik bitkilərdən kiçik miqyasda lif istehsalı praktikası mövcud idi. Həştərxanda qamışdan ağac lifli lövhələr hazırlayan zavod fəaliyyət göstərirdi və bu tikinti materialına yerli bazarda tələbat var idi. İndi biz köhnə ideyaları canlandırır, onları yeni şəraitə çeviririk. Çünki yeni avadanlıq və kimyəvi maddələr yaranıb, ekoloji qanunvericiliyin tələbləri daha da sərtləşib, müasir materiallara tələbat artıb”.

Избранный
35
1
azertag.az

2Источники